Milli Aviasiya Akademiyasında “Hərbi təcavüz və işğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi” mövzusunda Elmi Seminar keçirilib
- setm63
- 5 дней назад
- 1 мин. чтения
Milli Aviasiya Akademiyasında (MAA) “Hərbi təcavüz və işğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Akademiyanın birinci prorektoru, professor Ədalət Səmədov MAA-nın rektoru, akademik Arif Paşayevin salamlarını tədbir iştirakçılarına çatdıraraq uğurlar arzulayıb. O, akademiyanın yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, müasir infrastrukturu, təhsil və təlim prosesi barədə məlumat verib.

Sonra ETN İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim Müzəffərli “Hərbi təcavüz və işğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edib.
Məruzəçi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizi işğal etməsi nəticəsində vurulmuş zərərin hesablanması üçün hazırlanmış metodologiya barəsində geniş məlumat verdi. Qeyd edib ki, 2023-cü ildə Nazirlər Kabinetinin qərarı ilə dəymiş zərərin qiymətləndirilməsi üzrə yaradılan Dövlət Komissiyasının hesabatının hazırlanmasında İşçi qrupla yanaşı İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı da iştirak edib.

Məruzəçi dəymiş mənəvi və maddi (insan, daşınar və daşınmaz əmlak, iqtisadi itkilər, minalarla çirkləndirilmənin ətraf mühitə vurduğu zərərin) hesablanması və qiymətləndirilməsinin metodologiyası, alət və üsullarını təhlil edib. Yeni metodologiya əsasında qiymətləndirməyə görə, Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu zərərin ümumi həcmi təqribən 250 milyard manat (150 milyard ABŞ dolları) qədərdir. Sonda N.Müzəffərli iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, tədbirə Milli Aviasiya Akademiyasınnın (MAA), Elm və Təhsil Nazirliyi (ETN) İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı, UNEC-in, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tədqiqatçıları qatılıblar.