top of page

SSRİ-nin atom bombası əldə etməsində payı olan azərbaycanlı alim

  • setm63
  • 4 авг.
  • 4 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Abbas Abbasəli oğlu Çayxorski

ree

Abbas Abbasəli oğlu Çayxorski 21 yanvar 1917-ci ildə Ermənistanın Göyçə mahalı, Basarkeçər qəzasının Çaxırlı kəndində, Abbasəli bəyin ailəsində dünyaya göz açıb. 1918-ci ildə ermənilər tərəfindən öz doğma yurdlarından qovulan azərbaycanlılar arasında onun da ailəsi olub. Onlar əvvəlcə Ağdama, daha sonra isə Ağdaşa gəliblər. O vaxt uşaq olan Abbasın yeniyetməlik illəri də elə məhz Ağdaşda keçir. O, burada orta məktəbi bitirir və sənədlərini Bakıda texnikuma verir. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə daxil olaraq təhsilini davam etdirib.


“Çayxorski” soyadının yaranmasının maraqlı tarixçəsi var. “Çayxorski” soyadının tarixçəsi ilə bağlı onun ABŞ-da yaşayan oğlu Aleksandr müsahibələrindən birində məlumat vermişdir: “Bizim ulu babamız olduqca inanclı adam idi. Buna görə də “Çaxırlinski” soyadını götürə bilməzdi. Məhz bu səbəbdən “Çayxorlu” soyadını seçir. Babam Birinci Dünya Müharibəsində Polşaya sürgün edilib. Çayxorski soyadını da polyaklar ona vermişdi”.


Abbas Çayxorskinin atası Abbasəli bəy 1920-ci illərin ortalarında həbs olunub və1930-cu illərdə sürgündə vəfat edib. İkinci Dünya Müharibəsi başlayanda Abbas üçüncü kursda oxumasına baxmayaraq, təhsilini yarıda qoyaraq könüllü olaraq cəbhəyə gedir. O, iki ay Bakı artilleriya məktəbində təhsil alır, 1941-ci ilin avqustunda Krım cəbhəsinə yollanan Abbas Cənubi Qafqaz və Şimali Qafqaz cəbhələrində də vuruşub.


1942-ci ildə ağır yaralanır. Onu tərxis etmək istəsələr də, razı olmur və yaralı halda yatdığı hospitaldan qaçaraq birbaşa cəbhəyə qayıdır. O, baş serjant rütbəsi ilə ön cəbhəyə qayıdır və 48-ci atıcı alayında telefon rabitəsi bölməsinə başçılıq edir. Müharibənin bitməsinə üç ay qalmış (1945-ci ilin yanvar ayında) Kalininqrad istiqamətində gedən döyüşlərdə ikinci dəfə yaralanan Abbas bu illər ərzində göstərdiyi şücaətə görə 3-cü dərəcəli “Şöhrət” ordeni ilə təltif olunur.


Gələcək alimin müharibədə göstərdiyi qəhrəmanlıqlar barədə xeyli rəsmi sənədlər də qalmaqdadır. 1945-ci il aprel ayının 21-də Pillau (indiki Baltiysk, Kalininqrad vilayəti) şəhəri uğrunda gedən döyüşlərdə iştirak edən Abbas yenidən qəhrəmanlıqlarına görə fərqləndirilir. İyun ayında ona Qızıl Ulduz Ordeni təqdim edilir.


Abbas Çayxorski müharibədən sonra Bakıya qayıdır. Çayxorski universitetdə təhsilini davam etdirməyə başlayır və tezliklə onu təhsil əlaçısı kimi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Leninqrad Universitetinin kimya fakültəsinin dördüncü kursuna, yenicə açılmış radiokimya bölməsinə köçürürlər.


Atom bombasını yaradanların içində Abbas Abbasoviç Çayxorski adında bir azərbaycanlı olduğuna dair mənbələrdə də məlumat var. O, SSRİ-də atom sahəsi üzrə böyük bir komitəyə başçılıq edib. 1947-ci ildə ali məktəbi bitirəndən sonra təyinatla Çelyabinskdə təşkil olunmuş Atom mərkəzinə işləməyə göndərilən Abbas Çayxorski sovet nüvə texnologiyasının atası sayılan İqor Kurçatovun yanında kifayət qədər böyük təcrübə toplayıb. Onu da qeyd edək ki, Çayxorski öz ömür-gün yoldaşı, eləcə də, tələbə yoldaşı olmuş Yevgeniya Romanova (Çayxorskaya) ilə də məhz bu illərdə ailə həyatı qurur. 1953-cü ildə Çelyabinskdə onların övladı Aleksandr Çayxorski dünyaya gəlib.


Mənbələrdə qeyd edilir ki, Çelyabinskin yanında qapalı bir şəhərcik mövcud idi. “Çelyabinsk - 40” adlanan ərazidə çalışan Kurçatov uran reaktoru üzərində işləyirdi. Bütün SSRİ-dən ən savadlı gənc kimyaçılar məhz buraya göndərilirdi. Abbas bəy də onlardan biri olub. Beləliklə, qısa müddətdə Abbas Çayxorski İ.Kurçatovun diqqətini cəlb edir. Aparılan tədqiqatlar zamanı ortaya yeni bir zərurət çıxır. Belə ki, xüsusi vakuum qurğusunun yaradılması zərurəti ilə Kurçatov birbaşa Moskvaya məlumat verir. Moskvadan ona deyirlər ki, bu qurğunun yaradılma prosesi ən azı bir il çəkə bilər. Kurçatov isə tədqiqatlara ara vermək istəmir və alternativ yollar axtarmağa başlayır. Qərara gəlir ki, yanında çalışan gənc kimyaçılara bu məsələdən danışsın. Belə də olur. O, gəncləri toplayır və iclasda onlara bu qurğunun qısa müddətdə hazırlanmasının vacib olduğunu bildirir. Kimyaçılardan Abbas Kurçatova bu işi görə biləcəyini bildirir. İ.Kurçatov onun cəsarətinə ciddi yanaşmasa da, “yox” demir və zaman verir.


Təəccüblü məqam və Abbas Çayxovskinin iti zəkası da məhz bu hadisədən sonra ortaya çıxır. Belə ki, cəmi bir ay müddətində Abbas vakuum qurğusunun layihəsini Kurçatova təqdim edir. Həmin dialoqla bağlı mənbələrdə qeyd edilən qısa mətnlərdə deyilir: “Qaydalara görə, biz hər dəqiqə Kurçatovun yanına girə bilməzdik. Yalnız həftədə bir dəfə onunla görüşmək imkanımız olardı. Layihəni ona təqdim etməli idim və təcili olaraq ona yaxınlaşdım. Kurçatovun qapısında həmişə polkovnik rütbəli hərbçilər dayanırdı. Onlara məruzə etdikdən sonra bir saat gözlədim və məni içəri buraxdılar. Layihəni göstərdim. Məni göndərdi. Bir saat sonra yenidən yanına çağırdı. İnana bilmirdi. “Afərin”, - dedi. Dərhal da elə mənim yanımdaca Moskvaya zəng edərək məruzə elədi. Moskvadan layihəni götürmək üçün xüsusi təyyarə göndərdilər. İki aydan sonra isə sovet konstruktorları artıq vakuum qurğusunu hazırlamışdılar”.


Abbas Çayxorski SSRİ-də nüvə məsələsini araşdıranların zarafatla “Bakı klubu” adlandırıldığını deyirdi. Səbəb isə Landaunun Bakıda anadan olması, Abbas Çayxorskinin azərbaycanlı olması, məşhur kimyaçı Kurçatovun isə öz təhsilini Bakıda alması idi.


Məhz bu hadisədən sonra sovet kimya elmində Çayxorskinin adı kimyaçılar arasında tanınmağa başlayıb. O, “Neptun kimyası” adlı monoqrafiya yazır. Bu monoqrafiya dünyada bu mövzu üzrə yazılan yeganə elmi əsərdir. Həmin nəzəriyyə bu gün də kimya və fizika sahəsində keçərlidir. 1970-ci ildə hazırladığı cədvəl Mendeleyev cədvəlinin modifikasiyası hesab olunur. Kimyaya beşinci kvant ədədinin gətirilməsi ideyasının da müəllifi məhz Çayxorskidir.


1969-cu ildə Abbas Çayxorski atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri təyin olunur və bu vəzifədə SSRİ-nin süqutuna qədər - 22 il qalır.


Onun nəzəri elmi tədqiqatları SSRİ-də yüksək qiymətləndirilir. Abbas Çayxorski neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçıdır, habelə hələ 1970-ci ildə hazırladığı elementlərin dövri sistemi cədvəli (Mendeleyev cədvəlinin modifikasiyası) SSRİ-də radiokimya sahəsində müəllimlərin ixtisasını artırmaq fakültələrinin tədris proqramına salınmışdı.


SSRİ dağılandan sonra Çayxorski Nüvə Tədqiqatları Komissiyasından uzaqlaşdırılır. Bu, alimə çox pis təsir edir. O və həyat yoldaşı qərara gəlirlər ki, Rusiyanı tərk edib ABŞ-a, oğulları Aleksandrın yanına köçsünlər. Bu qərar Moskvada hiddətlə qarşılanır. Rusiya hökuməti onu bütün titullardan məhrum edir və atom kimyası sahəsində tədqiqatlar aparmayacağı haqqında ondan yazılı iltizam alır. Məhz bundan sonra ona okeanın o tayına köçməyə icazə verilir.


Çayxorski orada molekulyar biologiya ilə məşğul olmağa başlayıb. A.Çayxorski neptun kimyası sahəsində bu gün də öz aktuallığını saxlayan nəzəriyyələrin müəllifidir.


Alim 2008-ci il noyabr ayının 30-da 91 yaşında ABŞ-ın Nevada ştatının Rino şəhərində vəfat edib.

 
 
Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page