Kənd təsərrüfatı sahəsinə tanınmış alim
- setm63
- 9 янв.
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Salayev Məmmədəmin Məmmədəli oğlu

Salayev Məmmədəmin Məmmədəli oğlu 5 aprel 1909-cu ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsini bitirmişdir (1930). O, 1940-cı ildə “Şimali Muğanın şoranlaşmış torpaqlarında asan həll olan duzların hərəkəti” mövzusunda geologiya-mineralogiya elmləri üzrə namizədlik, 1966-cı ildə “Kiçik Qafqazın torpaqları” mövzusunda kənd təsərrüfatı elmləri üzrə doktorluq dissertasiyalarını müdafiə etmiş, professor (1968) elmi adını almış, AMEA-nın müxbir üzvü (1972) seçilmişdir.
M.Salayev Azərbaycan Təcrübə Seleksiya Stansiyasında kiçik elmi işçi (1930-1933), Ümumittifaq Aqrotorpaqşünaslıq və Gübrə İnstitutunun Azərbaycan filialının baş elmi işçisi (1933-1935), Moskva Dövlət Universitetinin Torpaqşünaslıq ET İnstitutunun aspirantı (1935-1938), SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Torpaqşünaslıq Bölməsində baş elmi işçi (1938-1940), AMEA-nın Kənd Təsərrüfatı Elmləri Bölməsinin elmi katibi (1945-1947), Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların genezisi, coğrafiyası və xəritəçiliyi laboratoriyasının rəhbəri (1945-1987), həmin institutun direktor müavini (1951-1953), müvəqqəti direktoru (1961-1963), direktoru (1983-1987), 1987-ci ildən ömrünün sonuna kimi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun müşaviri, institutdakı Dissertasiya Müdafiəsi şurasının sədri vəzifələrində çalışmışdır.
M.Salayevin tədqiqatları torpaqların sistematikasına, xəritələşdirilməsinə, torpaq meliorasiyası məsələlərinə, Kiçik Qafqaz dağlıq vilayəti torpaqlarının morfoloji, genetik və kimyəvi-mineraloji xüsusiyyətlərinin öyrənilməsinə həsr edilmişdir.
Alim 200-dən çox elmi əsərin, o cümlədən 5 kitab və 96 xəritənin müəllifi olmuşdur.
M.Salayevin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 25 fəlsəfə doktoru və 1 elmlər doktoru hazırlanmışdır.
Keçmiş Ümumittifaq Torpaqşünaslar Cəmiyyətinin fəxri üzvü, SSRİ Nazirlər Soveti yanında Elm və texnika üzrə komissiyanın, Azərbaycan Sovet Ensiklopediyası Elm-redaksiya heyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya və kənd təsərrüfatı elm sahələri üzrə Ekspert komissiyasının üzvü olmuşdur. “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş (1990), “Fədakar əməyə görə” ordeni, “Sosializm yarışının qalibi” və “Əmək veteranı” medallarını almış, fəxri fərmanlarla təltif olunmuşdur.
AMEA-nın müxbir üzvü Məmmədəmin Salayev 2000-ci ildə Bakı şəhərində vəfat etmişdir.