top of page

Azərbaycanın görkəmli şərqşünası və generalı

  • setm63
  • 15 июл.
  • 3 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Məhəmməd Sadıq bəy İsmayıl oğlu Ağabəyzadə

ree

Məhəmməd Sadıq bəy İsmayıl oğlu Ağabəyzadə 1865-ci ildə Göyçayda anadan olmuş, orta təhsilini Bakıda realnı məktəbdə almışdır. 1882-ci ildə realnı məktəbi bitirən M.S.Ağabəyzadə sonradan təhsilini Peterburq Hərbi-Piyada və Artilleriya məktəbində davam etdirir. Hərbi Nazirliyin Baş qərargahının Şərq dilləri üzrə kursunu qiyabi oxuyaraq və 1886-ci ildə bu məktəbini bitirən Sadıq bəy Ağabəyzadə həmin ildə Mixaylovski artilleriya məktəbinin üçüncü kursuna dinləyici kimi daxil olur. Elmə, biliyə, savadlanmağa böyük marağı olan M.S.Ağabəyzadə aldığı təhsillərlə kifayətlənməyərək, biliyini daha da təkmilləşdirmək üçün təcrübə keçməyin vacib olduğunu anlayır.


O, bir zabit kimi xidməti fəaliyyətə başlamağı məqsədəuyğun sayaraq, əvvəl Rusiya ordusunun Qafqazdakı artilleriya bölmələrində, sonra isə Türkistan və Zakaspi vilayətinin hərbi hissələrində xidmət etməyə başlayır. Podporuçik rütbəsi alan S.Ağabəyzadə 1899-1913-cü illərdə Türkistan (Türkmənistan) diyarının Aşqabad qarnizonunda hərbi xidmət göstərmişdir. S.Ağabəyzadə Sankt Peterburqda Şərq dilləri İnstitutunu bitirir. Hərtərəfli biliyə, intellektual səviyyəyə və təhsilə malik olan Məhəmməd Sadıq bəy Ağabəyzadə sonralar Şərq dillərindən dərs də deyir. Yəni, fars, ərəb, türk dilləri (müasir və qədim osmanlı dilləri), ərəb qrammatikası, islamşünaslıq üzrə fənlərdən, müsəlman paleqrafiyası və epiqrafiyası fənlərini də tədris etmişdir.


Ağabəyzadə “Türkmenskiy dialekt” kitabının müəllifi olub. Bu kitaba görə Buxara əmiri onu xüsusi mükafatla təltif edibdir.


1913-cü ildə M.S.Ağabəyzadəyə general-mayor rütbəsi verilir. General-mayor rütbəsini alan Sadıq bəy təqaüdə çıxaraq Göyçaya valideynlərinin yanına gəlir və orada yaşamağa başlayır. O, bir müddət Göyçayda yaşadıqdan sonra orada məktəb açmaq fikrinə düşür. Hazırlıq ərəfəsində qəflətən rus-alman müharibəsinin başlanması Sadıq bəyin arzusunu yarımçıq qoyur. Sadıq bəy 1914-cü ildə təkrar orduya çağrılır, hərbi andına sadiq qalaraq müharibəyə gedir və Qafqaz döyüşlərində iştirak edir. 1916-ci ildə Ukrayna cəbhəsinə yollanan Sadıq bəy bu müharibə bitdikdən sonra doğma eli Göyçaya qayıdır. Dörd il ordu da xidmət etdikdən sonra 1918-ci ildə yenidən Göyçaya qayıdan Sadıq bəy təqaüddə olduğu illərini valideynlərinin yanında keçirmək istəyir.


S.Ağabəyzadə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər orqanlarının təşkil edilməsində fəallıq nümayiş etdirir və ölkə daxilində nizam-intizam, qayda-qanun yaradılmasında, daxili işlər orqanları strukturunun formalaşdırılmasında, kabinetin fəaliyyətinin təşkilində yaxından iştirak edir. Azərbaycanda hökumət quruldudan sonra o, bu hökumətin daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilir və bu vəzifəni 1918-ci ilin 23 oktyabrından 1919-cu ilin dekabr ayına qədər icra edir. Orqanlarda çalışdığı az müddət ərzində o, polis işçi rütbələrinin təsnifat sistemini işləyib hazırlayıb. Sadıq bəy Ağabəyzadə 1919-cu ilin oktyabrın əvvəllərində yeni hökumətin tapşırığı ilə Batumi şəhərində ABŞ prezidentinin şəxsi nümayəndəsi Ceyms Xarbotu qarşılayır. Bakıda H.Z.Tağıyevin qonağı olan Xarbot onun şərəfinə təşkil olunmuş ziyafətdə Sadıq bəyin şəninə xüsusi tost söyləmiş və Sadıq bəyi yüksək intellektual xüsusiyyətə malik bir insan kimi dəyərləndirmişdir.


1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti süqut etdikdən və bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra Ağabəyzadə Turkiyəyə mühacirət edir və bir müddət İstanbulda yaşayır. O, İstanbulda əmisi oğlu Əlibəy Hüseynzadə ilə görüşür. Sadıq bəy 1921-ci ildə Fransaya köçərək orada yaşayır, iki il Sorbon şəhərində fars və türk dillərindən (Şərq dilləri) dərs deməyə başlayır. Alim Parisdə yaşadığı illərdə sevimli həyat yoldaşı Gülya xanımı itirir və onu Parisin müsəlman qəbristanlığında dəfn etdirdikdən sonra orada qalmaq istəmir.


1927-ci ilin fevralında Ziqmunt Smoqjevskinin dəvəti ilə Ukraynanın Lvov Universitetinə Şərq dilləri fakültəsinə professor kimi dəvər edilir. Lvov şəhərinə köçən M.S.Ağabəyzadə Lvov Universitetində 17 il işləyir. O, əvvəl Lvov Universitetində Fəlsəfə fakültəsində işləyir, az sonra isə Lvov ali ticarət məktəbində türk, fars və ərəb dillərindən dərs deyir və eyni zamanda da polyak və ukrayna dillərini öyrənir.


Sadıq bəy Ağabəyzadə Ziqmunt Smoqjevski, V.Kotviçlə birlikdə şərqşünaslıq məktəbinin təşkil edilməsində bilavasitə yaxından iştirak edir. Bu məktəb sonralar Lvovsko-Peterburqskiy adlandırılır. Sadıq bəy Ağabəyzadənin Ukraynada şərqşünaslıq elminin inkişafında xüsusi xidməti olub. Böyük elmi yaradıcılığı olan Sadıq bəy Ağabəyzadə polyak dilində özünün bir türk dili dərsliyini, 1932-ci ildə elementar ərəb dili qramatikasını (fonetika və morfologiya) dərsliyini nəşr etdirmişdir.


Ukraynada böyük nüfuza sahib olan Sadıq bəy Ağabəyzadə Böyük Vətən Müharibəsi zamanında alman-faşist işğalçıları tərəfindən sıxışdırılir. Hörmətli alimi evindən çıxararaq heç bir şəraiti olmayan zirzəmi tipli evdə yerləşdirirlər. Yaşının ahıl çağında soyuqlayan Sadıq bəy ağır xəstələnir və 9 oktyabr 1944-cü ildə Lvov şəhəri alman işğalçılarından azad edildikdən sonra o, gözlərini əbədi olaraq həyata yumur.


Lvov şəhərində dəfn olunan Sadıq bəy Ağazadənin məzarı hal-hazırda həmin şəhərin Liçakovski qəbristanlığındadır

 
 
Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page