top of page

Himnimizin sözlərinin müəllifi olduğu iddia edilən Cəmo bəy Cəbrayılbəyli

  • setm63
  • 28 апр.
  • 4 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

 

Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli

Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli 1887-ci il yanvar ayının 29-da Şamaxı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. O, 1898-ci ildə - 11 yaşında Şamaxı şəhər ali-ibtidai məktəbinə daxil olur. Bu məktəbdə Seyid Əzim Şirvaninin oğlu Mir Cəfər Seyidzadə Cəmo bəyin ana dili və şəriət müəllimi olub. Mir Cəfər müəllim Cəmo bəyin təhsil almasında və ödənişdən azad edilməsində mühüm rol oynayıb, məktəbdən kənarlaşdırılmasına imkan verməyib.


Cəmo bəy Şamaxı şəhər 6 sinifli ali-ibtidai məktəbində rus dilini mükəmməl öyrənir, tanınmış tarzən Mehdiqulunun dəstəyilə tar çalmaq sahəsində təcrübəsini təkmilləşdirir, musiqi müəllimi Avtandil Qriqoryeviçin köməkliyi ilə musiqi alətlərindən skripka, gitara və mandolinada Azərbaycan, rus və Avropa musiqilərini  ifa etməyi çox sevirdi.


O, 1907-1908-ci illərdə müvafiq fənlər üzrə ciddi hazırlaşır və Şamaxı Realnı məktəbində imtahanları verərək ibtidai məktəb müəllimi dərəcəsi alır. Təxminən bir ildən sonra, 1909-cu ilin oktyabr ayında Cəmo bəyi vaxtilə təhsil aldığı Şamaxı şəhər ali-ibtidai məktəbinin əlifba sinfinə müəllim təyin edirlər. Mirzə Ələkbər Sabir Şamaxıda “Ümid” məktəbini açanda ora dəvət etdiyi ilk müəllimlərdən biri gənc Cəmo bəy olur, ona sinif otaqlarını, “parta”ları, yazı taxtasını göstərmiş, “Məktəb, məktəb nə dilguşəsən” misraları ilə başlayan şeirini burada Cəbrayılbəyliyə oxumuşdu. Cəmo bəylə Sabirin yaxın dostluq əlaqələri 6 il - böyük satrik şairin vəfatına qədər davam edib.


C.Cəbrayılbəyli 1912-ci ilin oktyabr ayında şəhər ali-ibtidai məktəbindən azad olunur və Şamaxıda ilk dəfə yaradılan Birinci rus-tatar məktəbinə müdir təyin edilir. Gənc Cəmo bəy Cəbrayılbəylinin Şamaxı şəhər Birinci rusi-müsəlmani məktəbinə müdir təyin edilməsi dövrün maarifpərvər insanları, ziyalıları arasında müsbət hadisə kimi qarşılandı. Dünyəvi elmlərin tədrisi səviyyəsi yüksəldildi, dərslərdə nizam-intizam artırıldı, şagirdlərin kitabxanadan və qiraətxanadan sərbəst istifadəsi üçün xüsusi şərait yaradıldı, Şərq, rus və Avropa klassiklərinin əsərlərinin öyrənilməsinə maraq artırıldı.


Cəmo bəy qəza rəisi Jupranskinin təzyiqi və təpkiləri ilə 1914-cü ilin oktyabr ayında Şamaxı Birinci rusi-müsəlmani məktəbinin müdirliyindən azad edildi və Bakıya təyin olundu. Cəmo bəy müəllimlik fəaliyyətini Bakıda davam etdirdiyi dönəmdə Üzeyir bəy Hacıbəyli ilə yaxından tanış olur. Onunla ilk görüş haqqında söz açaraq yazırdı: “...Üzeyirgilə gəldik. Onlar indiki Kamo küçəsində yaşayırdılar. Qapını gülərüzlü bir qadın açıb bizi içəri buraxdı. Sonradan öyrəndim ki, bu, Üzeyir bəyin anası imiş. Otağa daxil olduqda Üzeyir bəyin pianino qarşısında əyləşdiyini və klavişlərin üzərində barmaq gəzdirdiyini gördüm. Məni çox mehriban qarşıladı, əl verib yanında oturtdu. Məleykə xanım da mənimlə çox səmimi görüşdü. ...Üzeyirlə söhbətimiz xeyli uzandı. Söhbətarası mən Seyid Şuşinskinin Şamaxıdakı hörmət və şöhrətindən danışdım. Muğamatdan az-çox xəbərdar olduğumu bildikdə çox sevindi. Məni ötürərkən: “Cəmo bəy, arabir gəl, həmsöhbət olaq, yaxınlaşaq” - dedi.


Cəmo bəy Cəbrayılbəyli “Şərarət qurbanları”, “Qramofon”, “Vəhşi”, “Kəmsüxən” və “Tiryakilər” adlı məzhəkələrin və “Monna və Anna” adlı bir dram əsərinin müəllifidir. Cəmo bəy Cəbrayılbəylinin 1919-cu ildə edadi məktəblərinin 2-3-cü sinif şagirfləri üçün nəşr edilən “Tarixi-təbii” kitabı 160 səhifədən və 60 bölmədən ibarət idi.


O məktəbdarlıqla yanaşı, bu dövrdə ictimai işlərdə də fəal iştirak edirdi. 1919-cu ilin fevralın 15-də Bakı və ətrafı müsəlman ziyalılar ittifaqının Bakı bələdiyyə məclisinin zalında 200 nəfərlik təsis yığıncağı keçirilir. İttifaqın məramı məktəblər, muzeylər, kurslar açmaq, Qafqaz millətləri arasında sülhü, əmin-amanlığı təbliğ etmək idi. İttifaqın 12 nəfərlik İdarə heyətinə Cəmo bəy Cəbrayılbəyli üzv seçilmişdi.


Cəmo bəy Cəbrayılbəyli 1920-ci ilin aprel çevrilişinə qədər Bakı Birinci Realnı məktəbdə çalışdı. Cəmo bəy Cəbrayılbəyli 1920-ci ilin may ayından rəsmi olaraq Bakı I Realnı məktəbin müəllimi vəzifəsindən azad edildi və həmin vaxtdan Azərbaycan Xalq Maarif Komissarlığı yanında Dərsliklərin Hazırlanması üzrə Komissiyanın üzvü təyin edildi.


Cəbrayılbəylinin Xalq Maarif Komissarlığında xidməti 1922-ci ilin noyabr ayınadək davam edib. 1922-ci ildən 1931-ci ilin aprel ayına qədər isə Cəmo bəy Bakı Pedaqoji Texnikumunda əvvəl müəllim, sonra isə direktor müavini vəzifələrində çalışıb. C.Cəmo bəy təhsilini inkişaf etdirmək niyyətilə birillik Ali Pedaqoji kurs bitirir və 1922-ci ildə eksternat imtahan verərək  müəllim statusu qazanır. O, 1929-1931-ci illərdə isə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutu Təbiyyat-Riyaziyyat fakültəsinin kimya-biologiya ixtisası üzrə tam kursunu başa vuraraq orta məktəb pedaqoqu dərəcəsinə layiq görülüb.


C.Cəbrayılbəylinin 1920-ci illərdə “Təbiətə ilk addım” (1923), “Heyvanat dərsləri” (1924), “Müxtəsər nəbatat” (1924, 1926, 1929), “Zoologiya dərsləri” (1925, 1929), “Təbiyyat” (1929), “Akvarium” (1930) və digər əsərləri nəşr edilərək məktəblərin zəruri ehtiyacları üçün ünvanlanıb. Milli dərsliklərin hazırlanması və nəşr etdirilməsi sahəsində Cəmo bəy Cəbrayılbəylinin xidmətləri müqayisə edilməyəcək dərəcədə böyükdür.


C.Cəbrayılbəyli 1931-1935-ci illərdə Bakı şəhər Xalq təhsili şöbəsində müfəttiş-metodist, 1935-1938-ci illərdə Yer quruluşu texnikumunda müəllim vəzifəsində çalışmışdır. Bu müddətdə - 1932-ci ildə onun İsrafil Hacızadə və Məhərrəm Mustafazadə ilə müştərək “Təbiyyatdan iş kitabı” adlı dərs vəsaiti nəşr edilərək respublikanın orta məktəblərində tədris olunurdu.


Cəmo bəy 1938-ci ilin oktyabr ayından ömrünün sonuna kimi taleyini Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu ilə bağlayır. 1942-ci il 29 yanvar tarixində Bakı Dövlət Universitetinin Elmi Şurasında “Orta məktəbdə Azərbaycan florası nümunələri bitkilərin sistemli tədqiqində obyekt kimi” adlı dissertasiyasını uğurla müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi alıb. Müharibə illərində Cəmo bəy əvəzçilik üzrə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Müəllimlər İnstitutunun Pedaqogika kafedrasında müəllim işləyib, ADMİ-nin vəsatəti əsasında ona SSRİ Xalq Komissarları Soveti yanında Ali Attestasiya Komissiyasının 1943-cü il tarixli qərarı ilə Pedaqogika kafedrası üzrə dosent elmi adı verilib.


1942-1946-cı illərdə Cəmo bəy Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmi işçi, böyük elmi işçi, elmi katib və direktor vəzifələrinə yüksəlir. Cəmo bəy Cəbrayılbəyli 1950-ci ilin sentyabr ayında Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun direktoru vəzifəsindən azad olunur. O, 1959-cu ilin sentyabrında Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutuna yenidən dəvət edilir.


Az.MİK-in “Fəxri fərman”ı (1935), Azərbaycanın “Əməkdar müəllimi” (1942), “Qafqazın müdafiəsi uğrunda” medalı (1945), “İgidliyə və fədakarlığa görə” medalı (1946), “Şərəf nişanı” ordeni (1946), “Xalq maarifi əlaçısı” nişanı (1950) və digər fəxri adlar, orden və medallarla təltif edilmişdi.


Cəmo Cəbrayılbəyli 30 iyul 1965-ci ildə Şamaxı yaxınlığındakı Çuxuryurd qəsəbəsində istirahət edərkən 78 yaşında ürək xəstəliyindən vəfat edib, Şamaxıdakı “Yeddi günbəz” qəbiristanlığında, yaxın dostu, böyük satirik şair Mirzə Ələkbər Sabirin məqbərəsinin bir neçə metrliyində dəfn olunub.


Filologiya elmləri doktoru, professor Asif Rüstəmli bu günlərdə Azərbaycan Respublikasının Dövlət Himninin müəllifinin Camo bəy Cəbrayilbəyli olmasını iddia edib. Asif Rüstəmli Azərbaycanın Dövlət himninin mətninin əsl müəllifinin Cəmo bəy Cəbrayılbəyli olduğunu, onun səhvən Əhməd Cavadın adına təqdim edildiyini faktlar əsasında ortaya çıxarıb və bununla da uzun illər mübahisə predmentinə çevrilən vacib bir məsələyə aydınlıq gətirib:


“Himnin mətni Cəmo bəy Cəbrayılbəylinin 1918-ci ildə yazdığı “Vətənim” adlı şeirə əsaslanır. Bu şeirin orijinal əlyazması 1967-ci ildə Cəmo bəyin bacısı nəvəsi Gülsüm Əfəndizadə tərəfindən ailəsinə təqdim olunub və hal-hazırda tədqiqatçının arxivində saxlanılır.


“Vətənim” şeiri sonrakı illərdə müxtəlif adlarla (məsələn, “Vətən marşı”, “Azərbaycan marşı”, “Azərbaycan”) çap edilib və bir çox nəşrdə müəllif olaraq Cəmo bəy göstərilib. Lakin 1992-ci ildə qəbul edilən qərarda bu mətn Əhməd Cavadın adına rəsmiləşdirilib. Arxiv sənədləri və məntiqi arqumentlər himn sözlərinin əsl müəllifinin Cəmo bəy olduğunu sübut edir”.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page