top of page

Elmi işlərinə çoxlu istinadlar edilən, ABŞ-da institut direktoru olan riyaziyyatçı alim

  • setm63
  • 3 янв.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Əfəndiyev Yalçın Rafiq oğlu


Əfəndiyev Yalçın Rafiq oğlu 1971-ci il yanvarın 25-də Bakıda anadan olub. Bakının 82 nömrəli orta məktəbində oxuduğu zaman riyaziyyat üzrə Respublika olimpiadasında iki dəfə uğurla çıxış edərək 1987-ci ildə I dərəcəli diplom, 1988-ci ildə isə riyaziyyat üzrə məktəblilərin Ümumittifaq olimpiadasında II dərəcəli diplomunu alıb.


1993-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. ABŞ-da təhsilini davam etdirərək 1999-cu ildə Kaliforniya Texnologiya İnstitutunda hesablama və tətbiqi riyaziyyat sahəsində fəlsəfə doktoru alimlik dərəcəsini alıb.


Minnesota Universiteti nəzdində Tətbiqi Riyaziyyat İnstitutunda (ABŞ, Minnesota ştatı) ikiillik postdoktorluq təcrübəsindən sonra Y.Əfəndiyev 2001-ci ildə Texas Aqrar-Texniki Universitetində (Texas A&M University) professor assistenti olub. 2008-ci ildə ona professor adı verilib. Elə həmin il Texas A&M Universiteti nəzdində Elmi-Hesablama İnstitutunun direktoru vəzifələrini icra edib, 4 ildən sonra isə həmin institutun direktoru olub. O, 2012-ci ildə Texas A&M Universitetində hesablama elmi kafedrasının müdiri vəzifəsinə təyin olunub.


Y.Əfəndiyev bir sıra mükafatın sahibidir: Fraunqofer-Bessel mükafatı (Aleksandr Humboldt Fondu tərəfindən təsis edilib), ən görkəmli dissertasiya işinə görə Kaliforniya Texnoloji Universiteti tərəfindən təqdim olunan “W.P Carey” mükafatı.


O, müxtəlif nüfuzlu elmi-tədqiqat jurnallarının redaksiya heyətlərinin üzvü, həmçinin “SIAM Multiscale Modeling and Simulation”, “Geomathematics”, “DCDSB”, “Numerical Mathematics”, “International Journal for Uncertainty Quantification” jurnallarında redaktor köməkçisi, “Vıçislitelnaya i prikladnaya matematika” jurnalının baş redaktorudur. Bundan başqa, alim bir neçə peşəkar təşkilatın - SIAM, AMS, InterPore, SPE-nin üzvüdür.


Y.Əfəndiyev tanınmış elmi-tədqiqat jurnallarında 100-dən çox nəşrin müəllifi, həmçinin ABŞ, Yaxın Şərq və Avropada çoxsaylı konfrans və seminarların təşkilatçısıdır. Konfranslarda, o cümlədən “SIAM Geosciences”də çoxsaylı dəvətli və plenar məruzələrlə, həmçinin “East Asia SIAM”da əsas məruzəçi kimi və bir çox digər çıxışlar edib.


Y.Əfəndiyev İnterPor (InterPore – beynəlxalq ədədi məsaməli mühit təşkilatı) illik yığıncağının baş təşkilatçısı və dalğalı tənliklərin çoxmiqyaslı həlli metodlarına həsr olunmuş konfransın, Obervolfax seminarının və başqa tədbirlərin həmtəşkilatçısıdır. Y.Əfəndiyev çoxsaylı qrantların, o cümlədən ABŞ Milli Elm Fondu, energetika şöbəsi və Amerika ordusu qrantlarının sahibidir. Onun elmi tədqiqatları bir neçə federal və sənaye təşkilatları tərəfindən maliyyələşdirilir.


Bundan başqa, Y.Əfəndiyev lay rezervuarının modelləşdirilməsi sahəsində onun tədqiqatlarını dəstəkləyən bir neçə neft kompaniyalarından da qrantlar alıb. 2012-ci ildə müsabiqədə qalib gələn Y.Əfəndiyev Kral Abdullah adına Elmi-Texniki Universitetdə (KAUST, Səudiyyə Ərəbistanı) Ədədi Məsaməli Mühitlər Elmi-Tədqiqat Mərkəzi təşkil edib. Bu mərkəz məsaməli mühitlərin müxtəlif modelləşməsi sahələrində çalışan alimləri birləşdirir, habelə buraya bir neçə postdoktor və aspirant daxildir.


Y.Əfəndiyev çoxmiqyaslı modelləşdirmə metodları sahəsində aparıcı tədqiqatçıdır. Müxtəlif sahələrdə bir çox proses müxtəlif miqyaslarda üzə çıxır, lakin mövcud olan modelləşdirmə metodları bu mürəkkəb prosesləri adekvat təkrarlamağa qadir deyil. Buna görə də eyni məsələnin bir neçə miqyasda əldə olunan həlləri ilə fəaliyyət göstərə bilən modelləşdirmə metodlarını daxil etmək vacib idi.


Y.Əfəndiyev kompleks məsələlərin geniş sinfi, o cümlədən qeyri-həmcins məsaməli mühitlərdə prosesləri nəzərdən keçirən məsələlər üçün çoxmiqyaslı modelləşdirmə metodları üzərində işləyib. O, müxtəlif miqyaslarla həlləri nəzərə alan məsaməli mühitlərdə axınların yeni modelləşdirmə texnikasını hazırlayıb. Y.Əfəndiyevin işlərinə çoxlu istinadlar edilir və müxtəlif tətbiqi məsələlərin modelləşdirilməsi üçün onun tədqiqatının nəticələrindən istifadə olunur. Y.Əfəndiyev ABŞ və Almaniyada 12 aspirant hazırlayıb.

 
 
Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page