Azərbaycanın ilk qadın vəkillərindən Pəri xanım Topçubaşova
- setm63
- 13 июл.
- 3 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Pəri xanım Topçubaşova

Pəri xanım Topçubaşova 1873-cü ildə Zərdab rayonunda görkəmli maarifçi Həsən bəy Zərdabinin ailəsində dünyaya göz açıb. Dörd uşaqlı ailənin ilk övladı olan Pəri xanımı atası oxutmaq, ona yaxşı təhsil vermək arzusunda idi. Ancaq dövrə hakim olan ağır şərait, gerilik onun bu vəziyyətinin qarşısına kəskin şəkildə çıxarırdı. Həsən bəy Zərdabi 1878-ci ildə Bakı realnı məktəbdəki müəllimlik vəzifəsindən azad edilir və iki il işsiz qalan Həsən bəy 1880-ci ildə ailəsi ilə birlikdə doğma kəndinə, Zərdaba köçür. Bu zaman onun boyük qızı Pərinin 7 yaşı var idi. Ailənin maddi vəziyyətinin ağır olmasına baxmayaraq, Həsən bəy qızını oxutmaq arzusundan əl çəkmir. O, qızını Tiflisə aparır və vaxtı ilə Hənifə xanımın təhsil aldığı rus qız gimnaziyasına qoyur.
Tiflis mətbəəsi və ziyalıları ilə əlaqə saxlayan Həsən bəy tez-tez gimnaziyaya gəlir, onun dərsləri ilə maraqlanırdı. Pəri xanım həm təhsili, həm də tam ədəb-ərkanı ilə müəllimlərinin hörmətini, sevgisini qazanır. Belə ki, Tiflisdə rus qız gimnaziyasında ilk təhsil alan azərbaycanlı qız Pəri xanım oldu.
Pəri xanım daha sonra Peterburqa gedir və 1889-cu ildə Peterburq Universitetinin Hüquq fakültəsini əla qiymətlərlə başa vurur. Tiflisdə, Bakıda məhkəmə köməkçisi, dairə məhkəməsinin katibi, vəkil və s. işlərdə işləyir. Təbii ki, bir azərbaycanlı qadınının nümayəndəsinin hüquq sahəsində çalışması o dövr üçün çox böyük nailiyyət idi.
Pəri xanım hələ Tiflisdə rus-qız gimnaziyasında oxuyarkən təhsilə, yeniliyə olan marağı ilə yanaşı, Şərq qadınlarına xas gözəlliyi, saflığı, sadəliyi ilə də görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən olan Əlimərdan bəy Topçubaşovun diqqətini cəlb edib. Aralarında səmimi bir dostluq yaranır və bu dostluq sonralar ülvü məhəbbətə, sədaqətli ömür-gün yoldaşlığına çevrilir. Deyilənlərə görə, onların bu səmimi münasibəti gimnaziyada vaxtilə Hənifə xanımın, sonralar isə Pəri xanımın müəllimi olan Mariya xanımın diqqətindən yayınmır. O, Həsən bəyə məktub yazaraq bu məsələni açır və Əlimərdan bəyin onun qızına layiq olduğunu bildirir. Həsən bəy Mariya xanımın məktubundan sonra böyük oğlu Midhətlə birgə Tiflisə gəlir, Əlimərdan bəylə tanış olur. Ədəb-ərkanlı, savadlı bu gənc Həsən bəyin də ürəyincə olur.
Beləliklə, Əlimərdan bəy Həsən bəylə Hənifə xanımın razılığını aldıqdan sonra onlar Tiflisdə Pəri xanımla ailə həyatı qururlar.
1896-cı ildə Həsən bəy Zərdabdan ailəsi ilə birlikdə Bakıya köçür. Deyilənlərə görə onu Bakıya Hacı Zeynalabdin Tağıyev dəvət edir və ailəsi ilə birlikdə yaşaması üçün şərait də yaradır. Həsən bəy Bakıya gələndə şəhərdə inkişaf, canlanma hiss olunurdu. Buna görə də Həsən bəy ziyalıları başına toplamaq, mübarizə aparmaq, elmi təbliğ etmək fikri ilə ilk olaraq öz qızını və kürəkənini Bakıya dəvət edir. Elə həmin il ailə Həsən bəyin və Hənifə xanımın təklifi ilə Tiflisdən Bakıya köçür. Həsən bəylə Əlimərdan bəy arasında səmimi əqidə, məslək dostluğu yaranır. Həsən bəy hələ Zərdabda olarkən Əlimərdan bəyin redaktoru olduğu “Kaspi” ilə əməkdaşlıq edir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında əvəzsiz xidmətləri olmuş, fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərilmiş, müstəqil Azərbaycanın ilk parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşov 1919-cu ildə Paris sülh konfransına yola düşərkən ailəsini də özü ilə birlikdə aparır. Bu, Topçubaşovlar ailəsinin vətəndən ömürlük gedişi olur. İllərlə vətən həsrəti ilə qürbətdə vətənin azadlığı uğrunda mübarizə aparan Əlimərdan bəyə Pəri xanım hər tərəfli dəstək olur. Hər ikisi yüksək hüquq təhsili almışdılar. Deyilənlərə görə, çox vaxt sənədlərin hazırlanmasında da Pəri xanım ona yardım edirmiş.
1895-ci ildə Əlimərdan bəy Topçubaşov Hənifə xanıma yazdığı məktublarından birində Pəri xanımı “xilaskar mələyi” adlandırırdı. İllər keçdi və Pəri xanım ömrünün sonunacan Əlimərdan bəyin hərtərəfli xilaskarı oldu.
Fransada mühacirətdə olan Pəri xanım 1947-ci ildə orada dünyasını dəyişib, Paris yaxınlığında Sen-Klu məzarlığında, vəfalı həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun yanında dəfn olunub.
