Respublikada torpaqəmələgəlmənin energetikasına dair təlimin elmi əsaslarını inkişaf etdirmiş alim
- setm63
- 10 янв.
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir. Bu alimlər sırasında müxtəlif millətlərin nümayəndələri də var ki, həmin alimlər ölkəmizdə elmin inkişafına öz sanballı töhfələrini vermişlər.
Volobuyev Vladimir Rodionoviç

Volobuyev Vladimir Rodionoviç 25 iyul 1909-cu ildə Krasnodar şəhərində anadan olmuşdur. Kuban şəhərindəki Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir (1930).
1944-cü ildə Gürcüstan Kənd Təsərrüfatı İnstitutunda “Şoranlaşmış torpaqların yuyulması” mövzusunda kənd təsərrüfatı elmləri üzrə namizədlik, 1945-ci ildə V.V.Dokuçayev adına Torpaq İnstitutunda “Azərbaycanda torpaqların şoranlaşmasının təbii-tarixi və meliorativ baxımdan işıqlandırılması” mövzusunda kənd təsərrüfatı elmləri üzrə doktorluq dissertasiyalarını müdafiə etmiş, professor (1949) elmi adını almışdır. AMEA-nın müxbir üzvü (1955) və həqiqi üzvü (1958), SSRİ EA-nın müxbir üzvü seçilmişdir (1968).
V.Volobuyev Tiflis şəhərində Zaqafqaziyanın Su Təsərrüfatı İnstitutunda böyük torpaqşünas vəzifəsində çalışmış (1931-1937), Bakıya gələrək SSRİ EA-nın Azərbaycan filialının Torpaqşünaslıq şöbəsində Torpaq fizikası bölməsinə rəhbərlik etmişdir (1939-1941). Cənubi Muğan, Böyük Qaraçalı, Şirvan, Kür-Araz və s. ovalığı torpaq ekspedisiyasına rəhbərlik etmişdir. Qafqaz Su Təsərrüfatı ET İnstitutunun Azərbaycan filialında direktor müavini (1945-1946) işləmişdir. AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmış (1947-1948), institutun Torpaqların meliorasiyası laboratoriyasına rəhbərlik etmişdir (1949-1950). İnstitutun direktor müavini (1950-1952) və direktoru (1952-1956) vəzifəsində çalışmışdır. AMEA-nın Biologiya və Kənd Təsərrüfatı Elmləri Şöbəsinin akademik-katibi, EA-nın vitse-prezidenti (1957-1958) olmuşdur.
V.Volobuyev Azərbaycanın iri irriqasiya-meliorasiya obyektlərinin tədqiqi nəticəsində meliorativ rayonlaşma prinsiplərini müəyyən etmiş və onların yuyulması nəzəriyyəsini yaratmışdır. Duzların miqrasiya proseslərinin 6 genetik formasını müəyyən etmişdir. Torpaq ekologiyası, təsnifatı və diaqnostikası məsələlərini işləyib hazırlamışdır. Respublikada torpaqəmələgəlmənin energetikasına dair təlimin elmi əsaslarını inkişaf etdirmişdir.
V.Volobuyev 5 kitab, 156 məqalə, 4 xəritə və 5 patentin müəllifidir. Onun rəhbərliyi və məsləhətçiliyi ilə 15 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanmışdır.
V.Volobuyev keçmiş Ümumittifaq Torpaqşünaslar Cəmiyyətinin Mərkəzi Şurasının, SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Elmi-Texniki şurasının üzvü olmuşdur.
Alim 2 dəfə SSRİ Dövlət Mükafatı, “Xalqlar Dostluğu” ordeni və “B.B.Dokuçayev” adına mükafatla təltif olunmuş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Akademik Vladimir Volobuyev 1987-ci ildə Bakı şəhərində vəfat etmişdir.