“Bayraktar” PUA-ları İtaliyada istehsal olunacaq! Hansı PUA-lar istehsal ediləcək?
- setm63
- 3 дня назад
- 2 мин. чтения
“Baykar”ın “Piaggio” addımından sonra Haluk Bayraktar İtaliyada “Bayraktar” Pilotsuz Uçuş Aparatlarının (PUA) istehsal ediləcəyini elan edib.
İstehsala daxil olacaq ilk platformaların “Bayraktar” TB3 və AKINCI olacağı gözlənilir.

“Baykar”ın “Piaggio Aerospace” şirkətini satın alması Türkiyə ilə İtaliya arasında aviasiya sahəsində əməkdaşlıqda yeni mərhələnin başlanğıcı olmuşdu. Bu addım eyni zamanda “Baykar”ın Avropa bazarına çıxışını xeyli asanlaşdırmışdı. Bu kontekstdə 140 illik köklü tarixə malik “Piaggio Aerospace” “Baykar”ın tərkibinə daxil olduqdan sonra genişmiqyaslı yenidənqurma prosesinə başlayıb. “Piaggio Aerospace”in İdarə Heyətinin sədri və “Baykar”ın baş direktoru Haluk Bayraktar satınalmadan sonrakı planlarla bağlı mühüm açıqlamalar verib.
Haluk Bayraktar “Piaggio”nun mülki aviasiya sahəsindəki təcrübəsi ilə “Baykar”ın çevik mühəndislik yanaşmasını bir araya gətirərək yeni təşəbbüslər üzərində çalışdıqlarını bildirib. Bu çərçivədə “Piaggio” müəssisələrində PUA-ların istehsalı da gündəmdədir. Haluk Bayraktar “Piaggio” zavodlarının bu potensiala artıq malik olduğunu vurğulayaraq, “Leonardo” ilə həyata keçirilən birgə müəssisə (LBA Systems) çərçivəsində “Bayraktar” PUA-larının İtaliyada istehsalını planlaşdırdıqlarını açıqlayıb. Bu addım Avropanın tələbatına lokallaşdırılmış istehsal və sertifikatlaşdırma yolu ilə cavab verməyi hədəfləyir.
Ötən il keçirilən Paris Aviasiya Sərgisi çərçivəsində “Baykar”ın baş direktoru Səlcuq Bayraktar açıqlamasında qeyd etmişdi: “İlk növbədə “Bayraktar” TB3 və AKINCI platformaları üzərində işlər aparılacaq”. Sərgi zamanı “Bayraktar” TB3 və “Bayraktar” AKINCI platformaları “LBA Systems” loqosu ilə nümayiş etdirilmişdi.
Beləliklə, “Piaggio” müəssisələri təkcə mülki təyyarə istehsalı deyil, eyni zamanda PUA-ların istehsalı baxımından da mühüm mərkəzə çevriləcək. Bundan əlavə, “Piaggio” tərkibində hazırda müxtəlif mühərriklərin texniki baxış və təmir işləri aparılır və yeni mühərrik alternativləri ilə bu imkanların genişləndirilməsi hədəflənir. Bu istiqamətdə avadanlıq və texnika yatırımları ilə mühərrik hissələrinin istehsalı və texniki xidmət-təmir gücü artırılacaq.
İstehsal gücü artırılacaq
“Piaggio” tərkibində bir tərəfdən P180 “Avanti” təyyarəsinin istehsalı davam edərkən, digər tərəfdən mühərrik hissələrinin istehsalı və mühərriklərin texniki baxım-təmiri həyata keçirilir. Son illərdə istehsal gücü məhdud qalan P180 modeli üçün “Baykar”ın baxışı olduqca aydındır. Hazırda illik 4-5 ədəd səviyyəsində olan istehsalın mövcud müəssisələr və təchizat zənciri dəstəyi ilə birlikdə illik 25-30 təyyarəyə çatdırılması hədəflənir.
“Baykar” P180 “Avanti”ni gələcəyə daşımaq üçün genişmiqyaslı modernləşdirmə proqramına start verib. Bu işlərin nəticəsində ortaya çıxacaq yeni versiya “Avanti Next” adlandırılacaq. Proqram çərçivəsində avionika sistemləri yenilənir və sənaye standartına çevrilmiş “Garmin” avionik sistemlərinə keçid üçün işlər davam etdirilir. Modernləşdirmə çərçivəsində təyyarənin yalnız pilot kabinəsi deyil, daxili salonu da yenilənəcək. Mövcud texnologiyalar daha irəli səviyyəyə qaldırılacaq.
