DNT sahəsində tədqiqatları ilə Türk dünyasına Nobel qazandıran alim
- setm63
- 10 мар.
- 3 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir. Həmçinin dünya elminə öz töhfəsini vermiş müxtəlif millətlərin nümayəndələrinin fəaliyyəti ilə də tanış edir.
Əziz Əbdülqadir oğlu Sancar

Əziz Əbdülqadir oğlu Sancar 8 sentyabr 1946-cı ildə Türkiyədə, Mardinin Savur mahalında, orta gəlirli ailənin səkkiz uşağından yeddincisi olaraq dünyaya gəlib. 1963-ci ildə İstanbul Universitetinin Tibb Fakültəsinə daxil olub və 1969-ci ildə fərqlənmə diplomu ilə oranı bitirib. İki il Savurda bir səhiyyə ocağında həkimlik etdikdən sonra NATO-TÜBİTAK təqaüdü ilə əvvəl Johns Hopkins Universitetində, sonra isə Dallas Texas Universitetində təhsilini davam etdirib.
Dallasda universitetin Claud Rupert laboratoriyasında molekulyar biologiya proqramına qatılıb. Bu laboratoriyada Sancar, məsləhətçisi Claud Rupert ilə nomenkulaturada “fotoliyaz” adlandırılmlış geni müəyyənləşdirib və gen mühəndisliyi yolu ilə bakteriyalarda onları çox yüksək nisbətdə artıra bilib. Bu genin kodlaşdırdığı fermentin müdaxiləsi ilə ultrabənövşəyi şüaların təsirindən strukturu pozulmuş DNT-ni bərpa etmək mümkün olub. Bu tədqiqatlarına görə Dr. Sancar əvvəlcə yüksək lisans, sonra doktorluq dərəcəsi (1977) alıb.
1997-ci ildən bəri Amerika Birləşmiş Ştatları Şimali Karolina Universitetində Chapel Hilldə, Biokimya və Biofizika Hissəsində Sarah Graham Kenan Professoru olaraq çalışır. ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk amerikalı türkdür. Hüceyrələrin ziyan görən DNT-lərinin necə bərpa edilməsi və genetik məlumatlarını qorumasının sxemini göstərən araşdırmaları (“DNT-nin bərpa edilməsi mexanizmləri”) sayəsində 2015-ci ildə Nobel Kimya Mükafatını qazanıb.
Əziz Sancarın “maxicell” texnikası ilə kəşf edib adını qoyduğu “excinuclease ( Excision nuclease)” fermenti Oxford Biokimya və Molekulyar Biologiya terminləri Sözlüyünə daxil edilib.
DNT-nin bərpa edilməsi ilə əlaqədar tədqiqatlara görə Sancarla yanaşı, amerikalı Paul Modrich və isveçli Tomas Lindahl da 2015-ci il Nobel Kimya Mükafatına layiq görülüblər. Bu üç tədqiqatçı 30 ildən çox bir-birlərindən ayrı, müstəqil olaraq böyük nisbətdə bakteriya hüceyrələri üzərində tədqiqat aparıblar. Sancar nukleotid seqmentlərinin bərpası sahəsində ixtiralar etmiş, Tomas Lindahl və Paul Modrich isə digər DNT bərpa mexanizmləri olan bəzi seqment bərpası və səhv uyğunlaşma bərpasını kəşf etmişlər. Aydınlatdıqları təməl mexanizmlər daha sonra insanlar da daxil olmaqla kompleks orqanizmlərdə təcrübədən çıxarılmışdır. Məsələn, nukleotid seqmentlərin bərpası pozğunluqları ilə dəri xərçəngləri arasında birbaşa əlaqənin olduğu müəyyən edilib. Prof. Dr. Əziz Sancarın liderliyi ilə həyata keçirilən işdə, siqaretin DNT-yə verdiyi zərərin yüksək həllolma əmsalının xəritəsi də çıxarılmışdır. Bu cür xəritələrin siqaret qaynaqlı xərçənglərin necə ortaya çıxdığını, bəzi kəslərin xərçəngə qarşı daha müdafiəsiz ya da müqavimətli olduğunu və xərçəngin necə qarşısının alınmasının başa düşülməsinə kömək olacağına əminliyini çıxışlarında ifadə edən Sancar, siqaretçəkmənin zərərləri ilə bağlı belə qəti dəlillərin təmin edilməsinin, siqaret çəkənlərin bu pis vərdişi buraxmasına da köməkçi olacaqlarına ümid etdiyini qeyd etmişdir. Siqaretin DNT-yə zərər verdiyi və ağciyər xərçənginə səbəb olduğu elm insanlarına məlumdur. Ancaq ABŞ-da Şimali Karolina Universiteti Sancarın liderliyi ilə elmdə insanlarda siqaretin DNT-yə necə zərər verdiyini ortaya qoyan bir ilkə imza atdı.
Əziz Sancarın tədqiqatları xərçəng araşdırma sahəsində yeni üfüqlərin açılacağına zəmanət verir. Çünki şiş xəstəliklərinin yaranması birbaşa sağlam hüceyrələrin DNT strukturunun pozulması ilə bağlıdır. Orqanizmin vəhdət halında tam olması bu mürəkkəb, möcüzəli, həm də nəhəng molekulun düzgün işləməsinndən asılıdır. DNT-nin kəşfi yaradılışın fəlsəfəsinin açarını verdi. DNT hüceyrəvi quruluşu olmayan bir canlı təsəvvürü yaradır. Orqanizmin bütün hüceyrələri təkrarlaını yaratmaq üçün onun diktovkası ilə hərəkət edir. Ona görə orqanizmi təşkil edən milyardlarla hüceyrələrin bircəsində belə onun strukturu pozulduqda dəyişkənlik yaranan DNT molekulu törənən yeni hüceyrəyə öz yeni quruluşunu yeridir. Beləliklə orqanizmdə ona yad olan hüceyrələr törənməyə başlayır. Bu da şiş xəstəliklərinin və digər ciddi genetik poizgunluqların törənməsinə başlanğıc verir. Məhz bu xüsusuyyətinə görə əslində təkcə DNT molekulundan ibarət olan viruslara həyatın hüceyrəsiz forması deyirlər.
Əziz Sancara İsveç Kral Elmlər Akademiyası tərəfindən verilən Nobel Kimya Mükafatı Alfred Nobelin ölüm ildönümü olan 10 dekabrda təşkil edilən mərasimdə verilib. Mükafat İsveç Kralı XVI Carl Gustaf tərəfindən təqdim edilib. Sancar: “Məni mükafata aparan Atatürkün və Türkiyə Respublikasının verdiyi təhsil sistemidir. Bu səbəbdən bu mükafatın sahibi Atatürk və Türkiyə Respublikasını təmsil edən Anıtkabir Muzeyidir”, - deyərək Nobel mükafatı ilə medal və sertifikatını Anitkabira təqdim edib.
Əziz Sancarın Azərbaycanla da bağları güclüdür. Alim bir neçə dəfə ölkəmizə ziyarət edib, Azərbaycan alimləri ilə görüşlər keçirib. 29 noyabr 2023-cü il tarixində AMEA-nın Ümumi yığıncağında professor Əziz Sancar AMEA-nın fəxri üzvü seçilib.