Meksikada ölkəmizi şərəflə təmsil edən alim
- setm63
- 11 авг.
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Natiq Məmməd oğlu Atakişiyev

Natiq Məmməd oğlu Atakişiyev 1939-cu il fevralın 15-də Bakıda anadan olub. 1956-cı ildə 6 saylı Bakı şəhər orta məktəbini bitirərək, həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinə daxil olmuş, 1961-ci ildə uğurla bitirmişdir.
Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1964-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasında aspiranturaya daxil olaraq, 1964-1967-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (Dubna şəhəri, Rusiya) ezamiyyətə göndərilmişdir. Aspiranturanı bitirdikdən sonra 1967-1972-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.
1971-ci ildə Rusiyada Serpuxov adına Fizika İnstitutunda “Normallaşmış sahə nəzəriyyələrində Qrin funksiyalarının tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1972-1983-cü illərdə Azərbaycan SSR EA Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1973-1974-cü illər ərzində ABŞ-ın Nyu-York Kolumbiya Universitetində 10 ay müddətində elmi-tədqiqat işləri həyata keçirmişdir.
1983-1994-cü illər arasında AMEA Fizika İnstitutunda Elementar zərrəciklər nəzəriyyəsi və Nüvə tədqiqatları laboratoriyalarının rəhbəri vəzifəsində çalışmışdır.
1987-ci ildə Boqolyubov adına Nəzəri Fizika İnstitutunda (Kiyev, Ukrayna) “İşıq konusunda sahə nəzəriyyəsinin Hamilton operatoru ilə formulə edilməsi və relyativistik bağlı halların dalğa funksiyaları” adlı doktorluq dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
1994-1996-cı illərdə Latın Amerikanın ən böyük ali təhsil ocağı Meksika Milli Muxtar Universitetində (UNAM) dəvət olunmuş professor olaraq, elmi-tədqiqat işləri həyata keçirmişdir. 1996-cı ildən Meksika Milli Muxtar Universitetində aparıcı elmi işçidir.
1994-cü ildən Meksikada yaşayır və çalışır. 2005-ci ildə həm də Meksika vətəndaşlığını qəbul edib. Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədridir. Atakişiyevi digər kolleqalarından fərqləndirən əsas cəhət onun elmi fəaliyyətlə yanaşı, ictimai fəaliyyətinin də qənaətbəxş olmasıdır. O, bu iki fəaliyyəti uzaq Meksikada Azərbaycanın xeyrinə əlaqələndirir. Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri olan Atakişiyev Meksika-Azərbaycan əlaqələrinin inkişafında fəal rol oynayan şəxslərdəndir. O, nəinki çalışdığı Meksikada, hətta bütün Amerika zonasında (həm Şimali, həm də Cənubi) nüfuzlu alimlərdən sayılır.
Onun beynəlxalq jurnallarda 121 məqaləsi, beynəlxalq konqreslərin materiallarında 58 məqaləsi dərc edilib, əsərlərinə Web of Science bazasında 1173 dəfə istinad olunub. N. Atakişiyev 1996-cı ildən Meksika Elmlər Akademiyasının üzvüdür.
2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
