top of page

Məhkəmə-tibbi eksperti sahəsində peşəkar alim

  • setm63
  • 24 февр.
  • 3 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Məmmədov Vüqar Qurban oğlu 

Məmmədov Vüqar Qurban oğlu 1969-cu ildə Bakıda anadan olub. 1976-1986-cı illərdə Bakı şəhəri 42 nömrəli tam orta məktəbi qızıl medalla bitirib. Məktəbin Komsomol komitəsinin katibi, Nəsimi rayon Komsomol təşkilatının büro üzvü olub.


1986–1992-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə ilə bitirib. 1992–1994-cü illərdə Azərbaycan Tibb Universitetində Məhkəmə təbabəti və hüququn əsasları kafedrasında kliniki ordinatura təhsili alıb. 1994-1997-ci illərdə Azərbaycan Tibb Universitetində Məhkəmə təbabəti və hüququn əsasları kafedrasında aspirantura təhsili almış, 1997-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.


1995-ci ildə Böyük Britaniyanın Dundee Universitinin Məhkəmə təbabəti kafedrasında ixtisasartırma keçmişdir. 1997–2000-ci illərdə Dağıstan Dövlət Universitetinin Dövlət və Bələdiyyə İdarə Etmə Hüququ fakültəsində təhsil alıb. 1997–1998-ci ildə Azərbaycan Hökuməti ilə BMT proqramlarının narkotiklərə nəzarət proqramlarında çalışmış, Azərbaycan Hökumətinin təqdimatı ilə Böyük Britaniyanın Qlazqov Universitetinin Məhkəmə təbabəti və məhkəmə toksikologiyası kafedrasında, UNDCP-nin Əməkdaşlıq mərkəzində Bioloji materiallarda narkotiklərin analizi üzrə ixtisasartırma və treyninqlər keçmişdir.


1999–2004-cü illərdə Bakı Dövlət Universitetində Hüquq fakültəsində təhsil alıb. 2001-ci ildə ABŞ Dövlət Departamentinin RSEP programının qalibi olaraq, ABŞ-nın American University, Washington, DC, Transmilli Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə Mərkəzində kriminal ədliyyə kursu keçib, doktorluq dissertasiyasını işləyib. 2004-cü ildə Rusiya Federasiyasının Səhiyyə və Sosial Təminat Nazirliyinin Ümumrusiya Məhkəmə-Tibbi Ekspertiza Mərkəzində və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini alıb. 2010-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında AAK tərəfindən Məhkəmə təbabəti kafedrası üzrə professor elmi ada layiq görülüb. 357 elmi işin müəllifidir.


1997–2013-cü illərdə ABŞ-nın "Procter & Gamble" şirkətinin Xarici əlaqələr üzrə meneceri, Fransanın "Servye" şirkətinin ölkə meneceri, İsveçrənin "Hoffmann La Roche" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri, FarmQafur, AvroMed, Asfarma, RiadFarma şirkətlərinin baş müşaviri, "Asfarmadan Sağlık Olsun" jurnalının baş redaktoru olmuşdur. 2000-ci ildə BMT-nin UNİCEF Proqramının, 2010-2020-ci illərdə UNESCO-nun Bioetika proqramının Azərbaycan bürosunun rəhbəri, 2020-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda milli koordinatoru və məsləhətçisidir.


2005-2010-cu illərdə İTV-də "Sağlam ol" verilişinin, İctimai Radioda "Radioklinika" proqramının, 2011-ci ildə AzTV-də "Bioetika" verilişinin müəllifi və aparıcısı olub, 300-dən çox verilişi efirdə yayımlanıb. ÜST-nin Baş Direktoru, Avropa üzrə Regional Direktoru, Türkiyə, Azərbaycan səhiyyə nazirləri ilə müsahibələri olub, Türkiyə Cümhuriyyətinin Azərbaycan Səfirliyi tərəfindən səhiyyə sahəsində böyük əməkdaşlığın inkişafına görə təltif olunub.


2010–2014-cü illərdə AMEA-nın İnsan Hüquqları İnstitutunda Tibbi Hüquq və Bioetika şöbəsini yaradaraq ona rəhbəlik edib, 2011–2013-cü illərdə institutun elmi işlər üzrə direktor müavini olmuşdur. 2013–2016-cı illərdə Heydər Əliyev Məkəzinin Humanitar və sosial layihələr departamentinin direktoru olub. "Milan Expo 2015" Dünya Sərgisində ilk dəfə Azərbaycanın milli pavilyonu ilə təmsil olunmasında, 2013–2014-cü illərdə pavilyonun tematik konsepsiyasının müəllifi, Tərtibat üzrə İşçi Qrupun rəhbəri, 2015-ci ildən Baş komissarın müavini təyin edilmişdir. 146 iştirakçı ölkə arasında Azərbaycan pavilyonu tarixdə ilk iştirakla Dünya Sərgisinin 2 Qran-Prisini qazanmışdır. Pavilyonun 6 ay ərzində 23 milyon insanın ziyarət etməsi bu layihəni Azərbaycanın xaricdə keçirdiyi ən uğurlu təbliğat layihələrindən etmişdir. Həmçinin, Mərkəzin İDEA və FAO layihələrinin koordinatoru olub.


2016-cı ildə Dünya Tibbi Hüquq Assosiasiyasının vitse-prezidenti, 2018-ci ildə DTHA-nın Birinci vitse-prezidenti, 2024-cü ildə baş katibi seçilmişdir. 2017-ci ildə Azərbaycanda keçirilən elm sahəsi üzrə ilk Dünya Konqresinin - 23-cü Dünya Tibbi Hüquq Konqresinin Təşkilat komitəsinin rəhbəri, Elmi proqramının sədri olmuşdur. 2020-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda Reabilitasiya, Əlillik və Köməkçi Texnologiyalar üzrə milli koordinatorn və milli məsləhətçisidir. Eyni zamanda Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin İdarə Heyətinin sədrinin müavinidir.


Vüqar Məmmədov məhkəmə-tibbi eksperti sahəsində peşəkar mütəxəssislərdən biri kimi Azərbaycan tibb elminin inkişafına özünün töhfəsini verməkdədir.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page