Xəzərin ekoloji problemlərini araşdıran Dövlət mükafatı laureatı alim
- setm63
- 6 февр.
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Məmmədov Ramiz Mahmud oğlu

Məmmədov Ramiz Mahmud oğlu 4 fevral 1950-ci ildə Gürcüstanın Qardabani şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir.
R.Məmmədov 1980-ci ildə “Dayaz dənizlərdə və şirinsulu sututarlarında turbulent mübadilə” mövzusunda namizədlik, 1996-cı ildə “Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yayılmasına təsiri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 2010-cu ildə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir.
O, elmi fəaliyyətinə AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsindən başlamışdır və institutun direktoru vəzifəsinə kimi yüksəlmişdir.
R.Məmmədovun elmi tədqiqatları, əsasən, Xəzər dənizinin ən aktual problemlərinə - hidrofizikasına, hidrologiyasına, atmosferlə dənizin qarşılıqlı təsirinə, dənizdə turbulent mübadilə və turbulent diffuziyanın tədqiqinə, səviyyəsinin dəyişməsinə, iqlim dəyişmələrinin Xəzər dənizinə təsirinə, çirkləndiricilərin dənizdə yayılmasının fiziki-coğrafi modelinin yaradılmasına, Xəzər dənizinin status probleminə və ümumiyyətlə, Xəzərin geofizikası, hidrofizikası, ekocoğrafi problemlərinin tədqiqinə həsr olunmuşdur. Kür-Araz hövzəsinin transsərhəd su problemləri, Azərbaycanda səhralaşma prosesinin tədqiqi, landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi də R.Məmmədovun əsas tədqiqat istiqamətlərindən olub.
R.Məmmədov Bakı və Sumqayıt Dövlət universitetlərində mühazirə oxuyub, magistrlərin hazırlanmasında fəal iştirak edib. O, AMEA-nın “ANAS Transactions, Earth Sciences” jurnalının baş redaktorunun müavini, “Coğrafiya və təbii resurslar” jurnalının baş redaktoru olub. O, 2002-ci ildən Coğrafiya İnstitutunun nəzdindəki ED 1.23 Dissertasiya şurasının sədri, 2005-ci ildən Xəzər Dənizi Tədqiqatları Üzrə Əlaqələndirmə Şurasının sədri və 2002-ci ildən Coğrafiya Elminin Fundamental Problemləri üzrə Beynəlxalq Elmi şuranın üzvü olub. 2001-ci ildən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində yaradılmış “Təmiz su” beynəlxalq mərkəzin direktorlar şurasının üzvü olub. R.Məmmədov 2014-cü ildən Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti olmuşdur. 2000-2009-cu illərdə Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üçün təsis etdiyi Beynəlxalq Ekoloji Mərkəzin Konsultativ şurasının prezidenti olmuşdur.
R.Məmmədov 350 elmi və 120 elmi-publisistik məqalənin, 13 kitab və 1 atlasın müəllifidir. Kitablarından 5-i, elmi məqalələrindən isə 80-i xaricdə çap olunmuşdur. 10-dan çox beynəlxalq layihənin koordinatoru və həmkoordinatoru olmuşdur. Onun rəhbərliyi ilə 17 fəlsəfə doktoru və 5 elmlər doktoru hazırlanmışdır.
R.Məmmədov ictimai həyatda da fəal mövqedə olan ziyalı olub. 1993-cü ilin aprel ayından Yeni Azərbaycan Partiyasının üzvü idi.
R.Məmmədov Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatına (2016) layiq görülmüş, “Şöhrət” ordeni (2020), AMEA-nın Fəxri fərmanı ilə (2021) təltif olunmuşdur.
Akademik Ramiz Məmmədov 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir.