Ömrü sürgündə keçən, Azərbaycan elminə mühüm töhfələr verən alim
- setm63
- 4 часа назад
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Əhməd Cabbar oğlu Rəcəbli

Əhməd Cabbar oğlu Rəcəbli 1898-ci il sentaybrın 28-də İrəvan şəhərində anadan olub. 1916-ci ildə İrəvan şəhərindəki Klassik Rus Gimnaziyasını gümüş medalla bitirib, Moskva Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub. Rus, italyan, alman, ispan, yunan və fars dilini bilən Əhməd Rəcəbli 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin himayəsi ilə təhsilini İtaliyada davam etdirməyə göndərilib, dörd il Peruca şəhərində Ali Kral Eksperimental Aqrar İnstitutunda təhsil alıb.
1923-ci ildə Bakıya qayıdıb, torpaq komissarlığında işləmək təklifi alıb. Ancaq Ə.Rəcəbli xahiş edib ki, onu Zaqatalaya göndərsinlər, oranın təbiəti, torpağı seleksiya ilə məşğul olmaq üçün olduqca əlverişlidir. Zaqatala mahalında aqronom kimi işləməyə başlayıb. 1930-1936-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dosent, kafedra müdiri kimi çalışıb, respublika torpaq komissarlığında dövlət müşaviri vəzifəsində fəaliyyətini davam etdirib.
1935-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı alıb. Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasında akademik Nikolay Vavilovun rəhbərlik etdiyi subtropik bitkilər bölməsinin üzvü seçilib. 1937-ci ildə namizədlik dissertasiyası müdafiə edib. Elə həmin il də həbs edilib. Əhməd Rəcəbli iyirminci illərdə İtaliyada – ölkə xaricində təhsil alıb və əksinqilabçı damğası ilə Maqadan şəhərinə 8 illik sürgünə göndərilib. Üç il Kolımada, beş il Maqadanda SSRİ Xalq Daxili İşlər Komissarlığının yardımçı təsərrüfatında aqronom işləyib. Burada da peşəsinə sadiq qalan Ə.Rəcəbli yeni pomidor sortları yetişdirib.
1945-ci ildə cəzasını çəkib qurtaran Əhməd Rəcəbli Bakıya qayıdır, Mərkəzi Komitənin birinci katibi M.C.Bağırov onu qəbul edir, səhvən həbs edildiyini bildirir və fəaliyyətini davam etdirməyi tapşırır. Azərbaycanda meyvəçiliyin inkişafı sahəsində aktual mövzular üzərində işləyir. Şirvan, Naxçıvan, Quba, Xaçmaz, Qarabağ bölgələrində yeni meyvə sortları tətbiq edir, konserv sənayesi üçün meyvələr hazırlayır, “Azərbaycanda meyvə bitkilərinin sortları” adlı monoqrafiyasını yazır, Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə dərslik tərtib edir. Lakin 1950-ci ildə yenidən həbs edilir və bu dəfə Cambul şəhərinə (Qazaxıstan) göndərilir, dörd ildən sonra yenidən doğma vətənə qayıdır, yenidən Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutunda ömrünün sonunadək çalışır. 1958-ci ildə o, Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının akademiki, onun bitkiçilik bölməsinin akademik-katibi seçilir.
Maraqlı bir məsələni də qeyd etmək yerinə düşərdi. Seleksiyaçı alim Maqadanda həbs düşərgəsində olarkən bədii yaradıcılıqla məşğul olur, ilk dəfə qürbətdə “Babək” tarixi romanını yazır. Hansısa bir mənbədən, ədəbi qaynaqlardan istifadə etmək imkanından məhrum olmaqla tarixi roman yazmaq bioloq alimin fitri istedadından xəbər verir. Ə.Rəcəblinin romanı “Azərbaycan” jurnalında (2001-ci il, № 9) və “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş, “Nurlan” nəşriyyatında kitab halında nəşr edilmişdir.
Əhməd Rəcəbli 100-dən çox elmi məqalənin və 24 monoqrafiyanın müəllifidir. O, Azərbaycanda ilk dəfə meyvə və dənli bitkilərin xalq seleksiyasının əvvəllər məlum olmayan nadir sortlarını qeydə alıb təsvir etmiş, onların istehsalata tətbiqini tövsiyə etmişdir.
Əhməd Rəcəblinin həyat yoldaşı Fəhimə xanım Mehdibəyova-Rəcəbli də dövrünün tanınmış ziyalısı, alimi, fizika sahəsində ilk elmlər namizədi, çətin həyat sınaqlarına mərdanəliklə dözən ömür-gün yoldaşı, övladları üçün layiqli ana olmuşdur.
Alim 1963-cü ilin dekabrın 15-də Moskvada ürək tutmasından vəfat etmiş və nəşi Bakıya gətirilərək dəfn olunmuşdur.