“Bakı Soveti” və bir çox layihələrin müəllifi - Azərbaycanın görkəmli ilk memar qadını
- setm63
- 4 июн.
- 3 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Şəfiqə Mikayıl qızı Zeynalova

Şəfiqə Mikayıl qızı Zeynalova 26 iyun 1922-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Mikayıl Zeynalovun üç qız övladından biri olan Şəfiqə xanım Azərbaycanın mədəni həyatına yenilik gətirən ilk qadın memardır.
1937-ci ilin amansız repressiyası yüzlərlə ailəni məhv etdiyi kimi, Şəfiqə xanımın atası Mikayıl Zeynalovdan da yan keçməmişdir. Sovet rejiminin əleyhinə olan Mikayıl Zeynalov bu cür düşüncələrinə, fikirlərinə görə Stalin repressiyasının qurbanı olur. O, ömrünün sonuna qədər həbsxanada qalsa da ailəsi ilə əlaqəsini kəsmədi, doğmaları ilə görüşdükdə onlara lazım olan məsləhətlərini verdi. Atasının həbsindən sonra ailələri ağır vəziyyətə düşür, lakin ailənin həyəcanı, qorxusu bununla bitmir. Bir müddət sonra Şəfiqə xanımın sevimli dayısını da “xalq düşməni” adı ilə damğalayırlar.
Şəfiqə xanım Zeynalova hələ orta məktəbdə oxuyarkən atası və dayısı ona məktəbi bitirdikdən sonra memar olmağı məsləhət görmüşdü. O, doğmalarının məsləhətinə əməl edərək Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olur və oranı bitirir. Şəfiqə xanım 1942-1943-cü illərdə məktəbdə riyaziyyat müəllimi işləyirdi. Memar kimi ilk əmək fəaliyyətinə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işə başlasa da, sonradan bu sahədə özünü daha çox sınamaq qərarına gəlir və 1945-1949-cu illərdə “Azərdövlətlayihə” insitutunda işini davam etdirir. Şəfiqə xanım Zeynalova 1946-cı ildə SSRİ Memarlar İttifaqına üzv qəbul ediləndə hələ 24 yaşında idi. O, təhsilini daha da təkmilləşdirmək üçün əvvəlcə Moskva Memarlıq İnsitutunun dinləyicisi olur və 1949-cu ildə isə bu instituta qəbul olur. O, bu institutu bitirən ilk azərbaycanlı memar qadın olaraq tariximizə, Azərbaycan mədəniyyətinə imzasını yazdırır. Moskvada təhsilini bitirib canından çox sevdiyi vətəninə dönür və 1952-ci ildən ömrünün sonuna kimi “Azərdövlətlayihə” intitutunda çalışmağa başlayır. Şəfiqə xanımın ilk layıhəsi uşaqlara həsr olunmuşdur. 1946-1948-ci illərdə onun layıhəsi ilə “Gənclik” metrosunun yaxınlığında tikilmiş “Uşaq dəmir yolu” memarın ən çox sevdiyi işlərindən idi. Təəssüf ki, o tikili hal-hazırda yoxdur, bir çox dəyərli tikililər kimi o da sökülərək zamanın tarixə qovuşmuşdur.
Bakıda, eləcə də Azərbaycanın digər şəhər və rayonlarında (Sumqayıt, Lənkəran, Mingəçevir) Şəfiqə xanım Zeynalovanın layihəsi əsasında onlarla bir-birindən yaraşıqlı, gözoxşayan hündürmərtəbəli binalar tikilib. Şəfiqə xanım Şərq üslubunu saxlamaqla, müasir Avropa tikililərinə uyğun olan layihələri ilə şöhrət qazanmağı bacardı. “İçərişəhər” (keçmiş “Bakı soveti”) metro stansiyası sonra yenidən qurulsa da onun memarlıq üsulu ilə hazırlanmış layihə əsasında ərsəyə gəlmişdir. Bundan başqa, o, bir çox heykəllərin də layihəsini vermişdir. Məsələn: Sevil Qazıyeva, Mikayıl Müşfiq, Həzi Aslanov. Şəfiqə Zeynalovanın layıhəsi əsasında tikilmiş Tarix arxivinin, Sənaye nazirliyinin binaları bu gün də şəhərimizi bəzəyən tikililərdən hesab edilir. “Nizami” metrostansiyasının yaxınlığında “Azad qadın” heykəlinin arxasındakı dəmirdən və şüşədən olan 17 mərtəbəli bina Şəfiqə xanım Zeynalovanın layihəsi ilə ucaldılmışdır. O, alman memarı və konstruktoru Lüdviq Mis Van Der Roenin yaradıcılığından bəhrələnərək öz düşüncəsi və bacarığı ilə belə gözəl bir layihə meydana çıxara bilmışdir. Bu bina Bakıda belə formada tikilən ilk göydələnlərdəndir.
XX əsr Azərbaycan memarlığının görkəmli nümayəndələrindən olan Şəfiqə xanımın növbəti layihələrindən biri də Şıx çimərliyi yaxınlığındakı Xəzər bioloji stansiyasının binasıdır. Bu layihə təkcə Cənubi Qafqazda deyil, bütün sovet məkanında dəniz heyvanlarının, müxtəlif balıq növlərinin yetişdirilməsi üçün ən böyük və ən müasir stansiya olmalı idi. Burada çoxlu labaratoriyalar, nəhəng hovuz və akvariumlar, binalar kompleksi, istehsalat korpusu, muzey, iclas zalı, mehmanxana və digər tikililər olacağı nəzərdə tutulmuşdu. Lakin layihə bəyənilsə də, naməlum səbəblərdən gerçəkləşməsi baş tutmadı. Şəfiqə xanımın layihələri bununla tamamlanmadı. Hal-hazırda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (əvvəllər Kənd Təssərrüfatı nazirliyi idi) fəaliyyət göstərdiyi bina, indiki Azərbaycan Respublikası İctimai və Siyasi Sənədlər arxivinin, Dəmiryol Vağzalının binaları da Şəfiqə Zeynalovanın zamanında çəkdiyi zəhmətinin əsasında ərsəyə gələn qiymətli memarlıq layihələrindəndir. Şəfiqə xanımın özünün gələcək karyerasının zirvəsi hesab etdiyi Dəmiryol Vağzalı ətrafında hündür mərtəbəli binaların tikilməsi layihəsini isə amansız xəstəlik üzündən həyata keçirə bilmədi. Şəfiqə xanım Zeynalova Azərbaycanın memarlıq tarixində “Respublikanın əməkdar memarı” fəxri adına layiq görülmüş ilk azərbaycanlı memar qadındır. İstedadlı və bacarıqlı memar olan Şəfiqə xanım hazırladığı layihələrin ətrafında əvvəlcədən tədqiqat aparır, onları lazımınca öyrənir, sonra işə başlayırdı. O, layihələrində milli üsluba çox fikir verən, tikililərdə milli üslubu saxlamaqla müasirliyi gətirən memar idi. Şəfiqə xanım çəkdiyi layihələrin sona qədər icra olunmasında birbaşa iştirak edir, başqalarına görünməyən, bəlkə də kiçik görünən detallara, cizgilərə, xətlərə, oymalara, naxışlara diqqətlə yanaşırdı. Ən kiçik ornamentlərdə belə milli üslubun olmasına, qorunmasına diqqət edirdi.
Şəfiqə Zeynalovanın onlarla başa çatmayan layihələri var idi ki, ağır xəstəlik onların həyata keçirilməsinə imkan vermədi. Azərbaycan memarlıq tarixində dərin iz qoymuş görkəmli ilk memar qadın Şəfiqə xanım Zeynalova 1979-cu il mayın 11-də 57 yaşında vəfat etmişdir.