top of page

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal qazanıb

  • setm63
  • 1 день назад
  • 2 мин. чтения

Antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Araz Şadmanzadə Avstraliyanın Sidney şəhərində keçirilən IMEC Beynəlxalq Riyaziyyat Olimpiadasında 1-ci yerə layiq görülərək qızıl medal qazanıb.

O, 64 nəfər arasında qızıl medal alaraq 1 saatlıq yarışmanı 18 dəqiqə 22 saniyəyə bitirib. Bu gün Araz və anası Gülşən xanım Azərbaycana geri dönüblər.

Gülşən Şadmanova oğlunun nailiyyəti ilə bağlı danışıb:


“Araz ilk dəfə ölkə xaricində olimpiadaya qatılırdı. Onun qızıl medal qazanacağını təxmin edirdik. Çünki buna qədər iki qızıl medalı var idi. Əminliklə deyirdi ki, ana, qızıl medal qazanacağam. Dünya birincisi olacağını isə düzünü desəm, gözləmirdik. 1 saatlıq imtahanda ingilis dilində verilən 25 sualın hamısına 18 dəqiqə ərzində düz cavab yazdı. Göz yaşlarımı saxlaya bilmirdim.

Arazın dünyada 7-8 dəfə qalib olan çox güclü rəqibləri var idi. Həmin şagirdlər ingilis dilində təhsil almışdılar. Azərbaycana birinciliyi Araz gətirdi.


Olimpiadada ingilis dili və riyaziyyat üzrə Azərbaycandan 9 şagird Sidneyə getmişdi. Onlar 3-ü qızıl olmaqla 10 medalla vətənə geri döndülər.

Mən Avstraliyada 50 min erməninin yaşadığını biləndə qalibiyyətimizi sosiallaşdırdım. Göstərdik ki, biz düşməndən hər cür qisasımızı ala bilirik. Arazın atası döyüş meydanında, biz isə dünya arenasında qisas aldıq”.


G. Şadmanova bildirib ki, övladının uğurunu görmək atasının ən böyük arzusu olub:


“Hələ atası sağ olanda Arazı xaricdə olimpiadaya getmək üçün qeydiyyatda səhvə yola vermişdim. Mənim səhvimə görə o zaman gedə bilməmişdi. Oğlum çox məyus olmuşdu. Atası onun başını sığalladı və dedi, “mən əminəm ki, sən yenə qızıl medal qazanacaqsan. Sizi özüm yola salacağam”. Tale elə gətirdi ki, atası şəhid oldu. Atasının arzusu idi ki, Araz xaricdən medal gətirsin. Atasından sonra oğlum dayanmadan çalışdı. Ötən il olimpiadaya qatıldı, qızıl medal qazandı və Sidneyə vəsiqə əldə etdi.

Aprelin 15-də isə Sidneydə atasının arzusunu reallaşdırdı. Orada medalı alıb pilləkənləri düşəndə dedi: “Ana, atamın arzusunu yerinə yetirdim, sənin də arzunu yerinə yetirəcəyəm”. Bakıya qayıdan kimi ilk olaraq Əkrəmin məzarını ziyarət etdik”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 07.11.2023-cü il tarixli sərəncamına əsasən, polkovnik-leytenant Şadmanov Əkrəm Yunus oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page