top of page

Müasir tibbin azərbaycanlı gənc dahisi

  • setm63
  • 11 дек. 2025 г.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Həsən Babazadə


Həsən Babazadə 1984-cü ildə Bakıda doğulub. 2000-2010-cu illərdə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsini bitirib.


2011-2014-cü illərdə Yaponiyanın Kioto Universitetində bionanotexnologiya, bionanotexnoloji neyropsixologiya, gen mühəndisliyi, dərman və gen hədəfləmə nanosistemləri, immunobiomühəndislik, süni orqan və toxuma mühəndisliyi, pluripotent kötük hüceyrələri terapiyası, farmakogenetika sahələri üzrə ikinci doktorluq dərəcəsini alıb.


2014-cü ildən Kioto Universitetinin “Integrated Cell-Material Sciences” İnstitutunda çalışıb. Kioto Universitetində revmatoidli artrit avtoimmun xroniki iltihabi xəstəliyinin müalicəsinə immunobiomühəndislik və bionanotexnoloji yanaşmalarla dünyada tam yeni üsul təklif edib. Yaponiyanın əczaçılıq şirkətlərinin birində istehsalçı miqyasında yoxlanılan bu sistem özünü doğrultsa, dünyada 370 milyona yaxın insan şəfa tapa bilər.


Avtoimmun xəstəliklərin müalicəsilə yanaşı, xərçəng xəstəliyinin bəzi növlərinin nanotexnoloji üsullarla diaqnostika və teraprapiyasına aid maraqlı layihələr üzərində işləri olub. Bu işlər Tokio Universitetinin mütəxəssisləri ilə bərabər aparılıb.


2016-cı ildən Amerikada yaşayır və əvvəlcə Pensilvania Universitetinin Anestezologiya və renimasiya şöbəsində asistant professor işləyib, hazırda isə universitetin Radiologiya şöbəsinin baş tədqiqatçısı, Ph.D-dir. Gənc alim Amerikada daha çox bionanotexnoloji neyropsixologiya, anesteziologiya, pre- və post-operativ ağri idarəolunmasına tətbiqi, dərman və narkotik asılılığın mexanizmləri və bu patologiyaların nanotexnoloji üsullarla müalicə yollarına dair araşdırma aparır.


Harvard Universiteti pediatrik xəstəxanası ilə çox böyük bir dünyada ilk dəfə olaraq anestetiklərin bakterial orqanizmə molekulyar səviyyədə təsir mexanizminin aşkar olunmasına aiddir: “Bilirsiniz ki, hər bir həkim öz təcrübəsində reanimasiyada olan xəstənin (anesteziya təsirində) infeksion xəstəliklərlə yoluxması halları ilə rastlaşır və dərhal antibakterial mübarizəyə başlayır. Lakin çox az sayda həkim həmin prosesə məhz anesteziyanın effektinin fərqində olur. Ona görə yox ki, həkimlər bunu bilmir, ona görə ki, bu prosesin mexanizmi hələ də tam aydın deyil. İndi aydınlaşdırdığımız bu yeni konsept gələcəkdə bu hallarla rastlaşan həkimlərə ciddi mesaj olacaqdır”.


Digər bir layihə dərman asılılığının aradan qaldırılması üçün tam yeni istiqamət və molekulyar hədəflərin kəşfi olmuşdur. Bu layihə Pensilvaniya Universiteti ilə Çin Respublikasının Siçuan Tibb Elmləri Akademiyası və Şanxai Jiaotong Universiteti ilə birgə yerinə yetirilməkdədir.


Həsən Babazadə dünyada ilk dəfə olaraq elmlə incəsənətin birləşməsində, insan genomunun mürəkkəb quruluşunu musiqiyə çevirib. O, “FTIR əsaslı genomik DNT-nin səsləndirilməsi - ritmik allellərin səs düzülüşü” adlı məqaləsində Furye transformasiyalı infraqırmızı spektroskopiyadan istifadə edərək, genom DNT-sini səs landşaftlarına çevirən ritmik allellərin səs düzülüşü adlı riyazi-kibernetik konseptual platforma yaradıb.


Alim daha sonra toplanan DNT interferoqramlarını çoxmərhələli MIDI transformasiyası prosesi vasitəsilə fleyta, viola və faqotdan ibarət trio kamera musiqisi parçasına bəstələyib. Layihədə periferik qan mononuklear hüceyrələrdən alınan gen DNT-si materialı son spektroskopik texnologiyalar vasitəsilə təhlil edilib, vibrasiya məlumatları səs tembri, ritm və dinamika kimi musiqi elementlərinə çevrilib. Tədqiqat DNT-nin molekulyar vibrasiyalarını eşidilən nümunələrə çevirməklə, genomikanın görünməyən dünyası ilə insan idrakını birləşdirir və genlərin quruluşu ilə bağlı gizli xüsusiyyətləri üzə çıxarır. Sağlam və mutasiyaya uğramış genlərin fərqini ayrı-ayrı melodiyalar kimi eşitməyi və ya incə genom dəyişikliklərini səs vasitəsilə aşkar etməyə imkan yaradır. Bu interdissiplinar yanaşma biologiya, genetika, bioinformatika və bədii yaradıcılığı birləşdirərək tədqiqat, təhsil və hətta həyatın təməl daşları olan genlərdən ilhamlanmış musiqi üçün yeni alətlər təklif edir.

 
 
Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page