Milli fəlsəfənin elm kimi əsasını qoymuş alim
- setm63
- 18 февр.
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Hüseynov Heydər Nəcəf oğlu

Hüseynov Heydər Nəcəf oğlu 3 aprel 1908-ci ildə İrəvan şəhərində anadan olmuşdur. H.Hüseynov 1927-1931-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir.
O, 1939-cu ildə Tiflis şəhərində “Mirzə Fətəli Axundovun fəlsəfi görüşləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1944-cü ildə isə ona səmərəli elmi fəaliyyətinə görə SSR Xalq Komissarları Sovetinin Yanında Ümumittifaq Ali Məktəb Komitəsinin Ali Attestasiya Komissiyası tərəfindən doktorluq diplomu verilmişdir. Elə həmin ili professor elmi adını almış, 1945-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
H.Hüseynov 1936-1940-cı illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru olmuşdur. H.Hüseynov 1939-1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialı sədrinin müavini, 1945-1950-ci illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, eyni zamanda İctimai Elmlər Bölməsinin sədri olmuşdur.
O, marksizm fəlsəfəsinə, onun ayrı-ayrı problemlərinin şərhi və məşhur nümayəndələrinə, dünya klassiklərinə, Azərbaycan ədəbiyyatına, mütəfəkkir və filosofların irsinin araşdırılmasına və s. həsr edilmiş bir çox əsərlərin müəllifidir. Azərbaycan fəlsəfəsində ən böyük xidməti, yeni istiqamətin – millətin özünüdərkinə xidmət edən, xalqda öz şanlı tarixi üçün milli qürur, vətənpərvərlik duyğuları oyadan bir sıra əsərləri, xüsusilə sonuncu və şah əsəri hesab edilən “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” kitabı ilə milli fəlsəfənin, vətən fəlsəfəsinin bir elm kimi əsasını qoymuşdur.
H.Hüseynov tarix və fəlsəfə elminin inkişafına böyük töhfələr vermişdir. H.Hüseynov Azərbaycan tərcümə məktəbinin əsasını qoymuş, ilk “azərbaycanca-rusca və rusca-azərbaycanca” lüğətin redaktorlarından biri olmuşdur.
H.Hüseynov Bəhmənyar, Nizami Gəncəvi, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi haqqında geniş tədqiqat işləri aparmışdır.
Dəfələrlə müxtəlif orden və medallarla təltif edilən H.Hüseynov 4 cildlik “Rusca-azərbaycanca lüğət”inə görə Dövlət Mükafatı və iki dəfə “Stalin” mükafatı laureatı olmuşdur (1948, 1950).
Akademik Heydər Hüseynov 1950-ci ildə Bakı şəhərində vəfat etmişdir.