top of page

Aşqarlar kimyası sahəsində görkəmli alim

  • setm63
  • 24 июл.
  • 3 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Sadıxov Kamil İsmayıl oğlu

ree

Sadıxov Kamil İsmayıl oğlu 1927-ci il fevralın 27-də Şimali Osetiya Muxtar Res­publikasının Orconikidze şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini bitirmişdir (1949).


K.Sadıxov 1956-cı ildə "Avtotraktor yağları üçün sulfonat aşqarların sintezi, tədqiqi və tətbiqi" mövzusunda namizədlik, 1967-ci ildə "Avtotraktor yağları üçün yuyucu və oksidləşməyə qarşı aşqarların sintezi, texnologiyalarının işlənməsi və sənayedə tətbiqi sahəsində tədqiqatlar" mövzusunda doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə edərək 1957-ci ildə kimya elmləri namizədi, 1968-ci ildə texnika elmləri doktoru alimlik dərəcəsi, 1969-cu ildə kimya və neft kimyası ixtisası üzrə professor elmi adını almış, Azərbaycan SSR EA-nın müxbir üzvü (1980), həqiqi üzvü (2001) seçilmişdir.


Kamil Sadıxov Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda (AzETNİ) elmi fəaliyyətə baş­lamış (1948), sonralar onun əsasın­da yaradılmış AMEA Neft-Kimya Proses­ləri İnstitutunda (1959-1962), 1962-ci ildən isə Ə.Quliyev adına Aşqarlar Kimyası İns­titutunda işləmişdir.


O, neft kimyası sahəsində görkəmli alimlərdən biri, keç­miş Sovetlər İttifaqında aşqarlar sahəsində yeganə ixtisaslaşmış institut – Aşqarlar Kimyası İnstitutunun əsasını qoyanlardandır.


Elmi yaradıcılıq fəaliyyəti neft kimyasının bir sıra fundamental və mühüm təcrübi məsələlərinə – motor yağları və yağlayıcı-soyuducu maye­lərə (YSM) yük­sək təsirli aşqarların sintezi, tədqiqi, istehsal texnologiya­sı­nın işlənib hazır­lanması, onların əsasında yüksək keyfiyyətli sürtkü kompo­zisiyalarının və YSM-in tərtibi və sənayedə tətbiqinə həsr edilmişdir.


Professor Kamil Sadıxov tərəfindən işlənib hazırlanmış yüksək təsirli neft sulfonatlarının sintezində xammalın seçilməsinin elmi əsasları bu sahədə məqsədyönlü  sintezlər aparmağa, bir sıra yüksək təsirli sulfonat aşqarların (AzHİİ-5, CB-3, CB-3y, CK-3) alınma texnologiyasının sənayedə tətbiqinə imkan vermişdir. Sulfonat aşqarların kimyəvi quruluşları ilə təsirli olmaları arasındakı asılılığı da ilk dəfə o, müəyyən etmişdir. Adıçəkilən aşqarların 30 ildən artıq müddət ərzində xalq təsərrüfatında tətbiqindən əldə edilən iqtisadi səmərə kifayət qədər böyükdür və on milyon manatlarla ölçülür.


Akademik son illər apardığı tədqiqatlar nəticəsində neft, sintetik və yarımsintetik xammal əsasında müasir tələblərə cavab verən və effektivliklərinə görə xarici analoqlardan geri qalmayan bir sıra neytral (HCK tipli), orta və yüksək qələvili (C-75, C-150, C-300 tipli) sulfonat aşqarların istehsal texnologiyasını işləyib hazırlamışdır. Aparılmış tədqiqatların nəticələri Bakı baza yağları əsasında yuyucu-dispersedici, yeyilməyə və s. qarşı xassələrə malik olan yüksək keyfiyyətli mühərrik yağlarının sənayedə istehsalını təşkil etməyə və bu yağların istismar müddətini 2-3 dəfə artırmağa imkan verir.


Kamil Sadıxovun kükürd, fosfor və azot elementləri saxlayan üzvi birləşmələr əsasında külsüz və azküllü yuyucu, oksidləşməyə, yeyilməyə və korroziyaya qarşı aşqarların sintezi sahəsində apardığı böyük elmi-tədqiqat işləri sayəsində 300-dən artıq yeni kükürd, fosfor və azotsaxlayan üzvi birləşmələr sintez edilmişdir. Daha sonra həmin birləşmələr tədqiq edilmiş, ilk dəfə olaraq fosfor-5-sulfidin doymamış karbohidrogenlə reaksiyasının mexanizmi barədə fikir söylənilmiş, sürtkü yağları və YSM-lər üçün külsüz və azküllü yuyucu, yeyilməyə, oksidləşməyə, siyrilməyə və korroziyaya qarşı aşqarların yeni alınma üsulları işlənib hazırlanmışdır.


Alim 400-dən çox elmi əsərin, o cümlədən 4 kitabın, 100-dən çox mü­əlliflik şəhadətnaməsi və patentin müəllifi idi. Respublikamızın elmi tədqiqat və sahə institutlarında, ali mək­təblərində müvəffəqiyyətlə çalışan 19 fəlsəfə doktoru və 4 elmlər dok­to­ru yetişdirmişdir.


K.Sadıxov məhsuldar elmi fəaliyyəti ilə yanaşı, böyük ictimai işlərlə də məş­ğul olmuşdur. "Neft kimyası və neft emalı" Koordinasiya Şurasının, doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış elmi şuraların üzvü, Azərbaycan Elmlər Akademiyasının Kimya Bölmə­si­nin büro üzvü, dəfələrlə Bakı Dövlət Universitetində və Neft Akademi­yasında Dövlət buraxılış imtahan komissiyalarının sədri olmuşdur.


O, "Şöhrət" və "Şərəf nişanı" ordenləri, "SSRİ ixtiraçısı" və "Əmək veteranı" medalları ilə təltif olunmuş, Azər­baycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.


Alim 8 iyul 2016-cı ildə Bakıda vəfat etmişdir.  

 
 
Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page