top of page

Şərqdə və Türk dünyasında ilk qadın elmlər doktoru, professor

  • setm63
  • 8 окт.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Əhmədova Şaqibə İsmayıl qızı

ree

Əhmədova Şaqibə İsmayıl qızı 25 sentyabr 1925-ci ildə Gəncə şəhərində anadan olub. Onun atası İsmayıl Qayıbov Qori Müəllimlər Seminariyasını bitirib, Üzeyir Hacıbəyli və Müslim Maqomayev kimi dahilərlə tələbə yoldaşı olub. Daha sonra dövrünün sayılıb-seçilən ziyalılarından biri kimi pedaqoji fəaliyyət göstərib. Anası Firuzə xanım isə Lenin ordeni ilə təltif edilən Əməkdar müəllim olub.

 

Şaqibə xanımın ailəsində təəssüf ki, faciələr də az olmayıb. Qardaşı, tanınmış tarzən Zərif Qayıbov, cəmi 23 yaşında – 1943-cü ildə dünyasını dəyişib. Digər qardaşı, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 3-cü kurs tələbəsi olan Nazir Qayıbov, könüllü olaraq Böyük Vətən Müharibəsinə yollanır. Beş dəfə yaralanandan sonra onun haqqında “həlak olub” xəbəri gəlir. Lakin Şaqibə xanım bu xəbərə inanmır və uzun illər qardaşının sağ olduğuna ümid edir.

 

1943-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə qəbul olunan Şaqibə xanım, yüksək nəticələr göstərdiyinə görə 3-cü kursdan Moskva Zoobaytarlıq İnstitutuna göndərilir. Onun Moskvaya gedişi yalnız təhsil məqsədi ilə deyil, həm də itkin düşmüş qardaşını axtarmaq arzusu ilə bağlı idi. Şaqibə xanım təhsil ala-ala qardaşının sorağı ilə gəzir. Nəhayət, 1948-ci ildə onun doğrudan da həlak olduğu və o vaxtkı Çexoslovakiyada dəfn edildiyi məlum olur.


Ş.Əhmədova 1948-ci ildə Moskva Baytarlıq Akademiyasının aspiranturasına daxil olub və akademik İ.K. Skryabinin rəhbərliyi altında namizədlik dissertasiyası üzərində çalışaraq 1952-ci ildə dissertasiyanı uğurla müdafiə edib. Bundan sonra o, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əmək fəaliyyətinə başlayıb, əvvəlcə parazitologiya kafedrasında assistent, 1956-cı ildən isə mikrobiologiya, baytarlıq ekspertizası və parazitologiya kafedrasında müəllim işləyib.


Moskvada təhsil illərində tanış olub ailə qurduğu Əmir Əhmədov da görkəmli alim idi. Onların ixtisasları da, peşəyə olan sevgiləri də ortaq idi. Bu elmi və mənəvi birlik gözəl bir ailəyə çevrilmişdi. Dörd övladları dünyaya gələn Əhmədovların ailə həyatı sevgi və qarşılıqlı hörmət üzərində qurulmuşdu. Dördüncü övladları yeni doğulduğu vaxt Əmir bəyə Səmərqənddən iş təklifi gəlir. O, 1961-ci ildə Səmərqənd şəhərinə köçüb və V.V. Kuybışev adına Səmərqənd Kooperativ İnstitutunda (indiki Səmərqənd İqtisadiyyat və Servis İnstitutu) “Məhsulların ekspertizası” və “Mikrobiologiya” kafedralarında dosent, daha sonra isə professor vəzifələrində çalışıb. O, sözügedən ali təhsil müəssisəndə 1965-ci ildə “Mikrobiologiya və qidalanma fiziologiyası” kafedrasını açıb və onun ilk rəhbəri olub. Şaqibə Əhmədova 1967-ci ildə sözügedən institutun elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib.


Şaqibə Əhmədova 1965-ci ilin iyun ayında “Ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasının bioloji-bakterioloji əsaslandırılması (bağırsaq çöpləri üzərində)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək 1965-ci il dekabrın 18-də Leninqrad (Sankt-Peterburq) Baytarlıq İnstitutunun Elmi Şurasının qərarı ilə baytarlıq elmləri sahəsində Şərqdə ilk qadın elmlər doktoru elmi dərəcəsini alıb.


Görkəmli alim Səmərqənd şəhərində iki çağırış ardıcıl olaraq şəhər Sovetinin deputatı seçilib. Bu illər ərzində o, yalnız elmi və pedaqoji fəaliyyəti ilə deyil, həm də ictimai işlərdə fəallığı ilə fərqlənib.


O, 1970-сi ildə Azərbaycana qayıdıb və 1984-cü ilə qədər Bakı Dövlət Universitetində onurğasızlar zoologiyası kafedrasının professoru vəzifəsində çalışıb.


1990-cı ildə həyat yoldaşı Əmir bəyi, az sonra isə qardaşı – Azərbaycanın ilk Baş prokuroru İsmət Qayıbovu faciəvi vertolyot qəzasında itirir. Bu ağır itkilərə baxmayaraq, Şaqibə xanım həyat mübarizəsini dayandırmır və sonadək elmi fəaliyyətini davam etdirir.


90-a yaxın elmi əsərin müəllifi olan Şaqibə Əhmədova 2015-ci ildə Bakı şəhərində vəfat edib.

 
 
Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page