top of page

Neft-qaz hövzələri haqqında nəzəriyyənin banilərindən biri

  • setm63
  • 10 февр.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir. Bu alimlər sırasında müxtəlif millətlərin nümayəndələri də var ki, həmin alimlər ölkəmizdə elmin inkişafına öz sanballı töhfələrini vermişlər.


Xain Viktor Efimoviç

V.Xain 1914-cü ildə Bakıda anadan ol­muşdur. 1935-ci ildə Azərbaycan Neft İns­ti­tu­tunun (in­diki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mədən fakültəsinin geoloji-kəşfiyyat şöbəsini bitirmişdir.


V.Xain 1940-cı ildə geologiya-minera­logiya üz­rə fəlsəfə doktoru, 1947-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərə­cələrini almış, 1966-cı ildə SSRİ EA-nın müxbir üzvü, 1987-ci ildə isə həqiqi üzvü se­çilmişdir.


V.Xain əmək fəaliy­yə­tinə 1938-ci ildə “Az­neft­kəşfiyyat” Birli­yin­də başlamış­dır. 1938-1941-ci illərdə Azər­baycan Elmi Tədqiqat Neft İnstitutunda  işlə­miş­dir.


V.Xain 1941-ci ildə ordu sıralarına çağırılmış və 1945-ci ilə qədər Bakıda hava hücumundan müdafiə polkunda qulluq etmişdir. 1945-ci ildən Azərbay­can SSR EA-nın Geologiya İnstitutunda böyük elmi işçi, Regional geo­logiya şöbəsi­nin rəhbəri vəzifələrində işləmiş, eyni zamanda Azərbaycan Sənaye İnstitutun­da (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) mü­hazirə­lər oxumuşdur. 1949-cu ildə Azərbaycan Sə­naye İnstitutunun Neft-qaz kafedra­sı­nın professoru vəzifəsində işləmişdir. 1954-cü ildə Bakıdan Moskvaya köçmüş və Moskva Dövlət Universi­tetində işlərini davam etdirərək Geolo­giya fakültə­sin­də Dinamik geologiya kafedrasının professoru olmuşdur.  O, SSRİ EA Geologiya və Litosfera İnsti­tut­larında baş elmi işçi vəzifəsində çalışmışdır.


V.Xain tektonika sahəsində görkəmli alim idi. Onun redaktorluğu ilə “Azərbay­canın geologiyası” adlı monoqrafiya, Azərbaycanın geoloji və tektonik xəritələri nəşr edilmişdir. Yer qabığının tektonik hərəkətlərinin və əsas struktur elementlə­rinin təsnifatını vermiş, geosinklinal proseslərin ümu­mi qanunauyğunlarını dəqiq­ləşdirmiş və yer qabığı təkamülünün əsas mər­hələlərinin problemini tədqiq etmiş­dir. Geniş diapazonda işlər aparmışdır. İlk dəfə olaraq kontinentlərin və okeanların tektonik quruluşunu sistemləş­dir­mişdir, neft-qaz hövzələri haqqında nəzəriyyənin banilərindən­dir. Akva­toriyaların neft-qazlılığının qlobal qanunauyğunluğunu və potensial  ehtiyat­larını tədqiq  etmişdir.


V.Xainin xidmətləri SSRİ və Rusiya hökumətləri tərəfindən yüksək qiymət­lən­dirilmişdir. O, SSRİ Dövlət Mükafatına (1987), SSRİ EA-nın Karpinski adına qızıl medalına (1992), Birinci dərəcəli M.Lomonosov adına mükafata (1993) və Rusiyanın Dövlət Mükafatına (1995) layiq görül­müş­dür. O, Belçika Kral Elmlər Akademiyasının P.Furmare adına qızıl medalı, Almaniya Geologiya Cəmiyyəti­nin Şteymann medalı və Fransa Geologiya Cəmiyyətinin Prestviç medalı ilə təltif edilmişdir. V.Xain çoxsaylı Beynəl­xalq universitetlərin və akademiyaların həqiqi və fəxri üzvü seçilmişdir. Pyer və Mari Küri adına Paris Universiteti (fəxri üzvü), Avropa EA həqiqi üzvü, Nyu-York Akademiyasının üzvü, Fransa, London, Bolqarıstan və ABŞ Geoloji Cəmiyyətlərin fəxri üzvü olmuşdur. 


V.Xain “Vulkan püskürmələri paylanmasının məkan - zaman qanuna­uy­ğun­luğu” kəşfinin müəlliflərindən idi (Beynəlxalq diplom № 239, 2003).


V.Xain 1000-dən artıq elmi əsərin, o cümlədən 60 fundamental monoqrafi­ya­nın müəllifi olmuşdur. Alim 2004-cü ildə AMEA-nın Fəxri üzvü seçilmişdir.


Viktor Yefimoviç Xain 24 dekabr 2009-cu ildə 95 yaşında vəfat etmişdir.

 

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page