Neft hasilatını artıran “Azin-6” reagentinin müəllifi
- setm63
- 12 июн.
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Mais Əlihəsən oğlu Şahgəldiyev

Mais Əlihəsən oğlu Şahgəldiyev 1935-ci ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1953-cü ildə Bakı şəhərində 6 saylı məktəbi bitirdikdən sonra Moskva şəhərində Kimyəvi Qorunma Hərbi Akademiyasına qəbul olmuşdur. 1956-cı ildə Akademiyada yenidən təşkil olunma ilə əlaqədar hərbi qulluğa göndərilmiş və həmin ildə də hərbdən tərxis olunmuşdur.
1956-60-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinin tələbəsi olmuşdur. 1959-1962-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunda əvvəlcə texnik və sonradan mühəndis vəzifəsində işləmişdir. 1965-ci ildə yeni yaradılan Azərbaycan SSR Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutuna (AKİ) keçmiş və orada 1965-73-cüi illərdə böyük mühəndis, aparıcı elmi işçi, laboratoriya müdirinin müavini işləmişdir. 1975-86-cı illərdə AKİ-də Antimikrob aşqarların sintezi laboratoriyasının müdiri, 1987-93-cü illərdə institutunun elmi katibi və 1991-1993-cü illərdə Mühafizəedici aşqarlar laboratoriyasının müdiri olmuşdur. 1986-87-ci illərdə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda biokimya kafedrasının müdiri olmuş və biokimyadan mühazirələr oxumuşdir.
Mais Şahgəldiyev 1979-cu ildə “Tsikloalkil-, haloidalkilaromatik birləşmələrin sintezinin qanunauyğunluqları və onların aşqar kimi tədqiqi” mövzusunda namizədlik, 1991-ci ildə “Oksaza- və diazatsiklanların heterometilləşməsi” mövzusunda doktorluq dissertasiya işini müdafiə etmiş və həmin ildə “Üzvi kimya” ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.
Mais Şahgəldiyev üzvi kimya və neft kimyaya dair elmi tədqiqatlar aparmışdır. Onun əsas elmi istiqaməti aromatik karbohidrogenlərin alkilləşməsi, allilləşməsi və tsikloalkilləşməsi və aparılan sistematik elmi işlərin nəticəsində bir sıra qanunauyğunluqların aşkar edilməsindən ibarət idi. Xüsusilə, elementüzvi birləşmələrin sintezi və onların funksional xassələri sahəsindəki gördüyü işlərin çox mühüm nəzəri və təcrübi əhəmiyyəti vardır. Mais Şahgəldiyev tərəfindən kəşf olunan 1,2 (1,3)- aminoalkanolların və ya 1,2 (1,3)-alkilendiamnilərin formaldehid və mütəhərrik hidrogenə malik birləşmələrlə “üçkomponenli” kondensləşmə-heterotsiklləşmə reaksiyası əvvələrdə məlum olmayan – heterometilləşmiş 1,3-oksaza- və ya 1,3-diazatsiklanların istiqamətlənmiş sintezinə imkan vermişdir.
Professor Mais Şahgəldiyev neft məhsullarının bioloji zədələnmədən mühafizəsi məqsədi ilə aşqarların sintezi və tədqiqi sahəsindəki geniş elmi-tədqiqat işlərinə rəhbərlik edən alim idi. Heç təsadüfi deyildir ki, onun rəhbərlik etdiyi laboratoriya keçmiş SSRİ-də bu sahədə aparılan işlərin aparıcı müəssisəsi təyin edilmişdi. Onun rəhbərliyi ilə hazırlanan “Azin” və “Ukasid” çeşidli antimikrob aşqarları öz səmərəliyinə, antimikrob təsir spektrinə görə analoji məqsəd üçün istifadə edilən xarici antimikrob aşqarları geridə qoymuşdur. Bu antimikrob aşqarları MDB-nin iri metal emalı müəssisələrində, həmçinin Bakı Məişət Kondisionerləri zavodunda tətbiq edilmişdir.
Onun tərəfindən benzaldehidin nitrometanla kondensləşmə məhsulu əsasında işlənib hazırlanmış “Nitrol” adlı biosid aşqar Vyetnamda aparılan istismar sınaqlarının nəticələrinə əsasən tropik şəraitlərdə istifadə olunan reaktiv yanacaqların bioloji zədələnmədən mühafizəsində istifadə edilmək üçün tövsiyə edilmişdir.
O, həmçinin keçmiş SSRİ-də ilk dəfə yaradılan yanacaqlar üçün tüstü əleyhinə ИХП-706 aşqarının müəlliflərindən biri idi.
Mais Şahgəldiyev tərəfindən işlənilmiş yüksək təsirli “Tsiklazol” dezinfeksiyaedici-yuyucu vasitə respublikanın müxtəlif xəstəxanalarında tibbi avadanlıqların, xəstəxana otaqları və ərazinin dezinfeksiyasında istifadə edilmişdir.
Onun rəhbərliyi ilə həmçinin neftçıxarmada istifadə edilən səthi aktiv maddələri (SAM) sulfatreduksiyaedici bakteriyaların təsirindən yaranan biodestruksiyadan qorumaq üçün yeni “Azin-6” reagenti yaradılmışdır. Mişovdağ neft yatağında aparılmış sınaqlar nəticəsində reagent tətbiqə tövsiyə edilmişdir. Reagentin SAM-a 0,2% əlavəsi neft hasilatını 8-10% artırır.
Professor Mais Şahgəldiyevin elmi fəaliyyəti 200-dən çox elmi işdə, o cümlədən ixtiralar üzrə 45 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 10 elmlər namizədi yetişdirilmişdir. Elm yolunda sərf etdiyi gərgin əməyə görə “Şərəf nişanı ordeni”, “Əmək veteranı”medalı, D.İ.Mendeleyev adına Ümumittifaq kimya cəmiyyətinin Mərkəzi və Respublika idarə heyətlərinin, həmçinin “Bilik” cəmiyyətinin diplom və tərifnamələrinə layiq görülmüşdür.
Mais Şahgəldiyev 1993-cü il mart ayının 4-də 58 yaşında qəflətən vəfat etmişdir.