Milli kinomuzun ilk qadın aktrisası - akademik İzzət Orucova
- setm63
- 25 янв.
- 3 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Orucova İzzət Mirzəağa qızı

Orucova İzzət Mirzəağa qızı 1909-cu il sentyabrın 16-da Bakıda anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mühəndis-texnologiya fakültəsini bitirmişdir (1930).
İ.Orucova texnika üzrə fəlsəfə doktoru (1947), elmlər doktoru (1962) elmi dərəcəsini və professor elmi adını almışdır. Azərbaycan SSR EA-nın müxbir üzvü (1967), həqiqi üzvü (1972) seçilmişdir.
İ.Orucova 1932-ci ildən 1959-cu ilə kimi AzETNİ-də, sonralar onun əsasında yaradılmış AMEA Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) çalışmışdır. O, AMEA Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) direktoru (1968-1971) vəzifələrində işləmişdir.
İ.Orucova neft kimyası sahəsində görkəmli alimlərdən, keçmiş Sovetlər İttifaqında aşqarlar sahəsində yeganə ixtisaslaşmış institut – Aşqarlar Kimyası İnstitutunun ilk yaradıcılarından biri olmuşdur. İ.Orucovanın fəaliyyəti əsasən aşqarlar kimyasının inkişafına və daha mükəmməl sürtkü materiallarının yaradılmasına yönəlmişdi.
Bakı neftindən alınan yağların tədqiqi, emalı prosesi üçün verdiyi texnologiyalar, həmçinin müxtəlif mənşəli neftdən alınan yağlarda aşqarların tədqiqi, aşqarların fasiləsiz alınma texnologiyalarının işlənməsi və aşqar kompozisiyalarının yaradılması onun elmi fəaliyyətinin əsas istiqamətləri olmuşdur. O, ölkəmizdə yaradılan bir sıra ilk aşqarların və onların əsasında alınan motor yağlarının müəlliflərindəndir.
Aşqarlar Kimyası İnstitutu ilə SSRİ-nin Moskva, Leninqrad, Tolyatti, Perm, Tambov şəhərlərindəki aparıcı elmi mərkəzləri arasında elmi-texniki əlaqələrin yaradılmasında onun böyük xidmətləri olmuşdur.
300-ə yaxın elmi əsərin, Azərbaycan dilində orijinal “Neft-kimya” və “Sürtkü yağları” dərsliklərinin, 30-dan çox müəlliflik şəhadətnaməsinin müəllifidir.
İ.Orucova Azərbaycan EA-nın neft-kimya və neft emalı üzrə şurasının və Azərbaycan Neft Akademiyasının doktorluq elmi dərəcəsi verən ixtisaslaşdırılmış elmi şurasının üzvü olmuşdur.
İ.Orucova, eyni zamanda, tanınmış ictimai xadim, Azərbaycan SSR və ADR Dostluq və Mədəniyyət cəmiyyətinin sədri olmuş, Bakı Şəhər Sovetinə deputat, Respublika Qadınlar Şurasına sədr seçilmişdir.
O, kinoda baş rola çəkilmiş ilk azərbaycanlı qadın idi. 20 yaşında ikən əvvəlcə “Sevil”, sonra isə “Almaz” filmlərində çəkilmiş, Azərbaycan qadınlarının lirik və dramatik obrazlarını təbii və inandırıcı boyalarla yaratmağa müvəffəq olmuşdur. Onu kino üçün Cəfər Cabbarlı kəşf etmişdir. C.Cabbarlı artıq xeyli vaxt idi ki, “Sevil” filmində baş rolu oynayacaq gənc azərbaycanlı qızı axtarırdı.
Azərbaycanın ilk qadın kinorejissoru Q.Salamzadənin “Kiçik pəncərədən görünən dünya” kitabçasında belə bir xatirə var:
“Bakının küləkli günlərindən birində mən Kommunist küçəsində Cəfərlə rastlaşdım. O, əlləri cibində o tərəf - bu tərəfə baxa-baxa gedirdi. Salamlaşdıq. Mən soruşdum: - Cəfər! Belə tozlu havada hara gedirsən? Nə axtarırsan?
- Hara getdiyimi özüm də bilmirəm. Ancaq nə axtardığımı bilirəm. Kinoda Sevil rolunda oynamaq üçün Sevili axtarıram. Gəlsənə mənə kömək edəsən! Sən də kino işçisisən, axı!
- Axtaran tapar, - dedim.
- Əslinə baxsan, tapmışıq. Birisi var, çox ciddi qızdır. Alim olmaq istəyir. Görək yola gətirə biləcəyikmi?
Mən zarafatla: - Cəfər! Sən dilinlə ilanı yuvasından çıxararsan, necə olur ki, ondan razılıq ala bilmirsən? - dedim.
- Görək də, əgər başqasını tapmasaq məcbur olacağıq ki, onun razılığına müvəffəq olaq, - deyə Cəfər cavab verdi...”
İzzət xanımın xatirələrindən məlum olur ki, o, rəfiqəsi ilə birgə “Təyyarə” kinoteatrında səssiz xarici filmə baxarkən C.Cabbarlı ilk dəfə onu burada görür. Cəfər qət edir ki, məhz bu irigözlü gənc qız Sevili oynamalıdır.
İ.Orucovanın xatirələrindən: “Məni ilk azərbaycanlı kinoaktrisa adlandırırlar. Mən bəzən düşünürəm: bu doğrudurmu? Ümumiyyətlə, mən aktrisa olmuşammı? Axı, mən oynamamışam, yox - mən kamera qarşısında iki qadın taleyini yaşamışam. Onlar mənim müasirlərim idi, demək olar ki, həmyaşıdlar idik. Bu qadınların hər ikisi mən idim. Lakin başqa həyat situasiyasına salınmışdım. Mənim çəkildiyim hər iki film - “Sevil” və “Almaz” ümumi bir mövzuya həsr olunmuşdu: Azərbaycan qadınının taleyinə, qadın azadlığına...”
İ.Orucovanın xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Lenin”, “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenləri, “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalları ilə təltif olunmuş, Əməkdar elm və texnika xadimi fəxri adına və Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.
Akademik İzzət Orucova 1983-cü ildə Bakıda vəfat etmişdir.