Yarımkeçiricilər fizikası üzrə nüfuzlu alim
- setm63
- 24 дек. 2024 г.
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Əliyev Maqsud İsfəndiyar oğlu

Əliyev Maqsud İsfəndiyar oğlu 27 avqust 1924-cü ildə Tbilisi şəhərində anadan olmuşdur. 1941-ci ildə Tbilisi Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1943-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirakı ilə əlaqədar təhsili yarımçıq qalmış və müharibədən sonra 1950-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
O, 1957-ci ildə “Yod aşqarlarının selenin fiziki xassələrinə təsiri” mövzusunda namizədlik, 1966-cı ildə “Legirə olunmuş yarımkeçiricilərin istilikkeçirməsi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1967-ci ildə professor elmi adını almış, 1969-cu ildə AMEA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir.
1961-ci ildə AMEA-nın Fizika İnstitutunda baş elmi işçi, sonra Yarımkeçiricilərdə və yarımkeçirici nanostrukturlarda köçürmə hadisələri laboratoriyasının müdiri olmuş, ölkənin bir sıra təhsil ocağında pedaqoji fəaliyyət göstərmiş, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibinin müavini, eləcə də Fizika İnstitutunda Ümumi sektorun rəhbəri vəzifələrində çalışmışdır.
M.Əliyev klassik yarımkeçiricilər olan selen, germanium, silisium, A3B5 tipli yarımkeçirici birləşmələr və onlar əsasında bərk məhlullarda, evtektikalarda köçürmə hadisələrinin tədqiqi ilə məşğuldur. Onun rəhbərliyi ilə yarımkeçiricilərdə elektron və fonon prosesləri, zolaq quruluşu öyrənilmiş, bəzi yarımkeçirici-metal evtektikalarında ifratkeçirmə və Cozefson effekti tədqiq olunmuşdur. İlk dəfə olaraq A3B5 birləşmələri və onların bərk məhlullarının istilik keçirməsinin tədqiqinə dair işlərə rəhbərlik etmişdir.
M.Əliyev 350-dən artıq məqalənin, 30 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir. Onun rəhbərliyi ilə 35 fəlsəfə doktoru, 7 elmlər doktoru hazırlanmışdır.
M.Əliyev 1998-ci ildən Azərbaycan “Lütfi Zadə irsi və süni intellekt” və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyalarının vitse-prezidenti, Beynəlxalq Ekoenergetika Elmlər Akademiyasının və İntellektual İnkişaf problemləri Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur.
M.Əliyev “Şöhrət” ordeni (2004), “Almaniya üzərində qələbə” medalı (1946), “Vətən müharibəsi” ordeni (1985), “Xalqlar dostluğu” ordeni (1986) almış, Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” (1989) fəxri adına layiq görülmüş, “akademik Yusuf Məmmədəliyev” adına mükafat və medal (1994), “Sülhün səfiri” beynəlxalq diplomu (2003) ilə təltif olunmuşdur.
Akademik Maqsud Əliyev 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir.