Tarixdə iz buraxan İslam alimi İbn Sina
- setm63
- 3 дня назад
- 4 мин. чтения
İbn Sina İslam aləmində yetişən məşhur filosof və tibb alimidir. 980-ci ildə Buxarada anadan olub. Əsl adı Əli Hüseyndir. İbn Sina deyə məşhur olub. Avropalıların "Avisenna" dedikləri İbn Sina... Dünyanın ən böyük alimlərdən biri olan İbn Sina ilk təhsilini Buxarada alıb. Hələ on yaşında ikən o, Müqəddəs Kitabımız Qurani-Kərimi əzbərləyib. Bir neçə il sonra ayrı-ayrı müəllimlərdən həndəsə, astronomiya, fizika və hüquq təhsili alıb. O, Buxaraya gələn məşhur alim Abdullah Natilidən məntiq və fəlsəfə elmini öyrənib. Bu arada həkimlik dərsi də alıb və nəzəri bilgilərini yavaş-yavaş xəstələr üzərində tətbiq edib. İlk tibb müəlliminin İbn Yəhya olduğu bildirilir.

İbn Sina 17 yaşında ikən Buxara şahzadəsi Nuh ibn Nasr Samanini təhlükəli bir xəstəlikdən qurtardığı üçün saray kitabxanasının müdirliyinə təyin edilib. Fövqəladə bir zəkaya və çox qüvvətli hafizəyə sahib olan İbn Sina, dövrünün bütün elmlərini öyrənmək arzusu ilə tədqiqatlar və araşdırmalar aparıb. Əvvəl Aristotelin, sonra Farabinin fəlsəfi fikirlərini tədqiq edərək onların təsiri altında qalıb. Bu zamanlar tibb elmi ilə də ciddi-ciddi məşğul olub, tədqiqatlar aparıb. Tibb elmini Əbu Mənsur Həsən Qəməri və Yəhya ibn İsa adlı tanınan şəxslərdən öyrənib.
İbn Sina 20 yaşında ikən atasını, bir müddət sonra isə hamisi olan Samani hökmdarını itirib. Buxarada qarışıqlıqlar çıxması nəticəsində oradan ayrılıb və Xarəzmə gedərək Xarəzmşah Əli ibn Məmunun sarayına yerləşərək onun məktəbində dərs deməyə başlayıb. Burada İbn Miskeveyh, Əbu Nasr əl-İraqi, İbn Təyyub və Biruni ilə tanış olub. İbn Sinanın saray mənsublarını və xüsusilə Şəmsüddeleni iki dəfə sağlığına qovuşdurması onun Şərəfül-Mülk ünvanı ilə vəzirlik məqamına yüksəlməsini təmin edib. Fəqət bir müddət sonra bəzi yazılarına görə hökmdarın gözündən düşüb və bu vəzifədən uzaqlaşdırılıb, hətta bir ara həbs edilib.
İbn Sina öz həyatı haqqında Curcaniyə verdiyi məlumatda belə deyir: "On səkkiz yaşıma qədər fasiləsiz olaraq çalışmağa davam etdim. Gecələri də oxumaqla, yazmaqla məşğul olardım. Gecələri yuxum gəldikdə bir bardaq su içər, ayılar, yenidən çalışardım. Yuxuda belə zehnim oxuduqlarımla məşğul olardı. Çox vaxt oyandığımda əvvəl həll edə bilmədiyim bəzi şeylərin yuxuda ikən həll edilmiş olduğunu görərdim. Daha sonra Məbəd ül Təbia ilə məşğul olmağa başladım. Bu məsələyə dair Aristoteli bəlkə də qırx dəfə oxuduğum halda, anlamamış və ümidsizliyə düşmüşdüm..."
İbn Sina dünya şöhrətli elm xadimi Aristoteli anlaya bilmirdi. O, Mezatda Farabinin "Al İbana" adlı məşhur əsərini alıb oxuduqdan sonra Aristoteli qavrayıb. Əldə etdiyi bu nəticə üçün şükr namazı qılıb. İbn Sina öz sözləri ilə ifadə edib ki, fəlsəfi bilgisinə görə Farabiyə borcludur.
İbn Sina gənc yaşında Buxarada kitabxana müdiri olduğu zaman buradakı kitabları əzbərlərcəsinə oxuyub, inkişaf edib. 20 yaşında ikən onun qoruyucusu olan hökmdar vəfat etdikdə Xarəzmə köçüb və burada böyük alim Biruni ilə tanış olub, onunla birlikdə çalışıb, işləyib. Zəmanəsini lərzəyə salan fikirlərinə görə təqib olunub və bir çox adamın qısqanclığına hədəf olub. Bu vəziyyətin təbii nəticəsi olaraq, İranda şəhərdən-şəhərə köçüb. Bütün bu çətin həyat şərtlərinə baxmayaraq, böyük həcmli əsərlər yazıb. Yüz yetmişə yaxın əsərin müəllifi olan İbn Sina dövrün tələbinə görə ərəbcə və farsca yazırdı. Onun bir sıra gözəl şeirləri də var. Əsərləri, əsasən, tibb, fizika, astronomiya, fəlsəfə, kəlam, musiqi və digər sahələr üzrədir. İbn Sinanın ensiklopedik əsəri "Eş-şifa" və onun qısaldılmışı "En-necat"dır. Tibb üzrə qələmə aldığı ən əhəmiyyətli əsəri "El-Qanun fit-tibb"dir.
İbn Sinanın bitkilərdən əldə etdiyi dərmanlarla bəzi müşahidələri tibb dünyasında hələ də mötəbərdir. Bu gün bütün dünya həkimləri, müalicə təşkilatları və bioloqları, xüsusilə bitkilərin şəfa mənbəyi olması həqiqətini İbn Sinadan öyrənməyə davam edir və onu tibb tarixinin ən böyük həkimi olaraq görürlər. Onu da qeyd etmək lazımdır ki, İbn Sina "Kitabu'n- Nəfs" adlı əsəri ilə psixologiya elminin qurucusu olaraq qəbul edilir. Onun təsəvvüf, musiqi, fizika, biologiya üzrə yazmış olduğu kitabları hələ də çox böyük bir maraqla incələnməkdədir.
İbn Sina tibb, riyaziyyat, məntiq, fəlsəfə, astronomiya, fizika, kimya, farmakologiya, ədəbiyyat və arxeologiya kimi elmi sahələrdə nüfuz qazanıb. Onun ən məşhur olduğu elm sahəsi tibb elmidir. O, tibb mütəxəssisi olaraq əvvəllər tibb elmində yer alan bir çox üsulu dəyişdirib və bir çox kəşflər edib.
İbn Sina qanın qidanı daşıyıcı bir maye olduğunu, ağ ciyər hərəkətlərinin passiv olaraq sinə hərəkətləri ilə əlaqəli olduğunu, diabetdə sidikdəki şəkərin varlığını və skarlatina xəstəliyini kəşf edib. Yenə ilk dəfə tibbi əməliyyatlarda uyuducu dərmanlardan istifadə edən İbn Sinadır. Xəstəliklərin mikroblardan əmələ gəldiyini ilk dəfə ortaya qoyan da odur. İbn Sina bizim zamanımızdan 900 il əvvəl: "Hər bir xəstəliyi törədən bir qurddur. Təəssüflər olsun ki, bunları görəcək bir alətimiz yoxdur", - deyərək mikrobların varlığından bəhs edib. Daxili xəstəlikləri bədəni barmaqlarla yoxlayaraq təsbit etmə üsulu da (palpasiya) ona aiddir. İlk dəfə filtrdən istifadə edərək suyu mikroblardan təmizləmə prosesi də İbn Sinanın ixtiralarından biridir.
Beyin kimi gövşək, sümük kimi sərt toxumaların iltihablanmayacağı iddiasını ilk dəfə İbn Sina rədd edib və: "Sümüklər də iltihablanır", - deyərək bu fikri aradan qaldırıb. İnfeksion beyin iltihabını digər infeksiyalardan yenə ilk dəfə o ayırıb. İbn Sina eyni zamanda İran uçunması adını verdiyi xoranı açıq və ətraflı bir şəkildə izah edib. Genetik yolla xəstəliklərin irsi ola biləcəyini, bunun isə orqan üzərində şəkil, funksiya pozğunluqları ilə özünü göstərə biləcəyini yenə ilk dəfə ortaya qoyan İbn Sina olub. İbn Sina qara ciyər xəstəliklərində həzm pozğunluqları, qanamalar ola biləcəyini, dalaq və diafraqmanın fiziologiyasını pozacağını bildirib. Sarılığın qara ciyər toxumasının pozulmasından və ya safroq yollarındakı tutqunluqdan irəli gəldiyini açıqlayıb. Ruhi xəstələr qaranlıq deşiklərdə, mağaralarda döyülgrgk ağır zəncirlərlə bağlanırkən İbn Sina bunlarla da bir insan kimi davranmağın daha faydalı olacaq fikrini irəli sürüb. Epilepsiya xəstəliyi ilə əlaqəli olaraq cindən bəhs edən bu qeyri-adi təfəkkürə sahib insan: "Xəstəliklərə səbəb olduğu kimi, cinin hasil etdiyi xəstəliklər də vardır və məşhurdur", - deyib.
İbn Sinanın tibb elmi ilə yanaşı digər elmi sahələrdə də bir çox nailiyyətləri olub. Onun geologiya elmindəki kəşfləri dövründən çox-çox irəli gedib. İbn Sina günümüzdən doqquz əsr əvvəl dağların meydana gəlməsini belə açıqlayır: "Dağların meydana gəlməsi iki ayrı səbəbə bağlıdır. Dağlar ya şiddətli zəlzələlər nəticəsində buruşuqluqların hasil olması və ya özünə yeni bir yol tapmaq üçün vadilər açan çayların təsirilə əmələ gəlir. Daş təbəqələri müxtəlifdir. Bəziləri yumşaq, bəziləri sərtdir. Aşınma və dağılmanın səbəbi sular və küləkdir. Bunun başlıca səbəbinin su olduğunu dağlarda yaşayan heyvanların qalıqları isbat edir".
170-ə yaxın kitabı olan İbn Sinanın tibb sahəsində ən böyük əsəri "Əl Qanun fit-Tıp" adlı kitabıdır. Beş cilddən meydana gələn bu əsər tələbələrin asanlıqla anlaya biləcəyi şəkildə qısa qeydlər və xülasələr halında yazılıb. XII əsrdə latıncaya tərcümə edilən "Qanun" kitabı Avropa universitetlərində dərs kitabı kimi istifadə olunub. XVII əsrin ortalarına qədər Fransada Montpellier və Belçikada Louvain universitetlərində məcburi dərs kitabı olaraq oxudulub. Qərb dillərinə tərcümə edilən "Qanun" kitabı 1473-cü ildə Milanda nəşr edilib. XVIII əsrdə Sultan III Mustafa zamanında Mustafa ibn Əhməd adında toqatlı bir həkim tərəfindən türkcəyə də tərcümə edilib. Bu əsərə "Tül-Mathun" adı verilib.
Elm dünyasında xüsusi bir yeri olan İbn Sinanın başqa bir əsəri də "Əş-Şəfa"dır. Bu əsərdə ensiklopedik məlumatlar vardır. Bu əsər Meşşai fəlsəfəsinin sistematik əsəridir. Məntiq və riyaziyyatdan başlayıb bütün təbiət elmlərindən bəhs edən bu əsər on səkkiz cilddən ibarətdir.
Həyatının son vaxtlarını səyahətlə keçirən İbn Sina bağırsaq xəstəliyinə, daha sonra epilepsiya xəstəliyinə tutulub və 1037-ci ildə Həmədanda vəfat edib.
İbn Sinanın əsərləri yüzillər boyu bütün dünyada, xüsusilə Avropa universitetlərində dərs kitabı olaraq oxudulub. Zaman keçdikcə onun əsərləri latıncaya, ibrani dilinə və digər Avropa dillərinə tərcümə edilib.