Diferensial operatorlara dair məsələni ilk dəfə həll edən alim
- setm63
- 7 янв.
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Cavadov Mais Həbib oğlu

Cavadov Mais Həbib oğlu 22 mart 1929-cu ildə İsmayıllı rayonunda anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirmişdir.
O, 1958-ci ildə “Qarışıq məsələlərin həllinin ümumiləşmiş funksiyalar sinfində araşdırılması” mövzusunda namizədlik, 1966-cı ildə “Öz-özünə qoşma olmayan operatorların nəzəriyyəsinin bir sıra məsələləri və onların riyazi fizika məsələlərinə tətbiqi haqqında” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
1952-1969-cu illərdə AMEA-nın Fizika və Riyaziyyat İnstitutunda əyani aspirant, böyük elmi işçi, şöbə müdiri olmuş, 1969-1992-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda professor, kafedra müdiri vəzifəsində işləmişdir.
M.Cavadov ilk dəfə adi diferensial operatorların məxsusi və qoşulmuş funksiyalarının bir hissəsinin tamlıq məsələsini həll etmişdir. Universal cəbr sahəsində kəsişməyə ayrılmayan yarımqrup çoxobrazlıların sintaktik təsvirini vermiş (Evans problemi), cəbri sistemlərin aksiomlaşdırılmış siniflərində üç növ qeyri-standart alt dekart təsvirləri üçün ayrılışlara aid klassik Birkhof teoreminin analoqunu almış, bütün yarımqrup çoxobrazlıların termal və polinominal ranqlarını tapmış, sonlu qrupoidlərin monounar primallaşması haqqında Knobel problemini həll etmişdir. İsbatlar nəzəriyyəsinin köməyilə biqapalı və simmetrik monoidal qapalı kateqoriyalarda kanonik morfizmlərin bərabərliyi üçün alqoritmlər vermiş, dekartqapalı və biqapalı kateqoriyalar üçün Makleyn mənada koherentlik teoremlərini, topoloji fəzaların və nizamlı çoxluqların morfizmlər cəbrləri ilə xarakterizə olunması haqqında Kolmoqorov-Qelfand tipli teoremləri isbat etmişdir.
Kiçik parametrdən asılı cırlaşan biharmonik tənlik və ikitərtibli elliptik tənliklər üçün xüsusi oblastlarda sərhəd məsələlərinin həllərinin asimptotikasını tədqiq etmiş, öz-özünə qoşma olmayan cüttərtibli adi törəməli diferensial operatorların məxsusi və qoşulmuş funksiyalar sinfinin yarısının tamlığını isbat etmişdir. Operatorlar dəstəsinin məxsusi və qoşulmuş elementlərinin çoxqat tamlığını, ümumi şəkildə verilmiş parabolik və hiperbolik tənliklər üçün qarışıq məsələnin ümumiləşmiş funksiyalar sinfində həll edilə bilməsini göstərmişdir.
M.Cavadov 40-dan artıq elmi əsərin müəllifidir. 20-dən artıq fəlsəfə doktoru hazırlamışdır. 1982-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
AMEA-nın müxbir üzvü Mais Cavadov 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir.