top of page

Dünyada ilk pilotsuz kosmik gəminin yaradıcısı olan azərbaycanlı

  • setm63
  • 25 авг.
  • 3 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Fərəcov Füzuli Ataş oğlu

ree

Fərəcov Füzuli Ataş oğlu 1958-ci il avqustun 15-də Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kəndində çoxuşaqlı traktorçu ailəsində anadan olub. Hələ məktəbdə oxuyarkən o, fizikaya maraq göstərib. Odur ki, onillik təhsilini başa çatdırmaq üçün Bakıya gəlib, 1 saylı fizika-riyaziyyat təmayüllü internat-məktəbə daxil olub. Məktəbi bitirəndən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə qəbul imtahanlarını uğurla verən F.Fərəcovu rus dilini bilmədiyinə görə universitetə qəbul etməyiblər. Buna baxmayaraq, o, ruhdan düşməyib, Bakıya qayıdaraq peşə məktəbinə daxil olub, üzümçülük və şərabçılıq üzrə aqronom-texnoloq ixtisasına yiyələnib.


1976-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşəbbüsü ilə digər istedadlı azərbaycanlılar sırasında F.Fərəcov Moskvaya oxumağa göndərilib və imtahanlardan uğurla çıxaraq Moskva Aviasiya İnstitutunun təyyarəqayırma fakültəsinə daxil olub. Müsabiqə böyük olub – 3 yerə 65 namizəd. Amma F.Fərəcov bütün sınaqlardan uğurla keçib və müasir qırıcı təyyarələrin layihələndirilməsinin və istehsalının sirlərini öyrənməyə başlayıb.


Fərəc Fərəcov Moskvaya getməsini belə xatırlayır:


1976-cı ilin avqustunda Heydər Əliyev Bakıdakı Lenin adına Sarayda (hazırda Heydər Əliyev Sarayı) Sovet İttifaqı institutlarına qəbul olunmuş yüz əlliyə yaxın tələbə topladı. O, şəxsən hər birimizə bir qovluq təqdim elədi. Məlum qovluğun içində Moskvaya bilet, dəftərlər və əlli rubl vardı. Bu məbləğ biz təqaüd alanacan zəruri xərclərimiz üçün nəzərdə tutulmuşdu. Bizə hansı seçimdə iştirak etdiyimizi söylədilər. Sən demə, bu siyahıya Azərbaycanın müxtəlif yerlərindən ayrı-ayrı ixtisaslar üzrə istedadlı uşaqlar daxil imiş. Bu, respublika üçün əhəmiyyətli ixtisaslar idi – xalq təsərrüfatı, yanacaq-energetika kompleksi, aqrosənaye və hərbi sənaye kompleksləri. Yalnız uzun illər keçdikdən sonra, artıq mən Moskva Aviasiya İnstitutunu bitirəndə və Tuşinsk maşınqayırma zavodunda “Buran” hava-kosmik təyyarəsinin yığılması üzərində işləyəndə öyrəndim ki, məhz həmin 1976-cı ildə “Buran”ın yaradılmasına start verən SSRİ Nazirlər Şurasının məxfi qərarı çıxarılıb. MAİ də məhz bu layihə üçün kadrlar hazırlayırdı. Zənnimcə, məhz Heydər Əliyev MAİ-nin təyyarəqayırma fakültəsində Azərbaycan Respublikası nümayəndəsi üçün yer ayrılmasına və nəticədə onun “Buran”ın qurulmasında iştirakına nail olub.


O, Moskva İdarəetmə İnstitutunu da bitirib. İki diploma yiyələnən F.Fərəcov Bakıya gəlib, amma burada öz ixtisası üzrə iş tapa bilmədiyindən 1982-ci ildə Moskvaya qayıdıb və Tuşino Maşınqayırma Zavodunda (TMZ) sahə ustası kimi işə düzəlib. Tezliklə F.Fərəcov yığma sexi rəisinin müavini, sonra isə rəisi təyin edilib.


Onun işi ciddi surətdə məxfiləşdirilmişdi, heç kim, hətta ailə üzvlərinin də bundan xəbəri olmamışdı, adı-soyadı gizli saxlanılırdı, çünki “Buran” çoxistifadəli kosmik gəmisinin füzelyajının yığımı məhz F.Fərəcovun sahəsində həyata keçirilirdi. Bir müddət sonra F.Fərəcov yığma-qaynaq sexinə keçirilir. Burada ona “Buran”ın hermokabinəsinin – tam hermetikliyi təmin edərək, bütün idarəetmə sistemlərini qoruyan və aparatla insanın əlaqəsini yaradan kosmik gəminin əsas hissəsinin istehsalı etibar edilib. “Buran”ın üzərinə şəxsən istiliyə davamlı plitələri F.Fərəcov quraşdırıb. Bu, ən yüksək keyfiyyətli iş idi. İnadkarlığı və aviasiya texnologiyasını dərindən bilməsi F.Fərəcova aerokosmik sənayenin bir çox mütəxəssisləri ilə birlikdə qısa müddət ərzində çoxistifadəli kosmik gəmi yaratmağa imkan verib və bu gəmi Amerikanın “Speys Şattl” layihəsindən geri qalmayıb. Əksinə, bir çox aerokosmik xarakteristikalarda “Buran” “Şattl”dan üstün olub.


“Buran” üzərində işləyərkən termomüdafiə plitələrindən tutmuş, plastmasa qədər 180 yeni material yaradılıb. 1988-ci ildə “Buran” kosmik gəmisi real uçuş şəraitində uğurla sınaqdan çıxarılıb. “Buran”ın Yer kürəsi ətrafında dövrə vurması və “Baykonur” kosmodromunda enməsi təxminən saat yarımdan çox vaxt aparıb. Güclü raket daşıyıcısı “Energiya” ilə o, məhz “Baykonur”dan start götürüb. Həm də “Şattl”dan fərqli olaraq, “Buran” uçuşu pilotsuz, göyərtə avtomatikasının kompüterinə quraşdırılan proqrama uyğun olaraq avtomatik rejimdə həyata keçirib. “Buran” heç bir ciddi zədə almadan yerə enib. Yalnız atmosferin qalın qatlarına daxil olduqda korpusun qoruyucu örtüyünü təşkil edən istiliyə davamlı on minlərlə plitənin cəmi bir neçəsi qopub. Plitələrin unikal texnologiyası ondan ibarət idi ki, onlar +1000 °C temperatura davam gətirirdi, eyni zamanda onlara hətta əllə toxunmaq olardı. Bu texnologiya sayəsində “Buran”ın korpusu atmosferin sıx qatlarına girərkən yanmırdı.


Pilotlu Kosmik Raketlərin Uçuşu üzrə Dövlət Komissiyasının sədri Kərim Kərimov F.Fərəcovun sovet kosmonavtikasının inkişafına töhfəsini belə qiymətləndirib: “Füzuli Fərəcov özünü XXI əsrin uçuş aparatlarının hazırlanması və istehsalına həsr edib. O, qarşısına məqsəd qoyub: təyyarələri təkcə atmosferdə yox, həm də kosmik məkanda uçmağa məcbur etmək”.


O, Moskva Azərbaycan Cəmiyyətinin idarə heyətinin üzvüdür. 1992-ci ildə Tallində (Estoniya) Azərbaycanlılar Assosiasiyasının birinci iclasında, 1998-ci ildə Vaşinqtonda Dünya Azərbaycanlılarının II konqresində iştirak edib və orada DAK-ın Rusiyadakı Azərbaycan diasporunu təmsil edib. 2004-cü ildə DAK-ın Kölndə, 2005-ci ildə Stokholmda keçirilən forumlarına qatılıb.


SSRİ-nin dağılmasından sonra yaranmış iqtisadi böhrandan Tuşino Maşınqayırma Zavodu da təsirlənib və həmin zavodda kiçik özünümaliyyələşdirən “Texno‑Svar TMZ” ASC adlı müəssisə yaradılıb.  Füzuli Fərəcov həmin müəssisənin baş direktorudur. Burada qaynaq, enerji, kiçik aviasiya üzrə əldə olunan nailiyyətlərə əsaslanaraq kommersiya əsaslarında kənd təsərrüfatı layihələri həyata keçirilir.


Texnika üzrə fəlsəfə doktoru Füzuli Fərəcov Moskva Sahibkarlar Assosiasiyasının təşkil etdiyi “Yaxşıların yaxşısı” müsabiqəsi çərçivəsində “2003-cü ilin ən yaxşı sahibkarı” nominasiyasına layiq görülüb. 2003-cü ildə Rusiya Federasiyasının Kosmonavtika Federasiyası F.Fərəcovu “K. E. Tsiolkovski” fəxri medalı ilə təltif edib. 2010-cu il iyunun 11-də İctimai Mükafatlar Milli Komissiyanın qərarı ilə İctimai Elmlər Akademiyasının həqiqi üzvü F.Fərəcova Moskvada, Şöhrət meydanında sağ ikən büst ucaltmaq qərara alınıb. Onun “Buran” kosmik gəmisinin yaradılmasına töhfəsi belə yüksək qiymətləndirilib. Bu mükafata sağ ikən büstünün ucaldılmasına yalnız bir neçə nəfər layiq görülüb.

 

 
 
Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page