top of page

Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm xidmətləri olan alim

  • setm63
  • 4 апр.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Abdullayev İlyas Kərim oğlu

Abdullayev İlyas Kərim oğlu 23 mart 1913-cü ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində dünyaya gəlmişdir. 1921-1926-cı illərdə Ağstafa beşillik dəmiryolu məktəbində oxuyub. 1926-1930-cu illərdə isə Zaqatala kənd təsərrüfatı texnikumunda təhsilini davam etdirib. 1934-cü ildə Azərbaycan Kənd Təssərüfatı İnstitutunu bitirmiş və eyni zamanda 1932-1934-cü illərdə “İpəkçilik” kafedrasında laborant işləmişdir.


1939-cu ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1955-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 1956-cı ildən ömrü­nün sonuna qədər Genetika və Seleksiya İnstitutunun (indiki Genetik Ehtiyat­lar İns­ti­tutu) Çoxillik bitkilərin genetikası və seleksi­yası şöbəsinə rəhb­ərlik etmişdir.


İ.Abdullayev “Azərbaycan SSR-də meyvəçiliyin, üzümçülüyün və tutçulu­ğun inkişafı haqda” tədbirlərin hazırlanması üzrə Respublika komissiyasının sədri (1957), “Azərbaycan SSR-in Atlası”nın hazırlanması və nəşri üzrə Azər­baycan SSR EA komissiyası sədri (1958), SSR Baş sərgi komitəsinin üzvü və Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin Azərbaycan Respublika komitə­sinin sədri (1948-1958) olmuşdur.


İ.Abdullayev Genetika və Seleksiya İnstitutu Elmi Şurasının üzvü (1959), Azərbaycan Sovet Ensiklopediyası Elmi Redaksiya Şurasının üzvü və Azər­bay­can SSR EA Genetika və Seleksiya üzrə Problem Şurasının üzvü (1963), Azər­baycan Genetiklər və Seleksiyaçılar Cəmiyyətinin Prezidenti, N.İ.Vavilov adına Ümumittifaq Genetiklər və Seleksiyaçılar Cəmiyyəti Rəyasət Heyətinin üzvü, Azərbaycan SSR EA Biologiya elmləri bölməsi akademik-katibinin müa­vini (1967), biologiya elmləri üzrə Birləşmiş Şuranın üzvü, Azərbaycan SSR EA Əlaqələndirmə Şurasının üzvü və Genetika, Seleksiya və toxumçuluq ixtisası üzrə Müdafiə Şurasının üzvü olmuşdur (1969).


Genetiklərin və seleksiyaçıların qurultaylarının nümayəndəsi (1966, 1971, 1976, 1981), həmin cəmiyyətin qurultaylarının təşkilat komitəsinin sədri, “Tutun eksperimental poliploidiyası” üzrə Ümumittifaq simpoziumla­rının səd­ri olmuşdur. Azərbaycan SSR kənd təsərrüfatı naziri (1950-1954), Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1954-1958), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1958-1959), SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1958–1962) vəzifələrində çalışmış, 1959-cu ildən ömrünün sonunadək elmi fəaliyyətlə məşğul olmuşdur.


Alim 8 kitab və 6 monoqrafiyanın, 200-ə yaxın elmi məqalənin müəllifidir. Onun elmi yaradıcılığı genetik sitologiya və seleksiyanın bir çox problemləri­nin həllinə həsr olunmuşdur. Morus cinsinin poliploid sırasının yaradılması alimin ən böyük elmi nailiyyətlərindən biri hesab olunur. İ.K.Abdullayevin apardığı tədqiqatlar nəticəsində “Zərif” tut, “Sıxgöz” tut, “Azəri” tut, “Xanlar” tut və s. kimi tut sortları yaradılmışdır.


İ.Abdullayev yüksək ixtisaslı kadrların hazırlanması işinə böyük əmək sərf etmişdir. Onun elmi rəhbərliyi altında 10-dan çox namizədlik disserta­siyası müdafiə edilmişdir.


SSRİ EA-nın akademiki Nikolay Dubinin onun fəaliyyətini belə qiymətləndirmişdir: “Akademik İ.K.Abdullayevin işləri, genetika, sitologiya, və seleksiya ittifaqının ən gözəl nümunələrindən biridir. Onun əməyi, genetika və eksperimental poliploidiya metodları ilə bir çox seleksionerlərə bitkilərin təbiətini dəyişdirilməsi işlərində yol göstərir”.


Akademik İ.Abdullayevin xidmətləri dövlət tərəfindən yüksək qiymət­ləndirilmiş, “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı”, SSRİ medalları və SSRİ XTNS-nin qızıl medalları ilə təltif edilmişdir.


Akademik Abdullayev İlyas Kərim oğlu 30 aprel 1985-ci ildə Bakıda vəfat etmişdir.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page