Bakının bir çox məşhur binasının memarı
- setm63
- 23 апр.
- 4 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Mikayıl Ələsgər oğlu Hüseynov

Mikayıl Ələsgər oğlu Hüseynov 1905-ci il aprelin 19-da Bakı şəhərində, zadəgan ailəsində anadan olmuşdur. Mikayıl ilk təhsilini Bakı Realnıy məktəbində almış, 1922-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mühəndis-inşaat fakültəsinə daxil olmuşdur. Ali məktəbi fərqlənmə diplomu ilə bitirən M.Hüseynov 1930-cu ildən memarlıq fəaliyyətinə başlayaraq “Azərdövlətlayihə”də müxtəlif vəzifələrdə çalışmışdır.
İlk öncə assistent olaraq işə başlamış, daha sonra memarlıq emalatxanasının rəhbəri seçilmişdir. Onun başçılığı ilə emalatxananın yaradıcı heyəti az saydan ibarət gənc memarlardan təşkil olunmuşdur. Belə ki, bu kollektiv həmin dövrün aparıcı mütəxəssislərindən hesab olunaraq Bakıda saysız memarlıq işlərini reallaşdırmışdır. Mikayıl Hüseynov elə həmin illərdə paralel olaraq Azərbaycan Sənaye İnstitutunda (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) tədris işləri ilə məşğul olmuş, bu peşə üzrə yeni kadrların yetişdirilməsində böyük rol oynamışdır.
1942-ci ildə professor, 1950-ci ildə memarlıq doktoru elmi adları alan alim, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının ilk 15 təsisçisindən biri olaraq həqiqi üzv seçilmişdir. M.Hüseynov 40 ilə yaxın (1948-1988) Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutuna və Azərbaycan Memarlar İttifaqına (1947-ci ildən) rəhbərlik etmişdir. Dünya şöhrətli memar, alim, pedaqoq, akademik M.Hüseynov 1970-ci ildə SSRİ Xalq memarı fəxri adına layiq görülmüşdür.
M.Hüseynov müasir Bakı şəhər memarlığının ən yaxşı nümunələrinin müəllifi olmuşdur. Ənənələrə hörmətlə yanaşan və ondan bədii təcəssümlü formalarda istifadə edən memar Bakıda, habelə Gəncə, Qazax, Naxçıvan, Şəki şəhərlərində bir çox yaşayış evləri, ictimai binalar, görkəmli mədəniyyət və elm ocaqlarının lahiyələrini ustalıqla yaratmışdır. Hüseynov ölkəmizdən kənarlarda da istedadını məharətlə ifadə etmiş, Berlin, Moskva, Düşənbə şəhərlərində Şərq milli koloritli və ornamentləri ilə seçilən, bənzərsiz abidə və mədəni-məişət binalarının layihələri memar təxəyyülünün məhsulu olmuşdur.
Dünya memarlığının qabaqcıl və yeni meyillərindən imtina etmədən Azərbaycan memarlığına milli koloriti gətirməsi Mikayıl Hüseynovun yüksək peşəkarlığından xəbər verir. Şərq və Qərb memarlıq məktəbinin sintezindən ustalıqla yararlanaraq Hüseynov Bakıda Azərbaycan Sənaye İnstutu (1930), Azərbaycan Politexnik İnstitutu (1935), Azərbaycan Dövlət Konservatoriyası (1936), Azərbaycan Dövlət Universiteti (1940), Azərbaycan SSR Elmlər Akademiyası şəhərciyi kompleksi (1949), Nizami Gəncəvi adına kinoteatr, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi (1940), Azərbaycan Dövlət Kitabxanası (1947-1948), Azərbaycan Pedoqoji Universiteti (1965) kimi əhəmiyyətli binaları layihələndirmişdir.
Mikayıl Hüseynovun geniş yaradıcılıq əməyinin bəhrəsi Bakını, onun küçələrini, meydanlarını bəzəyir. Buna misal olaraq Nizami Gəncəvinin (Bakı 1940, Gəncə 1945), Həzi Aslanovun (1947-1948), Səməd Vurğunun (1958), Mehdi Hüseynzadənin (1958), Üzeyir Hacıbəyovun (1953-1954), Məhəmməd Füzulinin abidələrini sadalamaq mümkündür. Layihələrini böyük bacarıqla yaratdığı bu abidələr heykəltəraş Fuad Əbdürəhmanov tərəfindən hazırlanmışdır. Heykəltəraş P.V.Sabsayın hazırladığı Əbdürrəhim bəy Haqverdiyevin (Bakı, 1963) və Səməd Vurğunun (Qazax, 1963) abidələrinin layihə müəllifi də Mikayıl Hüseynovdur. 1950-ci ildə dağüstü sahənin detallaşdırılmış plan layihəsi məhz onun rəhbərliyi ilə gerçəkləşmişdir.
1924-cü ildə Bakıda hökumət üzvləri üçün bina tikilməsi prosesinə start verilir. Proses 30-cu illərin əvvəllərinə qədər uzanır və 1932-ci ildə müsabiqə elan edilir. İkiillik müzakirələrdən sonra 1934-cü ildə müsabiqənin qalibləri müəyyənləşir. Bu müsabiqədə Azərbaycanın tanınmış memarları Mikayıl Hüseynov, Sadıq Dadaşov, SSRİ Memarlar Akademiyasının həqiqi üzvü L.V.Rudnevdə iştirak edirlər. Qiymətləndirmə prosesi uzun sürür və 1939-cu ildə müsabiqəni yekunlaşdırmaq məqsədilə son toplantı keçirilir. İclasda Mircəfər Bağırov başda olmaqla, respublikanın bütün rəhbərliyi iştirak edirdi. Layihələrin müsbət və mənfi cəhətləri müzakirə olunur. Mikayıl Hüseynov Kommunist Partiyasının üzvü olmayıb. İclasda bu faktı qabardan Daxili İşlər komissarı (naziri) Stepan Yemelyanov Mikayıl Hüseynovun təqdim etdiyi layihədə sovet dövlətinin qurucusu Leninin heykəlinin binanın aşağı hissəsində (indiki Azadlıq meydana baxan postament üzərində) yerləşdirilməsinə etirazını bildirir. O, M.Bağırova müraciətlə deyir:
- Yoldaş Bağırov, başa düşmürəm, nə üçün memar Mikayıl Hüseynov proletariatın dahi rəhbəri Vladimir İliç Leninin heykəlinin binanın aşağı hissəsində qoyulmasını təklif edir? O, bununla nə demək istəyir? Axı bina çoxmərtəbəli olmaqla, həm də çox əzəmətli olacaq. Belə olan halda Lenin yoldaşın heykəlini binanın aşağı hissəsində yerləşdirməkdə hansı məqsədi güdür?
Bu sözlərdən sonra salon sükuta qərq olur. Hamının nəzərləri Hüseynova dikilir. Yaranmış sükutu M.Bağırov pozur və deyir:
- Yoldaş Hüseynov, sizə tutulan irad çox ciddidir. Bu barədə nə deyə bilərsiniz?
O, təmkinlə deyir:
- Dahi rəhbər Vladimir İliç Leninin heykəlinin binanın aşağı hissəsində qoyulmasını bilərəkdən təklif edirəm (bu sözlərdən sonra vəziyyət bir az da gərginləşir). Çünki proletariatın rəhbəri Lenin yoldaş heç vaxt zəhmətkeşlərdən uzaq olmayıb. Ona görə də layihəmdə heykəlin kütləyə daha yaxın yerdə qoyulmasını nəzərdə tutmuşam.
M.Bağırov gənc memarın bu cavabından sonra ona heç bir söz demir. Ancaq baxışlarından hiss olunur ki, cavabdan razı qalıb. Sonra üzünü S.Yemelyanova tutub deyir:
- Yoldaş Yemelyanov, cavab sizi qane etdimi? Əlavə sualınız yenə varmı?
Gənc memarın gözlənilməz cavabından o, bir az tutulur. Ancaq özünü ələ alır və deyir:
- Yoldaş Bağırov, bu gənc memar çox ağıllı və məntiqli cavab verdi. Onunla razılaşmamaq düzgün olmazdı.
Bütün bunlara baxmayaraq, məlum səbəblər üzündən Hüseynovun və Dadaşovun təqdim etdiyi layihə təsdiqlənmir. Mütəxəssislər qeyd edirlər ki, onların layihəsi daha təkmil və əzəmətli idi. Müsabiqədə birinci yer Moskva münsiflər heyəti tərəfindən Lev Rudnevə verilir.
Yaradıcılıq baxımından həqiqətən tükənməz memar sayılan Hüseynovun zəngin irsinə 200-dən artıq layihəsi daxildir ki, onların da əksəriyyəti gerçəkləşdirilmişdir. Hidrometroloji Xidmət İdarəsi (1936), Azərbaycan SSR Daxili İşlər Nazirliyi Arxiv İdarəsi (1952), Neft Sənayesi Nazirliyi (1955) kimi əhəmiyyətli binaların layihəsi də Mikayil Hüseynova məxsusdur. “Moskva”(1965) mehmanxanasının layihəsini təkbaşına, “İnturist” (1964), “Abşeron” (1965) mehmanxanalarının layihələrini isə memar Naimə Axundovanın köməyilə hazırlamışdır. Nəriman Nərimanov, Nizami, Elmlər Akademiyası metrostansiyalarının da layihələri memarın uğurları sırasındadır.
Müstəsna xidmətlərinə görə Hüseynov bir çox orden və medallarla təltif olunmuş, fəxri adlara layiq görülmüşdür. 1992-ci ildə alimin təşəbbüsü ilə Beynəlxalq Şərq Memarlıq Akademiyası yaradılmış və ilk prezidenti Mikayıl Hüseynov olmuşdur. Azərbaycanı dünyaya tanıdan, klassikimiz M.Hüseynov həmin ilin iyununda Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin fəxri üzvü seçilmişdir.
İngiltərə kraliçası II Yelizavetanın himayəsi altında olan “Böyük Britaniya Asiya Cəmiyyəti” tərəfindən 1985-ci ildə təşkil edilmiş “Bakının memarlığı” sərgisində akademik M.Hüseynovun əsərləri nümayiş etdirilmiş, sərgi materiallarına keçirilən baxış və müzakirələrdən sonra o, Böyük Britaniya və İrlandiya Krallığının Asiya cəmiyyətinin fəxri üzvü olmuşdur.
Mikayıl Hüseynov 1992-ci il oktyabrın 7-də Bakı şəhərində dünyasını dəyişmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.