top of page

Tədqiqatları ilə Böyük Vətən Mühari­bəsində yaralılara ikinci həyat bəxş edən alim

  • setm63
  • 23 янв.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Həsənov Əbdüləhəd Səftər oğlu

Həsənov Əbdüləhəd Səftər oğlu 1900-cü il oktyabrın 20-də Şa­ma­xı şə­hə­rində ana­dan olmuşdur. Azərbaycan Dövlət Universi­tetinin (indiki Bakı Dövlət Universiteti) Tibb fakültəsini bitirmişdir (1927).


Ə.Həsənov fəlsəfə (1936) və elmlər dok­tor­luğu (1937) dissertasi­yalarını mü­­dafiə etmiş, pro­fessor elmi adına layiq görülmüş­dür (1939). Azərbaycan SSR Elmlər Akade­miya­sının müxbir üzvü (1962) seçilmişdir.


Ə.Həsənov Tibb fakültəsinin Patologiya və terapi­ya ka­fed­rasının ordinatoru vəzi­fə­sində sax­la­nıl­mış (1927-1937), 1933-cü ildə elmi işini başa çatdırmaq üçün Moskva şəhərinə ezam olunmuşdur. Sonralar Azərbaycan Döv­lət Tibb İnsti­tutunun bioloji kimya ka­fed­rasının müdiri (1937-1972), həmçinin Azərbaycan Əc­za­çılıq İnsti­tutu direktoru­nun elmi işlər və təd­ris işləri üzrə müa­vini (1938-41), Azərbay­can Dövlət Tibb İns­titu­tunda elmi və tədris işləri üzrə direktor müavi­ni vəzi­fələrində çalışmışdır.


Ə.Həsənovun bioloji kimya üzrə elmi fəaliyyətinin əsas istiqamətini maddə­lər mübadiləsinin aralıq məhsullarının hidrogen peroksid vasitəsilə oksidləş­məsi, oksihemoqlobinin katalitik təsiri, toxuma proteazalarının təsiri şəraitin­də gedən proteoliz problemləri, “Karatonaftalan” preparatının təsir mexaniz­minin işlənib hazırlanması və təcrübəyə tətbiqi təşkil etmişdir. Belə ki, ilk dəfə olaraq Ə.Həsənovun təklif etdiyi Naftalan nefti ilə karotinin qarışı­ğından ha­zırlanan “Karatonaftalan” preparatı 1941-1945-ci illər Böyük Vətən Mühari­bəsində irinli yaraların müalicəsində geniş tətbiq olunmuş və effektli nəticələr əldə edilmişdir.


Ə.Həsənov 200-dən artıq çap edilmiş elmi əsərin, orijinal dərslik və dərs vəsaitlərinin müəllifi, o cümlədən 1933-cü ildə ilk dəfə türk (Azərbay­can) dilin­də çap olunan “Bioloji kimya” dərsliyinin həmmüəllifi olmuşdur. Ə.Hə­sə­novun digər müəlliflərlə birlikdə yazdığı fundamental “Bioloji kimya” dərsliyi onun vəfatından sonra 1974 və 1989-cu illərdə yenidən çap edilmişdir. Bu orijinal dərslik hazırda da öz aktuallığını saxlayır və ondan istifadə olunur.


Ə.Həsənov çox sayda ümumittifaq və respublika miqyaslı qurultay, konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. Onun məs­ləhətçiliyi və rəhbərli­yi altında 12 elmlər doktoru, 42 fəlsəfə doktoru dis­sertasiyası müdafiə edilmişdir.


Ə.Həsənov Azərbaycan Biokimyaçılar Cəmiy­yətinin sədri (1959-1972), SSRİ Elmlər Akademiyası nəzdində çap olunan “Biokimya” jur­nalı­nın redaksiya şu­ra­sı­nın, “Azər­bay­­can Tibb jur­na­lı”nın redaksiya heyətinin üzvü, Moskvada nəşr olunan SSRİ Böyük Tibb Ensiklopediyasının kim­ya üzrə re­daksiya hey­əti­nin üzvü, SSRI Ali At­tes­tasiya Komissi­yası­nın eksperti, Bakı şəhər Sovetinin depu­tatı (1963-1965) olmuşdur.


Ə.Həsənov Azərbay­ca­nın Əməkdar həkimi (1942), Əməkdar elm xadimi (1943) fəxri adlarına, “Şə­rəf nişanı” və “Lenin” ordenlərinə, “Qafqa­zın mü­dafiəsinə gö­rə” medalına, başqa medal və Fəxri fərmanlara layiq görülmüşdür.


AMEA-nın müxbir üzvü Əbdüləhəd Həsənov 1972-ci ildə Bakıda vəfat etmişdir. 

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page