İlk azərbaycanlı mühəndis-pilot
- setm63
- 31 окт.
- 1 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Əli bəy Verdiyev

Əli bəy Verdiyev 1891-ci il yanvarın 1-də Yelizavetpol şəhərində (indiki Gəncə) anadan olub. Yelizavetpol gimnaziyasını bitirdikdən sonra, Qori müəllimlər seminariyasına daxil olub. 1910-cu ildə Əli bəy Verdiyev Parisə yola düşüb. Burada o, Fransa Politexnik məktəbinin mühəndis-mexanik fakültəsində avia və avtonəqliyyat vasitələrinin təmiri ixtisası üzrə təhsil alıb.
Ə.Verdiyev Fransanın müxtəlif hava nəqliyyatı müəssisələrinin əməkdaşı olduğu zaman aviasiya ilə maraqlanmağa başlayıb. Birinci Dünya Müharibəsi illərində mühəndis-mexanik işləyib. Əli bəy Verdiyev 1916-cı ildə Fransanın aviapilotaj məktəbində hazırlıq kursu keçib. Beynəlxalq Aeronavtika Federasiyasının Paris bölməsi tərəfindən verilən aviasiya patentinə əsasən, Əli bəy Verdiyev 1916-cı il iyunun 22-də “pilot-aviator” normativlərini tam yerinə yetirərək bu ada layiq görülüb.
Əli bəy Verdiyev məzunu olduğu məktəbdə qalıb və buradakı rus kursantlarına uçuş dərsləri verib. Verdiyev paralel olaraq təlimçi kimi yeni konstruksiyalı təyyarələrin sınaq uçuşlarında iştirak edib və mühəndis-mexanik kimi təyyarələrin sazlığına nəzarət edib. 1918-ci ildə Əli bəy Verdiyev öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinə qayıdıb.
Ə.Verdiyev Bakı şəhərində mühəndis-mexanik kimi əmək fəaliyyətini davam etdirib. 1920-ci ildə ölkədə sovet hakimiyyəti qurulub. Həmin dövrdə yeni hakimiyyətə təzə mütəxəssislər lazım idi, Ə.Verdiyev də bu mütəxəssislərdən biri idi. O, 1923-cü ildə toxuculuq sənayesi üçün dəzgahlar alınması məqsədilə Lion şəhərinə ezam olunub.
Əli bəy Verdiyev Böyük Vətən müharibəsi illərində Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət Plan Komitəsində işləyib. Verdiyev 1953-cü ildən 1957-ci ilədək Dövlət Plan Komitəsinin material balanslar şöbəsində böyük mühəndis vəzifəsində çalışıb.
O, 1957-ci ildə vəfat edib.
