top of page

Azərbaycanın qədim şəhərini tapan, “xalq düşməni” adı ilə həbs olunan alim

  • setm63
  • 12 окт.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Ələsgər Kazım oğlu Ələkbərov


ree

Ələsgər Kazım oğlu Ələkbərov 1895-ci ildə Bakı şəhərində, xırda sənətkar ailəsində anadan olmuşdur. Uşaq yaşlarında ata-anasını itirir. Əvvəlcə mollaxanada, sonra Bakı rus-tatar məktəbində, 1906-1914-cü illərdə isə Bakı real məktəbinin pansionunda təhsil alır. 1914-cü ildə Kiyev Ticarət İnstitutuna daxil olur, lakin xəstəliyi səbəbindən orada təhsilini başa vura bilmir.


Sonralar təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix və lisanə (filologiya) fakültəsinin Şərq şöbəsində davam etdirir. 1926-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Universitetdə oxuyarkən V.V.Bartold, N.Y.Marr və İ.Meşaninov kimi görkəmli şərqşünas alimlərin mühazirələrini dinləmiş, sonuncunun rəhbərlik etdiyi etnoqrafik və arxeoloji ekspedisiyalarda iştirak etmişdir.


1927-ci ildən isə özü ekspedisiyalara rəhbərlik edir (1928-ci ildə Gəncədə, 1931-ci ildə Qarabağda, 1935-1937-ci illərdə Naxçıvanda). Örənqala qazıntılarının (V–XIII əsrlərdə mövcud olmuş qədim Azərbaycan şəhəri. Beyləqan şəhərindən 15 km. şimal-qərbdə yerləşir.) ilk təşkilatçılarından və tədqiqatçılarından biri olur, qazıntıların nəticələri sonralar onun “Örənqala qazıntıları” adlı məqaləsində geniş şərh edilmişdir. Azərbaycan arxeologiyasında Küp qəbirləri mədəniyyətinin öyrənilməsi işi Ələsgər Ələkbərovun adı ilə bağlıdır; o, bu mövzuda 2-ci Beynəlxalq İran incəsənəti konqresində (Moskva, 1935) çıxış etmişdir.


O dövrlərdə Azərbaycanda bir çox muzeylərin yaradılmasında, müxtəlif sərgilərin təşkilində, bir sıra konfrans və əlamətdar günlərin keçirilməsində Ələsgər Ələkbərovun az və ya çox dərəcədə xidməti vardı. O, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda məsul katibin köməkçisi, 1926–1928-ci illərdə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində mərkəzi şuranın katibi, 1927-ci ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutundakı Yafətideoloji dərnəyin üzvü, orada paleontologiya, magiya və din məsələləri mövzusunda mühazirələrlə çıxış edirdi, 1929-cu ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun elmi əməkdaşı, 1931-ci ildən arxeologiya şöbəsinin, 1933-cü ildən isə SSRİ EA Azərbaycan filialının Tarix, arxeologiya və etnoqrafiya institutundakı Maddi mədəniyyət tarixi bölməsinin rəhbəri olmuşdur.


Azərbaycanın ilk etnoqrafik xəritəsinin (xəritəyə 5 mindən çox yaşayış yerinin adı salınmışdır) tərtibçisi idi. Moskvada çıxan “Sovetskaya etnoqrafiya” jurnalı redaksiya heyətinin üzvü olmuşdur.


O, Azərbaycan xalq teatrına dair materiallar da toplayırdı, yazdığı “Azərbaycanda kukla teatrı və oyunlar” məqaləsi, onu həm də folklorşünas kimi tanıdır.


1934-cü ildə Şərqin böyük şairi və mütəfəkkiri Firdovsinin 1000 illiyi münasibətilə Bakıda keçirilən geniş tədbirlərin təşkilində yaxından iştirak etmişdir. 1935-ci ildə Ə.Ələsgərzadə Azərbaycan ərazisində keçirilən bir çox etnoqrafik ekspedisiyasına həvəslə qoşulan rus rəssamı İvan Şeblıkinlə birlikdə islamqədərki inancları öyrənmək məqsədilə Qubanın Digah, Yerfi, Zizik kəndlərində etnoqrafik tədqiqatlar apararaq yerli pirlər haqqında maraqlı elmi məlumatlar toplamışdı. Azərbaycanlı etnoqrafın ölkəmizin bir sıra bölgərərində aparılan etnoqrafik ekspedisiyalar zamanı əldə etdiyi zəngin material “Azərbaycan arxeologiya və etnoqrafiyasına dair tədqiqatlar” adlı məqalələr məcmusunda əksini tapmışdır.


1936-cı ildə namizədlik dissertasiyası müdafiə etmədən etnoqrafiya bölməsi üzrə ictimai elmlər namizədi elmi dərəcəsi almışdır.


1937-ci ildə Ə.Ələkbərova SSRİ EA-nın Azərbaycan filialının tarix, dil və ədəbiyyat institutunda “Maddi mədəniyyət bölməsi”nə başçılıq etmək həvalə olunmuşdur. Lakin fitri istedadlı alim yaradıcılığının ən məhsuldar çağında sevimli işindən zorla uzaqlaşdırılmışdır. Respublikamızın özündə və onun sərhədlərdən kənarda da böyük alimə qarşı iftiralar, təqiblər başlamışdı.


Ələsgər Ələkbərov 1937-ci il dekabrın 30-da, “xalq düşməni” adı ilə həbs edildi və cəmi bir il sonra, 1938-ci ildə həbsxanada dünyasını dəyişdi.


1960-cı ildə, Azərbaycan SSR EA-sı Ələsgər Ələkbərovun məqalələrini kitab şəklində çap etdirdi.

 
 
Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page