Ölkəmizdə onkologiya və rentgenologiya sahəsində tanınmış həkim-alim
- setm63
- 8 июн.
- 3 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Rəhim Nurməmməd oğlu Rəhimov

Rəhim Nurməmməd oğlu Rəhimov 18 mart 1923-cü ildə Ordubad şəhərində anadan olmuşdur. Burada 7 illik orta məktəbi bitirdikdən sonra o, 1937-1941-ci illərdə Ordubad Pedaqoji Texnikumunda təhsil almışdır. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olan Rəhim Rəhimov 1945-1950-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində oxumuşdur. O, 1954-1957-ci illərdə Azərbaycan Elmi Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutunun əyani aspirantı olmuşdur.
Rəhim Rəhimov 1950-1951-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Mərkəzi Xəstəxanasında cərrah, 1951-1953-cü illərdə isə Ordubad Rayon Mərkəzi Xəstəxanasında həkim-rentgenoloq işləmişdir. O, 1957-ci ildən 1970-ci ilədək Azərbaycan Elmi Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutunun Rentgen şöbəsinə rəhbərlik etmiş, 1970-1974-cü illərdə Azərbaycan Elmi Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunun direktor müavini, 1974-1989-cu illərdə isə həmin institutun direktoru vəzifələrində çalışmış, 1989-cu ildən ömrünün sonunadək Şüa-diaqnostika üsulları şöbəsinin rəhbəri və Milli Onkologiya Mərkəzinin konsultantı vəzifələrini yerinə yetirmişdir.
Görkəmli elm xadimi və böyük elm təşkilatçısı olan Rəhim Rəhimov 1957-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1970-ci ildə isə professor elmi adına layiq görülmüşdür. O, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Respublikamızda elmin və səhiyyənin inkişafına qiymətli töhfələr vermiş Rəhim Rəhimov özünün çoxşaxəli fəaliyyəti ilə təbabətin müxtəlif sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynamışdır. Alimin onkologiya, rentgenologiya və radiologiya ilə bağlı çoxsaylı tədqiqatları bu istiqamətdə əsaslı araşdırmaların aparılmasına və müalicə işində tətbiq edilməsinə geniş imkanlar yaratmışdır. Akademikin müəyyən etdiyi metodikalar və gəldiyi elmi nəticələr öz aktuallığı, fundamental-nəzəri əhəmiyyəti ilə elmi ictimaiyyətin böyük diqqət və marağına səbəb olmuş, təklif etdiyi səmərəli üsullar onu ölkəmizdə yeni rentgenoloji tədqiqatlar məktəbinin yaradıcılarından biri kimi tanıtmışdır.
Akademik Rəhim Rəhimovu dünya tibb elminin, Azərbaycan Respublikasının milli səhiyyə sisteminin inkişafında və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasında müstəsna xidməti olan azərbaycanlı alimlərdən biri hesab etmək olar. Məhz ölkə səhiyyəsi üçün tibb üzrə elmi-tədqiqat, təşkilati-metodik işlərində, habelə elmi kadrların və yüksək ixtisaslaşmış praktik həkimlərin hazırlanmasında Rəhim Rəhimov öz dəstxəti və imzası ilə sayılıb-seçilmişdir. Bütün bunların nəticəsidir ki, yüksəkixtisaslı tibb kadrlarının və gənc alimlərin hazırlanmasına böyük töhfələr vermiş akademik Rəhim Rəhimov rentgenologiya və radiologiya kimi məsuliyyətli bir sahədə özünün elmi məktəbini yaratmışdır.
Tanınmış alim, akademik Rəhim Rəhimov onkologiya və rentgenologiyanın problemlərinə həsr edilmiş 200-dən artıq elmi tədqiqatın, eləcə də bir neçə monoqrafiyanın və çoxsaylı patentin müəllifidir. Hazırda respublikada yetişən onkoloqların və rentgenoloqların böyük bir nəsli alimin tədqiqatlarından mötəbər mənbə kimi istifadə etmişlər. Rəhim Rəhimov beynəlxalq konfrans və simpoziumlardakı çıxış və məruzələri ilə Azərbaycan tibb elmini layiqincə təmsil etmişdir. O, uzun illər Azərbaycan rentgenoloqlarının və radioloqlarının elmi cəmiyyətinin sədri olaraq xüsusi təşkilatçılıq bacarığı nümayiş etdirmişdir.
R.Rəhimov ümumilikdə 150-yə yaxın elmi əsərin, 2 ixtiranın, 12 səmərələşdirici təklifin müəllifidir. Onun rəhbərliyi ilə tibbin onkologiya sahəsi üzrə 7 fəlsəfə doktoru və 2 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir. Milli Onkologiya Mərkəzinə rəhbərliyi dövründə yerli və xarici nəşrlərdə, nüfuzlu beynəlxalq jurnallarda 100-dən artıq məqalə çap olunmuş, elmi-praktiki konfranslarda bir çox çıxışlar edilmişdir. Alimin apardığı elmi-tədqiqat işləri və gəlinən qənaətlər öz aktuallığı və yeniliyi ilə seçilmişdir. Dünyanın müxtəlif ölkələrində (MDB dövlətləri daxil, Almaniya, İtaliya, Türkiyə, Yaponiya və b.) bu nəticələr yüksək qiymətləndirilmiş, müvafiq qaydada istifadə edilmiş və praktikada tətbiq olunmuşdur.
Akademik Rəhim Rəhimovun Azərbaycanda tibb elminin və səhiyyə sahəsinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanda tibb elminin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Akademik Rəhim Rəhimov 6 iyul 2013-cü ildə Bakı şəhərində vəfat etmişdir.
