SSRİ-nin hüquq normalarının yaradıcılarından biri, Putinin azərbaycanlı müəllimi
- setm63
- 23 авг.
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Cahangir Abbas oğlu Kərimov

Cahangir Abbas oğlu Kərimov 18 iyul 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1942-ci ildə Bakı Zenit artilleriyası hərbi məktəbini bitirdikdən sonra Zaqafqaziya cəbhəsinə göndərilmiş, Böyük Vətən müharibəsinin iştirakçısı olmuş və 29 may 1946-cı ildə ordu sıralarından tərxis edilmişdir.
Cahangir Kərimov 1946-cı ildə Ümumittifaq Hüquq Qiyabi İnstitutunu bitirmiş, 1950-ci ildə fəlsəfə doktoru, 1961-ci ildə isə elmlər doktoru, 1962-ci ildə isə professor elmi adını almışdır. Alim 1966-cı ildə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
1951-1957-ci illərdə M.İ.Kalinin adına Leninqrad Hüquqşünaslıq İnstitutunun, Leninqrad Universitetinin dövlət hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, 1957-1959-cu illərdə Alman Dövlət və Hüquq Elmləri Akademiyasının və Berlin Universitetinin (ADR) professoru, 1952-1965-ci illərdə Leninqrad Dövlət Universitetində kafedra müdiri və 1965-1968-ci illərdə prorektor, 1969-1971-ci illərdə Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutunda baş elmi işçi vəzifələrində çalışmışdır. 1989-1991-ci illərdə SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin üzvü olmuşdur.
Cahangir Kərimov öz dövrünün siması, Sovet İttifaqının görkəmli hüquqşünaslarından biri olub. O Sovet İttifaqında qanun və hüquq normaları yaradıcılığının inkişafına əvəzsiz töhfələr verib. Hüquq elminin, sosial planlaşdırma və idarəetmə, dövlət və hüquq nəzəriyyəsinin fəlsəfi problemləri üzrə mütəxəssis olan Cahangir Kərimovun elmi fəaliyyəti ümumi hüquq nəzəriyyəsi, hüquq sosiologiyası və hüquq fəlsəfəsi, qanunverici texnika, hüquq psixologiyası, hüquqi kibernetika, hüquq pozuntularının profilaktikasına həsr edilmişdir.
800-ə yaxın elmi məqalənin, 40-dan çox monoqrafiyanın müəllifidir. Bir çox elmi əsərləri ingilis, fransız, alman, çex, ispan, xorvat, polyak, macar, fin, və s. xarici dillərə tərcümə olunmuşdur.
Beynəlxalq Hüquq və Sosial Fəlsəfə Cəmiyyətinin vitse-prezidenti, SSRİ EA fəlsəfə və hüquq bölməsi bürosunun üzvü, Sovet Siyasi Elmlər Cəmiyyətinin vitse-prezidenti olmuşdur. Həmçinin Serbiya Elmlər və İncəsənət Akademiyasının, Finlandiya Elmlər və Ədəbiyyat Akademiyasının, Çernoqoriya Elmlər və İncəsənət Akademiyasının, Rusiya İctimai Elmlər Akademiyasının, Beynəlxalq İnformasiya Prosesləri və Texnologiyaları Akademiyasının, Rusiya Federasiyası Siyasi Elmlər Akademiyasının, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Honkonq Beynəlxalq Hüquq və İqtisadiyyat İnstitutunun Fəxri prorektoru, Rusiya Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar İnstitutunun, Moskva Dövlət Hüquq Akademiyasının baş elmi işçisi, Rusiya Elmlər Akademiyasının İctimai Elmlər şöbəsinin üzvü olmuşdur.
SSRİ Dövlət Mükafatı laureatı C.Kərimov “Xalqlar dostluğu”, “Şərəf Nişanı”, “Vətən qarşısında xidmətlərə görə” (ADR) ordenləri, habelə SSRİ, ADR və Çexoslovakiyanın medalları ilə təltif olunmuşdur.
Maraqlı faktlardan biri də odur ki, Cahangir Kərimov Rusiya prezidenti Vladimir Putinin müəllimi olub. V.Putin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan zaman Cahangir Kərimov ona dərs deyib.
AMEA-nın həqiqi üzvü C.Kərimov 22 fevral 2015-ci ildə Moskva şəhərində vəfat etmişdir.
