top of page

Azərbaycanın bitki ehtiyatlarının qorunmasında müstəsna xidmətləri olmuş alim

  • setm63
  • 8 янв.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir. Bu alimlər sırasında müxtəlif millətlərin nümayəndələri də var ki, həmin alimlər ölkəmizdə elmin inkişafına öz sanballı töhfələrini vermişlər.


Qrossheym Aleksandr Alfonsoviç

Qrossheym Aleksandr Alfonsoviç 1888-ci il martın 6-da Yekaterinoslavski quber­niya­sının Verxnednepetrovsk qəzasının Lixovka kəndində anadan olmuşdur. Moskva Dövlət Universitetinin Təbiət fakültəsinin biologiya bölməsini bitirmişdir (1912).


A.A.Qrossheym 1935-ci ildə SSRİ Elm­lər Akademiyasında biologiya elmləri doktoru elmi dərəcəsini çap olunmuş elmi əsərlərinin əsasında, dissertasiya müdafiə etmədən almış­dır, SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1939), Аzərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), SSRİ EA-nın həqiqi üzvü (1946) seçilmişdir.


A.A.Qrossheym 1913-1926-cı illərdə Tiflis Botanika bağında botanik-florist kimi çalışmışdır. 1917-ci ildə Tiflis Politexnik İnstitunun Botanika kafed­rasında assistent və dosent vəzifələrində işləmişdir. Qafqaz florası və bitki örtü­yünün tədqiqinə böyük töhfə vermiş görkəmli botanik, akademik A.A.Qros­sheym 1927-ci ildə Bakıya dəvət edilmiş və elmi-pedaqoji fəa­liyyətə başlamışdır. Azərbaycan Universitetinin dosenti (1927-1929), profes­soru (1929), Azər­baycan Pedaqoji İnstitutunun Botanika kafedrasının müdiri (1930-1934), Azərbaycan Dövlət Uni­versitetinin Ali bitkilərin sistematikası və morfologiyası kafedrasının müdiri (1934-1947) olmuşdur.


1936-cı ildə Bakıda Botanika Bağının, 1936-1947-ci illər­də Botanika İnstitutunun direk­toru olmuşdur. O, 1946-1948-ci illərdə SSRİ EA V.L.Komarov adına Bota­nika İsti­tutunun Qafqaz herbarisi sektoruna, 1947-1948-ci illərdə Leninqrad Dövlət Universitetinin Bitki sistematikası və morfolo­giyası kafedrasına rəhbərlik etmişdir.


A.A.Qrossheym Qafqazın, o cümlədən Azərbaycanın bitki ehtiyatları, bitki­çi­liyi və florası üzrə geniş tədqiqat işləri aparmışdır. Onun təşəbbüsü ilə res­publikada qoruqlar, xüsusilə də Lənkəran və Muğan qoruqları, həmçinin Her­bari fondu yaradılmış və herbari kolleksiyasının saxlanma metodikası və struk­turu işlənib hazırlanmışdır. O, Qafqazda elmə məlum olmayan 200-dən çox yeni bitki növünü təsvir etmişdir.


A.A.Qrossheym çoxsaylı monoqrafiya və kitabların, həmçinin 200-dən çox elmi əsərin müəllifidir. Akademikin elmə verdiyi ən böyük töhfə 8 cildli “Флора Кавказа” (1928-1967), SSRİ-də ilk dəfə olaraq respublika­nın öz ana dilində ya­zılmış “Azərbaycan Florası”, “Анализ флоры Кавказа” (1936); “Раститель­ные ресурсы Кавказа” (1946), “Определитель расте­ний Кавказа” (1949), “Расти­тель­ные богатства Кавказа” (1952), “Расти­тельный покров Кав­ка­за” (1948) və s. kitablarıdır.


A.A.Qrossheym botaniki-coğrafi işlərinə görə Rusiya Coğrafiya Cə­miy­yəti­nin qızıl medalı ilə (1932), “Qırmızı Əmək Bayrağı” ordeni, "Qaf­qazın müda­fiəsi", “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində rəşa­dətli əməyə görə” medalları ilə təltif edilmişdir. SSRİ Elmlər Akademiyasının V.L.Komarov adına mükafatına, SSRİ-nin Stalin mükafatına layiq görül­müşdür (1948). 1934-1938-ci illərdə Bakı Sovetinin deputatı olmuşdur.


Akademik Aleksandr Qrossheym 4 dekabr 1948-ci ildə Leninqrad şəhərində vəfat etmişdir.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page