top of page

Azərbaycanın ilk qadın xarici işlər naziri

  • setm63
  • 27 янв.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Tahirə Əkbər qızı Tahirova

Tahirə Əkbər qızı Tahirova 1913-cü il noyabr ayının 7-də Rusiya imperiyasının Zakaspiysk vilayətinin (indiki Türkmənistan) Mərv qəzasında, Bayramalı kəndində ziyalı ailəsində anadan olmuşdur. Ailəsi Şuşa şəhərinin məşhur əsilzadə ailələrindən olan Tahirovlar nəslindəndir.


1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmiş və bununla da neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis olmuşdur. Türk, ingilis və rus dillərini bilirdi.


Əmək fəaliyyətinə 1936-cı ildən elmi işçi kimi başlamış, daha sonra 1940-cı ildə Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışdığı 1942-ci ildən etibarən İkinci Dünya müharibəsi illərində cəbhənin fasiləsiz neft təchizatına cavabdeh idi. 1949-cu ildə isə partiya işindən Azərbaycan Sənaye İnstitutunun “Neft yataqlarının istismarı kafedrası”nda elmi-pedaqoji fəaliyyətinə qayıdaraq, 1953-cü ildə texniki elmlər namizədi dərəcəsini alır. 1959-cu ildə SSRİ XİN-in Diplomatik Akademiyasını bitirir.


1954-1957-ci illərdə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri, 1957-1959-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Elm-Texnika Komitəsinin sədri, Azərbaycan SSR Nazirlər Soveti Dövlət Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsinin sədri, 1959-1983-cü illərdə Azərbaycan SSR xarici işlər naziri və paralel olaraq, 1963-1968-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmişdir.


1968-ci ilədək olan dövrdə o, SSRİ-nin müttəfiq respublikalarında (BMT-də öz nümayəndəlikləri olan Ukrayna SSR və Belorusiya SSR istisna olmaqla) mövcud olmuş qaydaya əsasən, xarici işlər nazirinin vəzifəsini digər vəzifələrlə yanaşı icra etmişdi. Lakin Tahirovanın səyləri nəticəsində Azərbaycan Ukrayna və Belorusiyadan sonra ilk müttəfiq respublika oldu ki, bu vəzifə o biri nazir vəzifələri kimi ayrıca vəzifə şəklində icra olunmağa başladı. Beləliklə, 1968-ci ildə öz xahişi ilə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsindən azad olunaraq bütün gücünü diplomatik fəaliyyətə həsr etmişdir. 


Tahirə Tahirova 1980-1988-ci illərdə baş vermiş İran-İraq müharibəsi zamanı SSRİ-nin sülh üçün vasitəçilik edən komandasının da üzvü olmuşdur. O, nazir işlədiyi müddətdə Azərbaycan diplomatlarının SSRİ-nin səfirliklərində işləməsinə, Diplomatik Akademiyada oxumalarına diqqət yetirmişdir.


Bundan əlavə, o, Sovet hökumət və parlament nümayəndə heyətlərinin üzvü olaraq BMT Baş Assambleyasının iclaslarında iştirak edərək, eləcə də, Azərbaycan SSR-ə səfər edən yüksək səviyyəli qonaqların qəbul olunmasında iştirak etmişdir.


SSRİ Ali Sovetinin 4-cü çağırış, Azərbaycan SSR Ali Sovetinin 3, 5, 7-ci çağırışlarının deputatı olmuşdur.


1976-cı ildə Tahirə Tahirova diplomatik fəaliyyətdə xüsusi xidmətlərinə görə SSRİ Xarici İşlər Nazirliyinin təqdimatı ilə “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuşdur. Bundan başqa, “Qırmızı əmək bayrağı” ordeni, “Lenin” ordeni, “Şərəf nişanı” ordeni ilə mükafatlandırılmışdır.


1983-cü ildə təqaüdə çıxmış, 1991-ci il oktyabrın 26-da vəfat etmiş və II Fəxri Xiyabanda dəfn edilmişdir.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page