Azərbaycanın ilk proqramçısı hesab olunan görkəmli alim
- setm63
- 27 окт.
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Ramin Əlinazim oğlu Mahmudzadə

Ramin Əlinazim oğlu Mahmudzadə 1935-ci il avqustun 31-də Bakı şəhərində görkəmli ədəbiyyatçı Əli Nazimin ailəsində dünyaya gəlib. 1953-cü ildə orta məktəbi Ukraynada bitirmişdir. 1953-cü ildə Dnepropetrovsk Dağ-Mədən İnstitununa daxil olub. O, 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika riyaziyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə isə təhsilini Leninqrad Dövlət Universitetində davam etdirmiş, 1961-ci ildə oranı bitirmişdir.
1961-ci ildən 1968-ci ilədək Azərbaycan Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsində asisent işləmişdir. 1968-1973-cü illərdə Azərbaycan SSR EA Nəzəri Kimya Problemləri İnstitutunda şöbə müdiri olmuşdur. 1973-cü ildə Bakı Dövlət Universitetinə qayıtmış, Tətbiqi-riyaziyyat və kibernetika fakültəsində dərs demişdir. Əvvəlcə baş müəllim, namizədlik dissertasiyasını müdafiə etdikdən sonra dosent, kafedra müdiri vəzifəsində işləmişdir.
XX əsrin ikinci yarısından yeni yaranan kompüter elmləri (informatika) Azərbaycanda da sürətlə öyrənilməyə və inkişaf etdirilməyə başladı. Ramin Mahmudzadə bu istiqamətin ölkəmizdə inkişaf etdirilməsində ən böyük rol oynayan insanlardan biridir. Onu Azərbaycanın ilk proqramçısı adlandırmaq olar.
1970-ci illərin əvvəllərində respublikada ilk dəfə ilk olaraq 164, sonra 134 saylı orta məktəblərdə proqramçı siniflərinin banisi olmuşdur. İnformatikanın məktəb təhsilinə daxil edilməsində, bu sahədə dərsliklərin və metodik vəsaitlərin hazırlanmasında aparıcı rol oynayıb. 1980-ci illərdə kompüterlərin məktəblərə gətirilməsi təşəbbüslərində, proqramlaşdırma kurslarının təşkili və müəllimlərin hazırlanmasında onun adı həmişə ön sıralarda olub. Azərbaycanda “İnformatika” üzrə ilk tədris proqramlarının hazırlanmasında bilavasitə iştirak edərək bu fənnin kütləviləşməsinə nail olub.
O, kompüter elmlərini dərindən başa düşən, onu ürəkdən sevən, çox böyük həvəslə öyrənən və onu öz tələbələrinə böyük qayğıkeşliklə öyrədən alim olmuşdur. Ramin Mahmudzadə kompüter elmlərinin inkişaf dinamikasını tutur, yenilikləri birinci öyrənib digər müəllimlərə də öyrənməyi tövsiyə edərdi. Paskal, C, C++ , Java, CA, Python, və s. proqramlaşdırma dillərini böyük həvəslə Azərbaycan gənclərinə öyrətmişdir.
1989-cu ildə Respublikada məktəblərdə kompüterlərin tətbiqi ilə bağlı Ümumittifaq Pilot Layihəsinin başçısı olmuşdur. Respublika üzrə məktəblərarası informatika olimpiadalarının demək olar ki, hamısında jüri sədri olmuşdur. 1989-cu ildən respublikanın informatika üzrə Ümumittifaq olimpiada komandasının rəhbəri, 1994-cü ildən Beynəlxalq olimpiada komandasının rəhbəri olmuşdur. 1999-cu ildən Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları Təhsildə Metodiki Şurasının sədri olmuşdur.
Ölkədə və dünyanın bir sıra ölkələrində olan bir çox İT şirkətlərdə, banklarda, Tətbiqi riyaziyyat və İqtisadi Kibernetika ixtisası üzrə təhsil almış, Ramin Mahmudzadə məktəbini keçmiş kadrlar işləyirlər.
Hal-hazırda Azərbaycanın ali və orta məktəblərində onun yazdığı və hazırladığı kitablarla dərs keçilir. Ramin Mahmudzadə ümumtəhsil məktəblərinin 1-11-ci sinifləri üçün “İnformatika” dərsliklərinin, “Məktəblilərin informatika olimpiadaları” (2015) və “C++ dilində proqramlaşdırmanın əsasları” (2020) kitablarının həmmüəllifidir.
Elm və təhsilə verdiyi xidmətlərə görə 2005-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2019-cu ildə ona “Əməkdar müəllim” fəxri adı verilib.
Sadələyinə görə onu dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə müqayisə edirlər. Həm Lütfi Zadə, həm də Mahmudzadə öz ömürlərini kompüter elmlərinin inkişaf etdirilməsinə və öyrənilməsinə sərf etmişlər. Lütfi Zadə 97, Mahmudzadə isə 87 yaşında vəfat etmişdir. Lütfi Zadə çox sevdiyi həyat yoldaşı Fey xanımın ölümündən sonra heç bir il keçməmiş dünyasını dəyişdi. Mahmudzadə də çox sevdiyi həyat yoldaşı Şəfiqə xanımın ölümündən heç bir il ötməmiş vəfat etdi. Hər iki azərbaycanlı alim peşəsini, öz elm sahəsini həddən artıq sevirdi. Hər ikisinin soyadı Zadə sözü ilə bitir, hər ikisi elmdə, təhsildə insanların qəlbində dərin izlər qoyaraq dünyanı tərk etdi.
Alim 9 avqust 2022-ci ildə vəfat etmişdir.
