Üzeyir Hacıbəyovun tələbəsi, Şərqin ilk musiqi təhsilli qadın bəstəkarı
- setm63
- 13 апр.
- 4 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Ağabacı İsmayıl qızı Rzayeva

Ağabacı İsmayıl qızı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda ziyalı ailəsində, məşhur tarzən Mirzə Fərəcin ailəsində anadan olmuşdur. Atası İsmayıl Rzayev ixtisasca iqtisadçı olsa da, muğamların sirlərinə yiyələnmiş, onları tarda ifa etməyi öz atası məşhur tarzən Mirzə Fərəcdən öyrənmişdi. Mirzə Fərəc 6-cı ağ kök simi tara əlavə edir və məşhur tarzən kimi ad-san qazanır.
1920-ci ildə Musiqi Texnikumunda tar sinfi açılanda Üzeyir Hacıbəyli Mirzə Fərəci dərs proqramının tərtib edilməsinə cəlb edir. Mirzə Fərəcin vəfatından sonra nəvəsi Ağabacı onun yolunu davam etdirir və atasından tarda çalmağı öyrənir. O, Azərbaycanın musiqi mədəniyyəti tarixinə istedadlı bəstəkar kimi daxil olur.
Ağabacı Rzayeva Pedaqoji texnikumu bitirərək bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edir. Lakin o, uşaqlıqdan sevdiyi musiqidən heç cür ayrıla bilmirdi. Yaxşı səsi olan qızları başına yığıb xor yaradır, özü də onları tarda müşayiət edirdi.
1934-cü ildə əvvəlcə Konservatoriyanın nəzdində xalq musiqisi şöbəsi təşkil olunarkən Üzeyir bəy Haclbəyov Ağabacı Rzayeva ilə bacısı Ruqiyyəni öz yanına çağırtdırıb və “Qoçaq qızlarsınız, heç kəs öz qızını tar çalmağa qoymur, özümüzünkülər gəlsə, başqaları da baxıb həvəsə düşərlər”, - deyir.
Ağabacı Rzayeva not çalğısı üzrə ali təhsilli tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır. Musiqi-nəzəri fənlərdən isə ona Ü.Hacıbəyov, Ə.Bədəlbəyli və C.Hacıyev dərs deyirlər.
O, Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinfində təhsil alıb və onun ən sevimli tələbələrindən biri olmuşdur.
Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan İncəsənəti dekadasında iştirak edir. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkardır.
Onun bəstələdiyi ilk əsər “Gənc vətənpərvərlər marşı” olub. Lakin bu əsərini Ü.Hacıbəyova göstərməyə heç cür cürət etmirdi. Lakin bunu sevimli müəllimindən uzun müddət gizlədə bilmir. Dahi bəstəkar öz tələbəsinin marş əsərini dinləyib çox məmnun olur və uzaqgörənliklə deyir: “Sən sübut etdin ki, qadın da bəstəkar ola bilər”.
Bu sözlər gənc musiqiçini daha böyük həvəslə işləməyə ruhlandırır və o, Ü.Hacıbəyovun bəstəkarlıq dərslərinə də davam etməyə başlayır. Onun ardınca digər istedadlı qızlar da (Ədilə Hüseynzadə, Hökumə Nəcəfova, Şəfiqə Axundova) bəstəkarlıq sahəsinə gəlirlər.
Ağabacı Rzayevanın özünəməxsus dəst-xətti sənətdə atdığı ilk addımlardan müəyyənləşir. Xalq musiqisinə yaxınlıq, ifadəli melodik üslub, daxili hisslər aləmini səslər vasitəsilə dinləyicilərə çatdırmaq və şerlərin ruhuna həssaslıqla yanaşmaq istəyi, şübhəsiz, Ü.Hacıbəyov sənətinin müsbət təsirinin nəticəsi idi.
N.Rəfibəyli, İ.Səfərli, Ş.Qurbanov, M.Rahim, Z.Cabbarzadə, Z.Xəlil, M.Dilbazi, T.Elçin, M.Araz, T.Mütəllimov və başqalarının şeirləri onun bəstəkar qəlbini ilhamlandırmışdı. Bundan başqa, bəzən Ağabacı Rzayeva özü də şairliyə meyl etmiş, bəzi mahnıları öz sözlərinə bəstələmişdir – “Durna qatarlı qızlar”.
Ü.Hacıbəyov sənətinin güclü təsiri ilə A.Rzayeva Azərbaycan şairlərinin qəzəllərinə bir sıra musiqi yazmışdır – “Könlüm” (Nizami), “Afəti cansan” (Füzuli), “Zülfi pərişan olmasın” (Sabir), 70-ci illərdə isə Nəsiminin 600 illik yubileyi münasibətilə dahi şairin sözlərinə eyni qəbildən olan silsilə əsərlər yaranır (“Gəl, nigarım”, “Bahar oldu”, “Gül açıldı”).
A.Rzayeva başqa həmkarlarından fərqli olaraq, Üzeyir Hacıbəyovun ölümünün ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə “Sənin xatirən” adlı qəzəl-romans yazır və unudulmaz müəlliminin əziz xatirəsini əməli yaradıcılıq işilə anaraq, ona qarşı bəslədiyi səmimi hisslərini ifadə edir.
Böyük Vətən müharibəsi illərində sənətkar “Vətən”, “Partizan oğlu”, “Qəhrəman ananın qəhrəman oğlu”, “Sevgilim əsgər gedir”, “Gözləyəcəyəm, sevgilim” bəstələri ilə doğma Vətənə dərin məhəbbət hisslərini aşılamışdır.
A.Rzayeva öz yaradıcılığının janr diapazonunu genişləndirməyə də can atmışdır. Bu mənada onun musiqili səhnə əsərlərini (“Günəş eşqi”, “Höcət eləmə”), variasiyalarını, iki sonatasını, qaboy, tar və kamança alətləri üçün yazdığı pyesləri, xalq çalğı alətləri üçün “Şənlik” süitasını da qeyd etmək olar.
Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır. Bunun da maraqlı tarixçəsi vardır. Məlum olduğu kimi, “Sənsiz” və “Sevgili canan” klavır şəklində (yəni fortepiano ilə müşayiət olunmaq üçün) bəstələnmişdir. A.Rzayeva bu məşhur qəzəl-romansları Üzeyir bəyin təkidi ilə orkestr üçün işləyir, lakin vokal partiyasını səsdən başqa həm də mülayim tembrli klarnet alətinə həvalə edir. Beləliklə də, bu gözəl alət o vaxtdan orkestrdə öz yerini tutur.
Bəstəkarın yaradıcılığından danışarkən onun dillər əzbəri olmuş bir çox uşaq mahnılarını da mütləq qeyd etmək lazımdır. Həssas qəlbli bir qadın kimi, A.Rzayeva müxtəlif yaşlı uşaqların psixologiyasını çox gözəl tuta bilmiş, mahnılarının böyük bir qismini (60-dan artıq) bizim gələcəyimiz olan yeni nəsil nümayəndələrinə – bağça və məktəb uşaqlarına, gənc və yeniyetmələrə həsr etmişdir. “Kukla”, “Qaranquş”, “Ağ göyərçinim”, “Sabahın ustaları”, “Balaca kapitan”, “Qərənfiləm mən” və s. İlk dəfə Moskvada oxunan “Kukla” mahnısı, xüsusilə ona xalqın böyük sevgisini qazandırıb.
Bəstəkarın əsərlərini Bülbül, R.Behbudov, Ş.Ələkbərova, R.Muradova, G.Məmmədov, F.Mehrəliyeva, M.Salmanov, T.Əliyeva, T.İsmayılova, L.İmanov kimi müğənnilər ifa etmişlər.
Azərbaycan caz-muğam sənətinin əsasını qoymuş unudulmaz pianoçu Vaqif Mustafazadə də zaman-zaman bəstəkarın mahnılarına müraciət etmiş, məsələn, “Ey pəri” və “Evimizə gəlin gəlir” kimi məşhur mahnılarına bənzərsiz möhür vurmuşdur.
O, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf nişanı” ordeni və müxtəlif medallarla təltif olunub. 1960-cı ildə ona “Əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir.
Ağabacı Rzayevanın ölümü çox müəmmalı olmuşdur. Deyilənə görə, 1975-ci ildə sahə poliklinikasından bir zəng gəlir, ölkədə yayılmış hansısa virus əleyhinə hamının peyvənd olunduğunu deyib, onu peyvəndə çağırırlar. Bir gün sonra peyvənd olunub evə qayıdan bəstəkar özünü pis hiss etdiyindən yerinə uzanır və bir daha qalxmır...
Beləcə, Üzeyir bəyin sevimli tələbəsi Ağabacı Rzayeva 1975-ci il iyul ayının 5-də 63 yaşında qəfildən dünyasını dəyişir. Bəstəkar Bakıda, II Fəxri Xiyabanda torpağa tapşırılmışdır.