Neft və qaz sahəsində respublikada yüksəkixtisaslı kadrlar hazırlayan alim
- setm63
- 7 апр.
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Bağırzadə Faiq Məmməd oğlu

Bağırzadə Faiq Məmməd oğlu 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhərindəki 132 nömrəli orta məktəbdə təhsilini başa vurduqdan sonra 1943-1949-cu illərdə indiki Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini Mühəndis-geoloq ixtisası üzrə bitirmişdir.
1953-cü ildə “Abşeron yarımadasının sahilboyu və bitişik sahələrdə Qala dəstəsinin kəşfiyyatı” mövzusunda dissertasiya müdafiə edərək geologiya-minerologiya elmləri namizədi alimlik elmi dərəcəsi alıb. 1964-cü ildə o, geologiya-minerologiya elmləri doktoru elmi dərəcəsini almaq üçün “Abşeron neft-qazlı sahəsinin şərq hissəsində məhsuldar qatın alt şöbəsində neft və qaz yataqlarının yerləşmə və formalaşmasının qanunauyğunluqları” mövzusunda uğurla dissertasiya müdafiə edib. 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir.
F.Bağırzadə əmək fəaliyyətinə 1947-1949-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda baş laborant olaraq başlayıb. 1949-cu ildə “Qobustanneftqaz kəşfiyyatı” trestinin “Qarabağ-Qaradaş” kontorunda mühəndis-geoloq olub. Neft və qaz yataqlarının geologiyası kafedrasının aspirantı olan Faiq Bağırzadə 1951-ci ildə “Azneft” birliyinin dənizdə qazıntı axtarışı trestinin “Neft daşları”nda mühəndisi vəzifəsində çalışıb. 1952-1954-cü illərdə Azərbaycan Sənaye İnstitutunun Neft və qaz yataqlarının geologiyası kafedrasında assistent vəzifəsində işləmişdir. 1954-1962-ci illərdə kafedranın böyük müəllimi və dosenti, 1962-1965-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinin dekanı təyin olunmuşdur.
F.Bağırzadə 1964-1965-ci illərdə Birma Respublikasında Ranqun Texnoloji İnstitutunun professoru vəzifəsində işləmişdir. 1965-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU) xarici vətəndaşların təhsili üzrə fakültəsinin dekanı, 1966-1970-ci illərdə Neft və qaz yataqlarının geologiyası kafedrasının professoru və kafedranın müdiri vəzifələrində işləmişdir.
1970-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) rektor təyin edilmiş, 1987-ci ilə kimi bu vəzifədə çalışmışdır. Onun iştirakilə universitetin tədris-material bazası xeyli genişlənmiş, yeni kafedralar, tətbiqi riyaziyyat fakültəsi açılmış, institutlararası elmi-tədqiqat hesablama mərkəzi təşkil olunmuşdur. Faiq Bağırzadənin rektorluğu dövründə universitetdə elmlər doktorlarının sayı 62 nəfərdən 145 nəfərə çatıb.
Alim respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edib. O, 1971-ci ildən başlayaraq uzun müddət Azərbaycan KP MK-nın üzvü, Respublika Ali Sovetinin səkkizinci, doqquzuncu, onuncu və on birinci çağırışları üzrə deputatı seçilib.
F.Bağırzadə neft geologiyası və Cənubi Xəzərin neft-qaz yataqlarının geokimyası sahələrində görkəmli alim idi. Xəzər akvatoriyasının bir sıra sahələrinin neft-qaz yataqlarının (“Günəşli” strukturu) perspektivliyini öyrənmişdir.
O, 100-dən artıq elmi əsər, o cümlədən 12 monoqrafiya, geologiyanın və geokimyanın müxtəlif problemləri üzrə çoxsaylı dərsliklər və tədris vəsaitləri nəşr etdirmişdir. F.Bağırzadənin elmi kadrların hazırlanması işində böyük xidmətləri olmuşdur.
Alim “Oktyabr İnqilabı” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunmuşdur. 1980-ci ildə ona Azərbaycan SSR-in Əməkdar elm xadimi fəxri adı verilmişdir. O, bir qrup alimlərlə birlikdə “Azərbaycan SSR-in neft və qaz yataqları və perspektivli strukturları xəritəsi”nin tərtibinə görə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.
F.Bağırzadə 1988-ci il martın 30-da Bakı şəhərində vəfat edib və 2-ci Fəxri Xiyabanda dəfn olunub.