Türkiyənin 7 illik geoloji planını hazırlayan azərbaycanlı alim
- setm63
- 11 февр.
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Əhmədov Həsən Əbdüləli oğlu

Əhmədov Həsən Əbdüləli oğlu 1906-cı ildə Qərbi Azərbaycanın Zəngəzur qəzasının Ağdü kəndində anadan olmuşdur. 1933-cü ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.
O, 1947-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1956-cı ildə elmlər doktoru elmi dərəcələrini almış, 1964-cü ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1967-ci ildə isə həqiqi üzvü seçilmişdir.
H.Əhmədov institutu bitirdikdən sonra “Azneft” Birliyində çöl partiyasının geoloqu vəzifəsində işləmiş, 1942-ci ildə “Azneftkəşfiyyat” trestinin geoloji-kəşfiyyat kontorunun direktoru təyin olunmuş və burada struktur-xəritələmə, qazmanın analizi və nəticələrinin ümumiləşdirilməsi ilə məşğul olmuşdur.
1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Neft Geoloji Kəşfiyyat İdarəsinin elmi işlər üzrə direktor müavini, 1951-ci ildə isə onun direktoru, 1955-ci ildə neftçıxarma üzrə Azərbaycan Elmi Tədqiqat İnstitutunun (indiki “Neftqazelmitədqiqatlayihə”) geologiya üzrə direktor müavini təyin edilmişdir. Alim Qobustan-Şamaxı neftli-qazlı rayonunun öyrənilməsinə böyük diqqət yetirmiş və onun tədqiqatlarının nəticələri “Qobustanın geologiyası və neft-qazlılığı” monoqrafiyasında öz əksini tapmışdır.
H.Əhmədov 1965-ci ildə yeni təşkil olunmuş Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun Azərbaycan filialının ilk direktoru təyin edilmişdir. O, məşhur alim-geoloq olmaqla yanaşı, geologiya və geofizika sahəsində də elmi tədqiqatların təşkilatçısı, Azərbaycanda iri neft, qaz-kondensat yataqlarının (Qaradağ, Kənizdağ, Duvannı və b.) açılmasının və mənimsənilməsinin bilavasitə iştirakçısı olmuşdur. Onun iştirakı ilə Kürovdağ, Mişovdağ, Neft Daşları, Qum-dəniz, Umbakı və b. yataqların sənaye işlənməsi layihələri hazırlanmışdır. Onun litologiya, petroqrafiya, Pliosen-Miosen və Təbaşir çöküntülərinin kollektorluq xassələrinin öyrənilməsi sahələrində fundamental əsərləri böyük şöhrət qazanmışdır.
Həsən Əhmədov 1968-ci ildə Türkiyədə dörd ay müddətində rəsmi geoloji məsləhətçi kimi fəaliyyət göstərmiş və Türkiyənin 7 illik geoloji planını hazırlamışdır
Alimin tədqiqatlarında respublikanın, xüsusilə də Qobustan ərazisinin neft-qaz yataqlarının geoloji quruluşunun və perspektivli sahələrinin tədqiqi xüsusi əhəmiyyət kəsb edirdi. O, Azərbaycanın Mezozoy çöküntülərinin öyrənilməsinin və kəşfiyyatının ilk təşkilatçılarından biri olmuşdur. O, “Azərbaycanın Mezozoy çöküntüləri və onların neft-qazlılıq perspektivliyi” monoqrafiyasına görə İ.M.Qubkin adına mükafata layiq görülmüşdür.
Alim 160 elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. Onun elmi rəhbərliyi altında 30-dan çox elmlər doktoru və fəlsəfə doktoru hazırlanmışdır. H.Əhmədov Azərbaycan Neft və Qaz Sənayesinin elmi-texniki Cəmiyyətinin sədri olmuş və iki dəfə “Şöhrət ordeni” ilə təltif edilmişdir.
Akademik Həsən Əhmədov 1981-ci ildə Bakıda vəfat etmişdir.