Nüfuzlu riyaziyyatçı alim
- setm63
- 6 авг.
- 1 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Hüseynzadə Sabir Məcid oğlu

Hüseynzadə Sabir Məcid oğlu 29 iyul 1950-ci ildə Moskva şəhərində anadan olmuşdur. Əslən azərbaycanlıdır. Atası Məcid Hüseynzadə Ərdəbil şəhərində anadan olmuş, 1932-ci ildə ailəsi ilə Azərbaycana köçmüş, riyaziyyat üzrə çalışmışdır.
S.Hüseynzadə də atasının yolu ilə getmiş, orta təhsilini 1957-1966-cı illərdə Moskva şəhərində almışdır. 1971-ci ildə Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmiş, 1971-1974-cü illərdə 01.01.04. ixtisası üzrə aspiranturada təhsil almışdır. 1975-ci ildə Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində 01.01.04 ixtisası üzrə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 1991-ci ildə Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsində 01.01.09. ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə sahib olmuşdur.
Sabir Hüseynzadə 1974-1996-cı illərdə Moskva Dövlət Universitetinin coğrafiya fakültəsində işləmişdir. 1996-cı ildən indiyə kimi Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Ali həndəsə və topologiya kafedrasının professorudur. Eyni zamanda Moskva Müstəqil Universitetində dərs deyir. Moskva Dövlət Universitetinin fəxri professorudur.
S.Hüseynzadənin elmi maraq dairəsinə sinqulyarlıq nəzəriyyəsi və cəbri fəzaların topologiyası daxildir. O, cəbri həndəsə, cəbri topologiya, tətbiqi riyaziyyat sahələrində tanınmış mütəxəssisdir və nüfuzlu riyaziyyatçılardan biri kimi qəbul olunur. 200-dən çox elmi əsərin, 9 monoqrafiyanın müəllifidir. Sabir Hüseynzadənin rəhbərliyi ilə 11 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.
Sabir Hüseynzadə 1998-ci ildə 61-ci Moskva riyaziyyat olimpiadasının təşkilat komitəsinin sədri olmuşdur. “Moskva Riyaziyyat” jurnalının redaktoru, bir neçə jurnalın redaksiya heyətinin üzvüdür.
Həmçinin nüfuzlu Moskva Riyaziyyat Cəmiyyətinin üzvüdür.
