top of page

Ölkəmizdə neyrofiziologiya və neyrokimya məktəbinin yaradıcısı

  • setm63
  • 8 июл.
  • 4 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

 

Qəhrəman Mehdiqulu oğlu Qəhrəmanov

Qəhrəman Mehdiqulu oğlu Qəhrəmanov 1925-ci il dekabr ayının 26-da Zəngəzur qəzasında anadan olmuşdur. Buradakı Oxtar kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirmiş, 1952-ci ildə institutun müalicə-profilaktika fakültəsini qurtarmışdır. İnstitutda təhsil alarkən Stalin təqaüdçüsü olduğuna görə ali təhsili başa çatdırdığı il normal fiziologiya üzrə aspiranturaya daxil olmasına icazə verilmişdir.


Valideynlərini erkən itirən gələcək alim keşməkeşli ömür yolu adlayıb, min bir sınaqlarla dolu bioqrafiyasını şərəflə yazmağı bacarmışdır. Uşaqlığında əzab-əziyyətə dözməli olan Qəhrəmanın qarşısına həyat gənclik illərində o zamankı Azərbaycan Tibb İnstitutunun rektoru Bahadur Eyvazov, görkəmli alimlər - Azərbaycanda anatomiyanın “atası” sayılan professor Kamil Balakişiyev, cərrahlığın ən incə sirlərini tələbələrinə öyrədən Fuad Əfəndiyev, Mustafa Topçubaşov, Zülfüqar Məmmədov, fiziologiyaya dair maraqlı mühazirələri ilə tələbələri valeh edən Abdulla Qarayev, biokimyaçı Əhəd Həsənov kimi xeyirxah insanları çıxardı. Onların sayəsində Qəhrəman elmdə öz yolunu müəyyənləşdirdi. Xüsusilə, Bahadur Eyvazov və Zülfüqar Məmmədovun məsləhəti müstəqil inkişaf mərhələsinə qədəm qoymaqda olan fiziologiya elminə böyük töhfələr verəcək alimin seçiminə təsirsiz ötüşmədi. O çağacan fiziologiya istiqamətində əsasən bioloqların araşdırmalar apardığını nəzərə alan hər iki alim, müəllim yetirmələrini bu yöndə tədqiqatlara meyilləndirməyi bacardılar. Bir zaman yalnız cərrah olmağı düşünən Qəhrəman bundan belə ömrünü fiziologiya elminin inkişafına həsr etməyin daha vacib və faydalılığını kəsdirdi.


26 may 1958-ci ildə professor Abdulla Qarayevin rəhbərliyi altında “Müxtəlif daxili üzvlər reseptorlarının qıcıqlandırılmasının asetilxolin mübadiləsinin bəzi aspektlərinə təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi.


O, 1959-cu ildə sinirdə impulsun mərkəzi və periferik istiqamətlərdə yayılmasını nümayiş etdirən ən sadə və münasib üsulu təklif etməklə, ilk dəfə olaraq sinir lifləri arasında efpatik ötürməni müəyyənləşdirdi. Bu ixtira fiziologiya fənnini tədris edən təhsil müəssəsisələrində son əlli ildən bəri ən cox istifadə olunan üsllardan biridir. Həmin ildə o, eksperimentdə böyrək ifrazat funksiyasının öyrənilməsi üçün yeni üsulu ixtira etdi. Bu üsulun ixtirası xroniki eksperimentdə sidiyin dəri səthinə tökülməsinin və axarlara infeksiya düşərək qalxan pielonefrit törətməsinin qarşısını almağa imkan verdi.


Təcrübədən kənar vaxtda sidiyin axarlardan sidik kisəsinə tökülməsi mümkün oldu.Akademik İ.P.Pavlov həzm sistemi fiziologiyasını öyrənmək üsullarına ehtiyac barədə 1894-cü ildə yazırdı: “Yaradılması ən çox arzu edilən üsul eləsidir ki, onun tətbiqi həzm şirəsinin təcrübə əsasında xaricə, təcrübədən kənar vaxtlarda isə bağırsağa axmasına imkan versin. Bunu icad edən şəxs ənböyük mükafatalayiqdir”. Dahi fizioloqun tövsiyəsini həyata keçirmək arzusu ilə bir çox alimlər yeni üsullar yaratmağa illər boyu əmək sərf etsələr də, bu çətin problemin həlli Q.Qəhrəmanovun 1960-cı ildə ixtira etdiyi orijinal üsulların tətbiqi sayəsində mümkün oldu. Burda onun məharətli - cərrahlıq bacarığı yerinə düşdü. Qəhrəman müəllimin yaratdığı üsullar mədənin, pankreasın, nazik bağırsağın şirələrini və ödü eksperimentdə bir fistuladan bir neçə şirəni ayrı-ayrılıqda və eyni vaxtda almağı, təcrübə aparılmadıqda isə həzm kanalına qaytarmağı çerçəkləşdirdi. Bu üsullarin ixtiralar olduğunu o zamankı İxtiralar və Kəşflər Komitəsi müəllif şəhadətnamələri ilə təsdiqlədikdən sonra həzm sistemi üzvlərinin fiziologiyası problemlərindən bir çoxunun həllinə geniş imkanlar açdıqlarına görə keçmiş SSRİ-də (Bakı, Moskva, Lvov) və xaricdə (ABŞ-ın Medison Universitetində) onların tətbiqinə başlanıldı.


Həmin ildə professor Q.Qəhrəmanov beynin fəaliyyətinin mediator mexanizmlərinin neyrofarmakoloji aspektlərinin öyrənilməsi üçün geniş imkanlar açan kimyəvi qıcıqlandırıcıların yeni intrakarotid inyeksiyası üsulunu təklif etdi. Bu üsulun ixtirası eksperimentdə yuxu arteriyasını salamat saxlayaraq baş beyinin qan təcizatını pozmamaq şəraitində müxtəlif maddələrin intrakarotid yeridilməsinə imkan verdi.Professor Q.Qəhrəmanovun ixtiraları arasında 1977-ci ildə təklif etdiyi, istiqanlı heyvanlarda cərrahi əməliyyat aparmadan summar tüpürcək ifrazını yazmaq, bir il sonra qurbağa ürəyinin venoz cibi, qulaqcıqları və mədəciyinin təqəllüslərini eyni vaxtda ayrı-ayrılıqda yazmağa imkan verən elektron-mexaniki kardioqrafiya və 1979-cu ildə icad etdiyi periferik damara vazokonstriktor və vazodilyatator təsirlərin qrafik yazısını almaq üsulunu geyd etmək yerinə düşər.


1960-1966-ci illərdə Qəhrəman Qəhrəmanov Moskvada SSRİ Elmlər Akademiyasının Normal və Pataloji Fiiziologiya İnstitunda görkəmli fizioloq, dünya şöhrətli alim, akademik Pyotr Kuzmiç Anoxinin rəhbərlik etdiyi “Mərkəzi sinir sisteminin ümumi fiziologiyası laboratoriyası”nda uzunmüddətli elmi ezamiyyətdə oldu. Burada o, “Baş beyin fəaliyyətinin xolinergik və adrenergik mexanizmlərinə dair” adlı doktorluq dissertasiyası üzərində çalışaraq, 10 fevral 1966-cı ildə müvəffəqiyyətlə müdafiə edir.


Müdafiədən bir neçə gün sonra Bakiya qayıdan və həmin vaxtdan etibarən Azərbaycan Tibb İnstitutunda Normal fiziologiya kafedrasında elmi və pedaqoji işlərin yenidən təşkilinə başlayan professor Q.Qəhrəmanov 4-5 ilin ərzində rəhbərlik etdiyi kollektivin fəaliyyət göstəricilərini dünya standartları səviyyəsinə çatdıra bilir. 1966-cı ilin dekabrında keçmiş SSRİ-də və dünyada təbiətşünaslığın ən yeni sahəsi olan neyrofiziologiya və funksional neyrokimya üzrə ilk elmi-tədqiqat laboratoriyasını yaradır. Gənc alim laboratoriyanın ən müasir avadanlıqla təchizatına və elmi tədqiqatların beynəlxalq standartlar səviyyəsində təşkilinə müvəffəq olur. Bakıda keçirilən fizioloji simpoziumda iştirak edən bir çox məşhur əcnəbi alimlər, o cümlədən Nobel mükafatı laureatları E.Miller (Nyu-York) və Levi (Stokholm), V.Qaşka və A.Kastenşteyn (Almaniya), Ümumdünya Fizioloqlar Assosiasiyasının vitse-prezidenti A.Kovaç və başqaları normal fiziologiya kafedrasında və funksional neyrokimya laboratoriyasında qoyulan eksperimentləri saatlarla müşahidə edir, fikir mübadiləsi aparırlar. Onlar Azərbaycan televiziyasında çıxışlarda öz təəsüratlarını belə bölüşürlər: “Professor Qəhrəmanovun rəhbərlik etdiyi elmi müəssisə müasir avadanlıqlarla təchizatı və aparılan tədqiqatların keyfiyyətinə görə, dünya standartlarına cavab verir və İsveç Krallıq Akademiyasının fiziologiya institutuna bənzəyir”.


Bir fakt da maraqlıdı ki, istedadlı alim ustadı akademik Mustafa Topçubaşovla birgə Nobel mükafatına namizədlərdən hesab olunub. Amma təəssüf ki, sovet rejiminin əngəlləri həmvətənlərimizi bu yüksək məqamdan kənarda qoyub. Q.Qəhrəmanovun xatirələrindən: “1978-ci ilin oktyabr ayında əl radiosunu götürüb bağa getdik. Radioda Nobel mükafatı laureatlarının adları çəkilirdi. Bizim adımız çəkilmədi. 1978-ci ildə tibbə və fiziologiyaya nəzərdə tutulmuş mükafat heç kəsə verilmədi. Mustafa bəy mənə dedi: “Qəhrəman, mən dünyanı görə-görə gəlmişəm. Sənin başın çox qovğalıdır. Mükafat səni hücumlardan qoruya bilərdi”.


Qəhrəman Qəhrəmanov 1971-ci ildə “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, 2000-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilmişdir.


Professor Qəhrəman Qəhrəmanov 5 fevral 2006-cı ildə Bakıda vəfat etmişdir.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page