Qərbi Xəzər gömülmüş qalxımını aşkar etmiş geoloq alim
- setm63
- 22 июл.
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Şixəlibəyli Ədhəm Şahlarbəy oğlu

Ədhəm Şahlarbəy oğlu Şıxəlibəyli 1911-ci ildə Şamaxı rayonunun Bicov kəndində anadan olmuşdur. 1937-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.
Ə.Şıxəlibəyli 1947-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1965-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, professor elmi adını almış, 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir.
Alim 1954-cü ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. O, Azərbaycan SSR EA-nın Yer haqqında Elmlər Bölməsinin akademik-katibinin müavini olmuşdur. Uzun illər institutun Geotektonika, stratiqrafiya və litologiya şöbəsinə, 1969-1971-ci illərdə Əlcəzairdə neft-qaz yataqlarının axtarışını aparan Sovet geoloqlar qrupuna başçılıq etmişdir. Ə.Şıxəlibəyli 1992-ci ildən ömrünün sonuna qədər Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti olmuşdur.
Ə.Şıxəlibəyli SSRİ EA Geologiya, geofizika, geokimya və dağ elmləri şöbəsinin müəssisələrarası tektonik komissiyasının üzvü, BDU-nun Dövlət Geologiya və Mineral Ehtiyatları Komitəsinin elmi-texniki şuralarının üzvü, Azərbaycan Sovet Ensiklopediyası Redaksiya Şurasının üzvü, Azərbaycan EA “Xəbərlər” jurnalı Yer Elmləri seriyasının baş redaktorunun müavini olmuşdur.
Ədhəm Şıxəlibəyli Şərqi Qafqazın qırışıqlıq sisteminin əmələ gəlməsinin mərhələlərini müəyyən etmiş, onları struktur zonalara bölmüş və onların yaranmasında şimal-qərbi kembridənqabaq və şimal-şərqi rifey yarıqlarının rolunun elmi əsaslarını vermişdir. O, şimal-şərq istiqamətdə uzanan Qərbi Xəzər gömülmüş qalxımını aşkar etmiş və bu qalxımın Qafqaz qırışıqlıq sisteminin müsbət strukturlarının Xəzər dənizinə yaxınlaşdıqca, birləşmələrinə səbəb olmasını əsaslandırmışdır. İlk dəfə olaraq Balakən-Zaqatala regionunda polimetal filiz yataqlarının aşkar edilməsi perspektivliyini sübut etmişdir.
O, müxtəlif beynəlxalq simpozium və toplantılarda (Hindistan, Avstriya, Türkiyə, İran, İngiltərə, ABŞ, Moskva və s.) respublikamızın təmsilçisi kimi müasir elmin aktual problemləri üzrə fundamental məruzələrlə çıxış etmişdir.
Ə.Şıxəlibəyli 250-dən çox elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifi və Azərbaycanın geoloji, tektonik, paleotektonik, geomorfoloji, neotektonik və metallogenik xəritələrinin, Qafqazın və Avropanın tektonik xəritələrinin həmmüəllifi idi.
1979-cu ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Akademik Ədhəm Şıxəlıbəyli 1996-cı ildə Bakıda vəfat etmişdir.
