top of page

SSRİ Elmlər Akademiyasına müxbir üzv seçilmiş ilk azərbaycanlı alim

  • setm63
  • 5 февр.
  • 3 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Əli Ağamalı bəy oğlu Əmiraslanov

Əli Ağamalı bəy oğlu Əmiraslanov 1900-cı il dekabrın 22-də Qubadlı rayonunun Balahəsənli kəndində anadan olmuşdur. O, çox erkən yaşlarında valideynlərini itirmiş, nənəsinin himayəsi altında böyümüşdür. İlk təhsilini əvvəlcə kənd, sonra Şamaxı realnı məktəbində almışdır.


1925-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı vəzifəsində çalışmışdır. Həmin ilin sonunda Respublika Xalq Təsərrüfatının Ali Şurasına şöbə müdiri təyin olunmuşdur. Ə.Əmiraslanov işləyə-işləyə hazırlıq kursunda oxumuş və Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olmuşdur. 1926-cı ilin payızında köçürmə yolu ilə Moskva Dağ-Mədən Akademiyasının geoloji-kəşfiyyat fakültəsinə qəbul edilmişdir. 1930-cu ildə təhsilini uğurla başa vurub mühəndis-geoloq ixtisasına yiyələnmişdir. Ə.Əmiraslanov, A.Pavlov, P.Lavrov, İ.Qubkin, A.Arxangelski, S.Nametkin, V.Obruçev kimi görkəmli alimlərdən dərs almış, onlardan geologiya elminin sirlərini öyrənmişdir.


Gənc geoloq 1930-cu ildə Moskva Geoloji Kəşfiyyat İnstitutunun təşkilində fəal iştirak etmiş və orada böyük elmi işçi kimi fəaliyyətə başlamışdır. Bununla yanaşı, Ümumittifaq Mineral Xammal İnstitutunda geoloji-kəşfiyyat dəstəsi və ekspedisiyasının rəhbəri işləyən Ə.Əmiraslanov həmin illərdən həyatını keçmiş SSRİ-nin əlvan metallurgiyasının mineral-xammal bazasının öyrənilməsinə, inkişafına və möhkəmləndirilməsinə həsr etmişdir. O, 1936-cı ilədək Şərqi Qazaxıstan, Ural, Zabaykalye, Orta Asiya, Şimali və Cənubi Qafqazda dəyərli metalların axtarışını aparmışdır.


Əli Əmiraslanov, eləcə də Gədəbəyin, Qərbi Azərbaycan torpaqları olan Qafan və Qacaranın mis yataqlarının tədqiqini daim diqqət mərkəzində saxlamış və Cənubi Azərbaycan torpaqlarında da axtarışlar aparmışdır. 1937-ci ildə alim beynəlxalq geoloji konqresin çağırılması və Moskvada keçirilməsi ilə bağlı təşkilat komitəsinə dəvət edilmişdir. O, XVII Beynəlxalq geoloji konqresin elmi katibi və rəyasət heyətinin üzvü təyin olunmuşdur. 1938-ci ildə Elmi-Tədqiqat Qızılın Geoloji Kəşfiyyatı İnstitutuna elmi işlər üzrə direktor müavini göndərilmiş, 1939-cu ilin avqust ayında əlvan metallurgiya xalq komissarının əmri ilə həmin komissarlığın Baş Geologiya İdarəsi rəisinin birinci müavini - baş mühəndisi təyin edilmiş, 1947-ci ilədək bu məsul vəzifədə uğurla çalışmışdır. Bilavasitə onun iştirakı ilə yeddi sənaye əhəmiyyətli əlvan metal yatağı kəşf edilmiş və istismara verilmişdir.


Görkəmli geoloqun fəaliyyəti yalnız SSRİ məkanının geologiyasını öyrənməklə məhdudlaşmamışdı. O, eləcə də Çin, İran, Rumıniya, Polşa, Macarıstan, İsveç və digər ölkələrdə geoloji işlərlə məşğul olmuş, həmin ölkələrin metallurgiya sənayesinin inkişafına töhfələr vermişdir. Əli Əmiraslanov tutduğu yüksək vəzifələrdən asılı olmayaraq daim elmi-tədqiqat işləri aparırdı. Zəngin nəzəri biliyə, elmi bazaya və praktik iş təcrübəsinə malik alimin araşdırmaları Uralın mis-kolçedan yataqlarının, habelə Qazaxıstanın və Orta Asiyanın qurğuşun-sink yataqlarının tədqiqinə həsr olunmuşdur. 1937-ci ildə Uralın mis-kolçedan yataqlarının geologiyası sahəsindəki orijinal elmi əsərə, yəni yataqların mineraloji xarakteristikasının ətraflı tədqiqinə görə ona geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Əli Əmiraslanov ittifaq miqyasında yüksək səviyyəli geoloq, geoloji xidmətin istedadlı təşkilatçısı və yataqların geoloji-kəşfiyyat işlərinin ümumi nəzəri məsələlərini konkret praktiki tapşırıqlarla həmahəng həll etməyi bacaran mütəxəssis kimi nüfuz qazanmışdır.


Keçmiş mis yataqlarının geologiyası və mineralogiyasına, mis filizinin genetik tiplərinə və SSRİ ərazisində perspektivin dəyərləndirilməsinə həsr etdiyi monoqrafiyasında Əli Əmiraslanov ittifaq miqyasında əldə edilmiş faktiki materialları araşdırmış, hətta xarici ölkələrin mis yataqları ilə müqayisələr aparmışdı. Həmin monoqrafiyada mis filizi yataqlarının geoloji-iqtisadi təsnifatı əhatəli şəkildə, geniş miqyasda verilmiş, mis axtarışı və kəşfiyyatı üzrə başlıca istiqamətlər düzgün seçilmişdir. Məhz bu sanballı monoqrafiyanın əsasında o, doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Əli Əmiraslanov həmin ixtisas üzrə professor elmi adına da layiq görülmüşdür. Geologiya-mineralogiya elminin inkişafında, eləcə də gənc geoloqlar nəslinin yetişməsində xüsusi xidmətləri nəzərə alınaraq, 1953-cü ildə professor Əli Əmiraslanov SSRİ Elmlər Akademiyasına (EA) müxbir üzv seçilmişdir. O, SSRİ EA-ya müxbir üzv seçilmiş ilk azərbaycanlı olmuşdur. Alim ömrünün sonunadək elmi axtarışlarını davam etdirmiş, irihəcmli əsərlər qələmə almışdır. Onun rus dilində yazdığı və Moskvada nəşr olunmuş monoqrafiyalarından “Qurğuşun və sink yataqlarının əsas tipləri (Axtarış, kəşfiyyat və qiymətləndirmə metodları)” (1957), “Avstriyanın qurğuşun-sink yataqları (Geoloji səciyyə və yerləşmə qanunauyğunluqları)” (1960, əsəri N.İvanovla birgə yazmışdı), “Faydalı qazıntıların axtarışının mütərəqqi metodları” (1961) geniş rezonans doğurmuş və dəyərli vəsaitə çevrilmişdir.


Eyni zamanda, Əli Əmiraslanovun rəhbərliyi ilə istehsalat və elmi-tədqiqat təşkilatlarının mütəxəssisləri tərəfindən qalay-sink yataqlarının geologiyası mövzusunda irimiqyaslı tədqiqatların aparıldığı, SSRİ-nin ayrı-ayrı filiz yataqları haqqında monoqrafik materialları tərtib olunmuşdur.


0İstedadlı alim, vətənpərvər, xeyirxah insan Əli Əmiraslanov ömrünün 62-ci baharında, 1962-ci ildə dünyasını dəyişmişdir.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page