Bənzərsiz sənət əsərləri yaradan tanınmış heykəltaraş
- setm63
- 14 нояб.
- 3 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Cəlal Məhərrəm oğlu Qaryağdı

Cəlal Məhərrəm oğlu Qaryağdı 1914-cü il iyulun 17-də Şuşada anadan olub. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onu xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Cəlal Bakıya gəlib.
O, əvvəlcə ixtisas təhsilinə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1928-1932) yiyələnib. Məktəbin sonuncu kursunda oxuyanda “Gənc işçi”, “Yeni yol” qəzetlərində rəssam işləyib. O vaxtlar həmin məktəbin müəllimlərinin əksəriyyəti qeyri-millətlərin nümayəndələri idi. On səkkiz yaşlı Cəlal Qaryağdı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin ilk azərbaycanlı müəllimlərindən biri olub. Tələbələrinin arasında məşhur partizan Mixaylo kimi tanınacaq Mehdi Hüseynzadə də vardı.
Daha sonra isə Tbilisi Dövlət Rəssamlıq Akademiyasına (1932-1935) qəbul olunub. Maddi cəhətdən korluq çəkən bu gənc tələbə həm oxuyub, həm işləyib. Çox əziyyətə qatlaşsa da, Tiflisdə təhsilini tamamlaya bilməyib. O, üç il oxuduqdan sonra Rəssamlıq Akademiyasını yarımçıq qoyub, Bakıya dönüb.
40-cı illərdə heykəltəraşlıq əsərlərini yaratmağa başlayır. Gənc heykəltaraş sənətin xüsusi incəliklərini müəllimi Gürcüstanın Xalq rəssamı, professor Y.İ.Nikoladzedən əxz edib. C.Qaryağdı yaradıcılığının lap erkən dövrlərindən sərgi və müsabiqələrdə uğurla iştirak edib. Heykəltaraş 1954-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.
C.Qaryağdı heykəltaraşlığın müxtəlif sahələrində - monumental heykəl, portret, büst, qorelyef, barelyef və digər bir-birindən maraqlı əsərlər yaradıb. Görkəmli tişə ustasının yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi, obrazların mahiranə plastik həllini, kompozisiya bitkinliyini, yaradıcılıq manerasının genişliyini, surətlərin fərdi xarakterlərinin ustalıqla açılmasını, heykəltaraşın özünə qarşı ciddi yaradıcılıq tələbkarlığını və digər xüsusiyyətləri qeyd etmək olar.
C.Qaryağdının monumental heykəltaraşlıq əsərləri ölkəmizin paytaxtı Bakı şəhəri ilə yanaşı, bölgələri də bəzəyir və tamaşaçıların bədii-estetik zövqünün formalaşmasına müsbət təsir göstərir. Onun monumental heykəltaraşlıq əsərlərinə nümunə olaraq Molla Pənah Vaqifin heykəli (1939-40, Bakı, Nizami adına Ədəbiyyat Muzeyinin qərb fasadının lojası), Mirzə Ələkbər Sabirin heykəli (tunc, qranit, 1958, memarlar Ənvər İsmayılov və Qəzənfər Əlizadə, Bakı), Nəriman Nərimanovun heykəli (tunc, qranit, 1966-68, memar Tahir Abdullayev, Bakı, açılışı 1972-ci ildə olmuşdur), həmçinin Qazaxda Səməd Vurğunun heykəli (1966), Ordubadda akademik Yusif Məmmədəliyevin abidəsi (1977), Lənkəranda Həzi Aslanovun heykəli (1983) və başqalarını göstərmək olar.
Bakı şəhərinin mərkəzində ucaldılmış Azərbaycanın satirik şeirinin ən görkəmli nümayəndələrindən olan M.Ə.Sabirin heykəlini həmin məkandan kənar təsəvvür etmək mümkünsüzdür. Oturmuş halda, başında buxara papaq, sağ əlində dillər əzbərinə çevrilmiş “Hophopnamə”sini tutmuş vəziyyətdə təsvir edilmişdir.
Abidənin ətraf aləmlə və heykəlin postamenti ilə üzvi bağlılığı ustalıqla tapılıb və son dərəcə uğurlu həll edilib. Azərbaycanın görkəmli maarifçisi və dövlət xadimi Nəriman Nərimanovun əzəmətli heykəli C.Qaryağdının cəlbedici əsərlərindəndir. Lakin bu nəhəng abidənin postamentlə uyğunsuzluğu gözə çarpır. Heykəltaraşın həyat yoldaşı Firəngiz Hüseynova abidə barədə deyirdi: “Hələ o vaxt, abidənin açılışına az qalmış Moskvaya məktub göndərib, azərbaycanlıların Bakıda Kirovun heykəlindən hündür heykəl ucaltmaq istədiklərini xəbər verdilər. Heykəl hazır idi. Tuncdan tökülmüş abidənin kiçildilməsi mümkün deyildi. Ancaq sovet hökuməti Nərimanovun öz xalqına Kirovdan uca nöqtədən baxmasına yol vermədi. Heykəlin postamenti kiçildildi. Cəlal o zaman bundan çox narazı qaldı”.
Məşhur kimyaçı alim, akademik Yusif Məmmədəliyevin Ordubad rayonunun mərkəzində ucaldılmış abidəsi şəhərə xüsusi yaraşıq verir və bu abidə həmyerlilərinin qürur mənbəyinə çevirilib.
C.Qaryağdı, həmçinin tanınmış incəsənət xadimlərinin və hərbçi qəhrəmanların büst-portretlərinin müəllifidir. Bunlara misal olaraq Sovet İttifaqı qəhrəmanları Adil Quliyevin (1945) və Həzi Aslanovun (1948-49), snayperçi qadın Ziba Qəniyevanın (1948), rəssam Bəhruz Kəngərlinin (1947), vokalçı Bülbülün (1948), şairə Xurşid Banu Natəvanın (1949), şair Mirzə Ələkbər Sabirin (1962), bəstəkar Qara Qarayevin (1963), bəstəkar Fikrət Əmirovun (1964) büstlərini və həmçinin “Tarzən”, “Kamançaçı”, “Xanəndə” (hamısı 1967) fiqurlarını qeyd etmək olar. Tişə ustasının yaradıcılığında hərbçilərə və qəhrəmanlara xüsusi yer ayırması təqdirəlayiqdir və bu tendensiyanın digər sənət adamlarının da yaradıcılığına sirayət etməsi arzu ediləndir. Heykəltaraşın dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının motivləri əsasında yaratmış olduğu “Fərhad Bisütun dağını yararkən” adlı barelyefi (1947) diqqətçəkəndir.
Ömrünün son illərində emalatxanasından çıxmır, “Ana” heykəli üzərində işləyirdi. Fərdi sifariş idi. “Bu heykəl bütün analara layiq olmalıdır”, - deyirdi. Çox keçmir ki, infarkt keçirir və xəstəxanaya düşür. 2001-ci il yanvarın 1-i vəfat edir. Azərbaycan təsviri sənətinin inkişafına özünün bədii yaradıcılıq nümunələri ilə töhfələr bəxş etmiş Cəlal Qaryağdı kimi sənət ustaları xalqımız və dövlətimiz tərəfindən həmişə xüsusi ehtiramla anılır.
