top of page

Son illərdə Azərbaycanda rəqəmsal ordu konsepsiyası çərçivəsində əhəmiyyətli addımlar atılıb

  • setm63
  • 3 часа назад
  • 2 мин. чтения

Hazırda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xəritəçilik İşçi qrupunda ortaq şərti işarələrin hazırlanması üzrə işlər davam edir. Məqsədimiz vahid standartlara cavab verən ümumi xəritə yaratmaqdır. Bununla yanaşı, TDT-yə üzv ölkələrin müxtəlif sahədə, o cümlədən inzibati, tarixi, mədəni, turizm sahələrini əhatə edən tematik xəritələrin hazırlanması da Türk dünyasının tanıdılması və əlaqələrimizin inkişafına dəyərli töhfə vermiş olacaq.


ree

Bunu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin “Xəritəçilik İşçi Qrupu”nun 2-ci iclasında çıxışı zamanı deyib.


Müdafiə və təhlükəsizlik sahəsində topoqrafik xəritələrin əhəmiyyətini xüsusi qeyd edən A.Əliyev bildirib: “44 günlük Vətən müharibəsi zamanı xəritəçiliyin döyüş fəaliyyətlərinin idarə edilməsində xüsusi rolu və yeri hamı üçün bir daha bəlli oldu. Müasir müharibələrdə yüksəkdəqiqlikli silahların, elektron idarəetmə sistemlərinin, pilotsuz uçuş aparatlarının tətbiq edildiyi bir şəraitdə dəqiq topoqrafik xəritələr, peşəkar şəxsi heyət olmadan qələbə qazanmaq qeyri-mümkündür. Bu, bir daha xəritəçi mütəxəssislər üzərinə nə qədər böyük məsuliyyətin düşdüyünü, döyüş tapşırığının icrasında onların ciddi rol oynadığını göstərir. Əldə edilən təcrübə əsasında 2021-ci ildə Müdafiə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə hazırladığı texniki tapşırığa uyğun olaraq Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən dünya geodeziya koordinat sisteminə əsaslanan yeni topoqrafik xəritələrin hazırlanmasına start verilib. Bu il proses müvəffəqiyyətlə başa çatdırılıb”.


O, həmçinin qeyd edib ki, son illərdə Azərbaycanda rəqəmsal ordu konsepsiyası çərçivəsində əhəmiyyətli addımlar atılıb: “Rəqəmsal ordunun əsasını təşkil edən elementlərdən biri də məhz rəqəmsal xəritələr, rastr və vektor məlumatlarıdır. Müasir müharibələrdə müştərək əməliyyatların aparılması, habelə asimmetrik və hibrid müharibə konsepsiyalarının həyata keçirilməsi üçün vahid rəqəmsal xəritələrin, müharibə və təhlükəsizlik təyinatlı məkan, məlumat və informasiya sistemlərinin tətbiqi əsas şərtdir. Bundan başqa, coğrafi informasiya sistemlərinin yaradılması da artıq günümüzün tələbidir”.


“Dünyada baş verən qlobal rəqəmsallaşma prosesi xəritəçiliyi də əhatə edir və onun fəaliyyət sahələrini genişləndirir. Bu zəruri texniki imkanların, müvafiq proqram təminatının və ixtisaslı kadrların mövcudluğunu şərtləndirir. Bu mənada TDT-yə üzv ölkələrin səylərini birləşdirməsi və təcrübə mübadiləsinin aparılması çox mühüm əhəmiyyətə malikdir. Dost və qardaş ölkələr olaraq vahid xəritələrdən istifadə edilməsinin üstünlüyü danılmazdır. Bu, təkcə texniki uyğunluq məsələsi deyil, bu, qarşılıqlı anlaşma, əməkdaşlıq imkanlarının genişlənməsi, məlumat mübadiləsinin sürətləndirilməsi və birgə təhlükəsizlik mühitinin gücləndirilməsi deməkdir”, - deyə A.Əliyev qeyd edib.

 

 
 
Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page