Azərbaycanın tanınmış bioinformatik alimi
- setm63
- 24 сент.
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
İlham Əyyub oğlu Şahmuradov

İlham Əyyub oğlu Şahmuradov 1 yanvar 1958-ci ildə Qubadlı rayonunda anadan olub. O, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsini, 1985-ci ildə SSRİ Elmlər Akademiyasının Sibir Bölməsinin Sitologiya və Genetika İnstitutunun məqsədli aspiranturasını bitirib.
Böyük alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyev məktəbinin layiqli nümayəndələrindən olan İlham Şahmuradov 1987-ci ildə “Genetika” ixtisası üzrə namizədlik və 2005-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.
AMEA-nın müxbir üzvü İlham Şahmuradov elmi fəaliyyətinə Azərbaycan SSR Elmlər Akademiyasının Bioloji Tədqiqatlar Elmi Mərkəzində böyük laborant kimi başlayıb (1979-1981), daha sonra SSRİ EA Sibir Bölməsinin Sitologiya və Genetika İnstitutunda təcrübə keçib (1981-1982).
Alim Azərbaycan SSR EA-nın Botanika İnstitutunda kiçik elmi işçi (1987-1988), elmi işçi (1988-1989), böyük elmi işçi (1989-1992), Riyazi modelləşdirmə qrupunun rəhbəri (1989-2000), aparıcı elmi işçi (1992-2002), Bioinformatika laboratoriyasının müdiri (2002-2016), Azərbaycan Tibb Universitetinin professoru (2012-2016) vəzifələrində çalışıb, 2016-ci ildən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bioinformatika laboratoriyasının müdiri, 2018-ci ildən Biofizika İnstitutunda İnteqrativ biologiya laboratoriyasının rəhbəri olub. Hazırda AR ETN Genetik Ehtiyatlar İnstitutunun baş elmi işçisidir.
Alim Sanger Mərkəzində (Birləşmiş Krallıq, 1999), Heliks Tədqiqat İnstitutunda (Yaponiya, 2000-2001), London Universitetinin Royal Hollovey Kollecində (Birləşmiş Krallıq, 2001-2004), COMSATS İnformasiya Texnologiyası İnstitutunda (Pakistan, 2007-2010), Səudiyyə Ərəbistanının Kral Abdulla adına Elm və Texnologiya Universitetində (2015-2016) elmi tədqiqatlar aparıb.
İlham Şahmuradovun elmi fəaliyyəti kompüter analizi vasitəsilə insan/heyvan, bitki və bakteriya genomlarının təşkili, təkamülü və ekspressiyasının tənzimlənməsi mexanizmlərinin araşdırılması, yeni bioinformatik analiz vasitələrinin yaradılması ilə bağlıdır. Alimin rəhbərliyi və bilavasitə iştirakı ilə insan/heyvan, bitki və bakteriya genomlarında transkripsiyanın start saytlarının və tənzimləyici elementlərinin, ilkin mRNT-nin poliadenilləşmə saytlarının axtarışı üzrə yüksək dəqiqliyi (86-95%) ilə fərqlənən bir sıra bioinformatik analiz vasitələri - PromH, PromHP, TSSP-TCM, BTSSfinder, TSSPlant, TSShm, POLYAR, Pparf, nsite, nsiteM və nsiteH kompüter proqramları, bitkilərin RNT polimeraza II promotorları üzrə PlantProm məlumat bazası yaradılıb.
İlham Şahmuradov 70-dən çox elmi məqalənin (“Nucleic Acids Research” (İF-11,5), “Bioinformatics” (5,5), “Plant Molecular Biology” (3,5), “BMC Genomics” (3,7) və digər nüfuzlu elmi jurnallarda olmaqla) müəllifidir. O, bir sıra beynəlxalq və yerli qrant layihələrinin (Pakistan, 2007-2009; Pakistan - Azərbaycan - Birləşmiş Krallıq, 2008-2010; Ukrayna Elm və Texnologiyalar Mərkəzi, 2018-2020; AR Prezidenti yanında Elmin İnkişafı Fondu, 2011-2012) rəhbəri, Bioinformatika üzrə beynəlxalq konfransın (2008, Bakı ş.) təşkilatçısı, bir sıra beynəlxalq elmi konfrans və simpoziumların təşkilat komitəsinin üzvü olub.
Alim uzun illərdir ki, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə də məşğuldur.
İlham Şahmuradov Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının və institutun nəzdində fəaliyyət göstərən Dissertasiya müdafiəsi şurasının üzvü, AMEA-nın “Həyat Elmləri və Biotibb” jurnalının redaksiya heyətinin üzvü, Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin baş katibi, Avropa Biotexnologiya üzrə Tematik Şəbəkə Assosiasiyasının Azərbaycan üzrə koordinatorudur.
İlham Şahmuradov 2015-ci ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunub.
