Sovet hakimiyyəti illərində milli şüuru oyadan görkəmli alim
- setm63
- 18 мар.
- 3 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Şıxəli Qurban oğlu Qurbanov

Şıxəli Qurban oğlu Qurbanov 1925-ci il avqust ayının 16-da Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. Atası Qurban Qurbanov Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər fəhlə, sonra isə rəhbər vəzifələrdə çalışmışdır. Şıxəli Qurbanov 1941-ci ildə yazdığı tərcümeyi-halında atasının mərd, mübariz insan olduğunu və özünün də atasından tərbiyə alaraq hələ balaca ikən bacarıqlı və inadlkar olduğunu göstərmişdir. Anası Zəhra Qurbanova evdar qadın olmuşdur.
Şıxəli Qurbanov 1932-ci ildə Bakının 9 N-li məktəbinin 1-ci sinfinə daxil olmuşdur. Məktəbdə oxuyarkən öz qabiliyyəti və bacarığı ilə müəllim və şagird kollektivinin dərin hörmətini qazanmışdır. 1947-ci ildə o, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinə daxil olur. 1951-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirir. 1950-ci ildə Şıxəli ədəbiyyatşünaslıqda elmi axtarışlarla məşğul olur, sonra institutun Ədəbiyyat tarixi kafedrasının müəllimi, dosenti kimi bir çox illər rus ədəbiyyatı kursunda dərs deyir. Elə bu illərdəki axtarışlar onu bir alim kimi formalaşdırır. Ş.Qurbanov 1956-cı ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün “A.S.Puşkin və Azərbaycan poeziyası” mövzusunda müvəqqiyyətlə dissertasiya etmişdir. O, əvvəllər ADPU-nun baş müəllimi, 1958-ci ildən sonra isə dosenti olmuşdur. Şıxəli Qurbanov 1965-ci ildə “XIX əsrdə Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
1942-1946-cı illərdə orduda xidmət etmiş, Böyük Vətən müharibəsindəki xidmətlərinə görə “İgidliyə görə”, “Almaniya üzərində 1941-1945-ci illərdə qələbə” medalları ilə təltif edilmişdir.
1946-cı ildə Bakı istehsalat kombinatında kadrlar şöbəsinin müdiri vəzifəsində işləyir. 1947-ci ildə Azərbaycan LKGİ Bakı Şəhər komitəsinin təlimatçısı göndərilir. 1953-cü ildə Azərbaycan KP Şəhər Rayon Partiya komitəsinin katibi, 1945-55-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1955-57-ci illərdə Bakı Voroşilov (indiki Səbayıl) Rayon Partiya komitəsinin I katibi, 1955-59-cu illər Bakı Zəhmətkeşlər Deputatları Sovetinin deputatı,1957-ci ildə SSRİ Jurnalistlər İttifaqının üzvü, 1957-61-ci illərdə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri, elə həmin illərdə Azərbaycan KP MK-nın üzvü, 1958-63-cü illərdə Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilir. 1966-cı ilin fevral ayında Azərbaycan Kommunist Partiyasının XXVII qurultayında Şıxəli Qurbanov Azərbaycan KP MK üzvü, birinci pleniumda isə Azərbaycan KP MK bürosunun üzvü və katibi seçilir. O, bu vəzifədə həyatının sonuna kimi zəhmətsevərliklə çalışmışdır. O, respublikada ideoloji işin daha da yaxşılaşmasına, bu işin yüksək tələblər səviyyəsinə qaldırılmasına yorulmadan əzmlə və var qüvvəsi ilə çalışırdı.
Şıxəli Qurbanov müxtəlif imzalarla şeirlər yazmışdır. Lakin əsasən o, “Şıxəli Qurbanzadə”, “Şıxəli Sadiq”, “Şıxəli Qurbanov” imzalarından istifadə etmişdir. Şıxəli Qurbanovun müxtəlif mövzulara həsr olunmuş “Məktub yazılmışdır”, “Fırtına qabağı”, “Neftçi qardaşıma”, “Durnalar”, “Sülh göyərçini”, “Mahir”, “İnsanın gərək hər şeyi gözəl ola”, “Telefon zəngi”, “Keçəl dərman bilsəydi”, “Karyerist”, “Malades qanacağına”, “Alim”, “Gözdən olmasın”, “Bayram şamları” və s. bu kimi şeirlərində sovet rejimində insanların gündəlik həyatının incəliklərinə toxunur.
Şıxəli Qurbanovun ilk məlum nəsr əsəri “Telefon zəngləri” hekayəsidir. Bunun ardınca isə mətbuatın müxtəlif sahələrində “”Elmi ezamiyyət”, “Mənə bu da azdır”, “Natiq”, “Balaxanımın dərdi”, “Xaş Məmiş”, “Mən niyə Qorki olmadım?”, “Yaxşılıq”, “Uğursuz başlanğıc”, “İnkubator danaları”, rus dilində nəşr olunan satirik hekayələr kitabında “Mənim qonşumun yuxusu” hekayəsi çap olunmuşdur.
Şıxəli Qurbanovun çap olunan və tamaşaya qoyulan əsərləri bunlardır: “Əcəb işə düşdük”, “Bahadır və Sona”, “Özümüz bilərik”, “Olmadı elə,oldu belə”, “Milyonçunun dilənçi oğlu”, “Sənsiz”, “Sevindik qız axtarır”, “Bitməmiş söhbət”.
O, həyata çağıran, nikbin ruhlu, geriliyi, meşşanlığı, insanların xoşbəxt yaşamasına mane olan, hər şeyi dərin nifrətlə tənqid atəşinə tutan gözəl pyeslər və liberottolar yazmışdır. “Milyonçunun dilənçi oğlu” tamaşasına yazdığı libretto üçün o, 1967-ci ilin yanvarında Üzeyir Hacıbəyov adına respublika mükafatına layiq görülmüşdür.1967-ci il 8 avqust SSRİ Ali Soveti Rəyasət heyətinin qərarı ilə “Sənsiz” pyesi “Lenin” ordeninə layiq görülmüşdür.
Şıxəli Qurbanovun partiya və ictimai fəaliyyəti 20 ilə yaxın, elmi və ədəbi fəaliyyəti isə 15 il davam etmişdir.
1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində keçirilən Novruz bayramının təşəbbüskarı və təşkilatçısı Şıxəli Qurbanov idi. Milli ruh, Azərbaycan tarixini və ədəbiyyatını dərindən bilməsi, xalqının milli bayramının rəsmiləşdirilməsi istəyi ona bu ideyanı həyata keçirməyə kömək oldu. Bayramı keçirməkdə əsas məqsəd isə Azərbaycan xalqının milli şüurunu oyatmaq idi. Novruz bayramının belə təntənəli keçirilməsinə görə Şıxəli Qurbanov təzyiqlərə məruz qalır. Onun həyat yoldaşı Xavər xanımın sözlərinə görə, “bayramdan sonra üç dəfə həyatına qəsd olundu. Bir dəfə maşında gedərkən güllə atmışdılar ona, əlinə dəyib sıyırmışdı. Daha sonra üstünə maşın sürmüşdülər. Bir dəfə də zəhərləmək istəyiblər alınmayıb”. Lakin dördüncü cəhd baş tutur.
Belə ki, 1967-ci ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölmüş, həkim pəncərədən qaçmışdır.
Ölümündən sonra onun xatirəsini əbədiləşdirmək üçün Azərbaycan Dövlət Musiqili Komediya Teatrına, Zaqatala şəhərindəki orta məktəbə, Bakı şəhərindəki küçələrdən birinə onun adı verilmişdir.