Azərbaycanda kardiologiyanın banisi
- setm63
- 3 апр.
- 3 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Abdullayev Cahangir Məmməd oğlu

Abdullayev Cahangir Məmməd oğlu 1901-ci ilin may ayının 1-də Gəncə şəhərində usta ailəsində anadan olmuşdur. Hələ uşaq yaşlarından nadir qavrama və çox çevik düşünmə qabiliyyətinə malik olan Cahangir 1920-ci ildə Gəncədə klassik gimnaziyanı, 1925-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tibb fakültəsini müvəffəqiyyətlə bitirmişdir.
Tibb fakültəsini yüksək göstəricilərlə bitirmiş gənc Cahangir 1926-cı ildə təhsilini davam etdirmək üçün Leninqrad şəhərinə, tanınmış terapevt, kardioloq, akademik G.Lanqın rəhbərlik etdiyi məhşur klinikaya göndərilir. Leninqrad şəhərində C.Abdullayev G.Lanqın rəhbərliyi altında 1932-ci ilə qədər işləmiş, elmi biliklərə, klinik erudisiyaya və ən yeni əməli vərdişlərə yiyələnmişdir. Leninqradda olduğu illərdə C.Abdullayevin ürək-damar sistemi xəstəlikləri zamanı orqanizmdə fizioloji və patoloji şəraitdə baş verən dəyişiklikləri çox ətraflı və dərinliklə öyrənməsi, onun gələcəkdə qüdrətli bir alim olacağından xəbər verirdi.
1932-ci ildə C.Abdullayev Azərbaycana qayıdır və Tibb İnstitutunun hospital terapiyası kafedrasına dosent vəzifəsinə seçilir. A.N.Semaşko adına 1 saylı klinik xəstəxanada yerləşən Azərbaycan Tibb İnstitutunun 1920-ci ildən fəaliyyət göstərən hospital terapiya kafedrasında o vaxtın məhşun professorlarından şayılan A.Levin, P.Mezernitski, N.Afonski ilə birlikdə respublikamız üçün yüksəkixtisaslı həkim kadrların hazırlanmasında, müvafiq dövrün tələblərindən irəli gələn elmi- tədqidat işlərinin və rasional müalicə-profelaktika tədbirlərinin həyata keçirilməsində, çox fəal iştirak etmişdir. C.Abdullayevin kafedraya gəlməsi ilə o zamanlar ölkədə geniş yayılmış infeksiya mənşəli xəstəliklər və xüsusilə də malyariya üzrə elmi-tədqiqat işləri, kurortologiya, alimentar distrofiya, qanyaradıcı sistemi və qan dövranı patologiyası, revmatizm, mədə-bağırsaq traktına aid problem məsələləri əhatə edən tədbirlərin həyata keçirilməsində böyük canlanma yaranmışdı. O, 1936-cı ildə “Malyariyalı xəstələrdə ürək-qan damar sistemi patologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Bundan sonra hospital terapiyası kafedrasının professoru, 1942-ci ildən isə həmin kafedranın müdiri vəzifəsinə seçilir.
Azərbaycanda kardiologiyanın təşkili və inkişafı ardıcıl tədqiqatçı və novator alim, tibb sahəsində dünya ədəbiyyatından aldığı geniş informasiyaya istinad edən müdrik insan C.Abdullayevin adı ilə bağlıdır. Akademik C.Abdullayev respublikamızda ilk dəfə elektrokardioqrafiyadan istifadə etmiş və özü həkimlərin təcrübə işlərinə qoşulmuşdur. O, ürək-qan damar sistemi xəstəliklərinin etiologiyasına, patogenezinə, klinika və müalicəsinə, profilaktik tədbirlərin işlənib hazırlanmasına, hemokoaqulyasiya və hemodinamika məsələlərinə, quruda və dənizdə neftin çıxarılması işinin tibbi problemlərinə, əhalinin kardioloji yardımla təminatına və təxirəsalınmaz kardioloji yardımın təşkilinə daim xüsusi diqqət yetirmişdir.
C.Abdullayev elmi-tədqiqatlarını əsasən üç istiqamətdə aparmışdır: ürək-damar sisteminin patologiyası; yerli patologiya; neftdə olan sulu karbonların neft emalı sənayesi işçilərinin ürək-damar sisteminə təsiri. 1928-ci ildə artıq ürək dərmanlarının (di- gitalis, strofantin) koronar qan dövranına təsirini araşdırmaq məqsədilə klinik və eksperimental tədqiqatlar aparılmağa başlanmışdır. Dərin biliyə, çox geniş erudisiyaya və tükənməz enerjiyə malik olması, ona Azərbaycan və rus dillərində ondan çox dərslik, monoqrafiya yazmağa imkan verilmişdir. Müəllifin “Ürək-qan damar sistemi xəstəliklərinin diaqnostikası”, “Kardiologiya məsələləri”, “Daxili xəstəliklər”, “Qan dövranı və qan sisteminin patoloji məsələləri”, “Ateroskleroz və hipertoniya xəstəlikləri” kimi çox dərin məzmunlu kitabları tibb elminə verdiyi əhəmiyyətli töhfələrdir.
İkinci dünya müharibəsi zamanı C.Abdullayev Semaşko adına klinik xəstəxananın rəhbəri olmaqla yanaşı, həmin dövrdə bu xəstəxanada yerləşmiş 3687 saylı hərbi evakohospitalı da idarə etmişdir.
Akademik C.Abdullayev Azərbaycan Tibb İnstitutundakı intensiv elmi və pedaqoji fəaliyyətindən başqa, xeyli müddət ərzində Elmi-Tədqiqat Qanköçürmə İnstitutunun klinik bölməsinə də yüksək səviyyədə rəhbərlik etmişdir. Onun tarixi xidmətlərindən biri də odur ki, 1960-cı ildən Bakıda Elmi-Tədqiqat Eksperimental Klinik İnstitutunun nəzdində klinik kardiologiya bölməsinin yaradıcısı olmuşdur. Məhz burada böyük alimin rəhbərliyi altında yüksək ixtisaslı həkim-kardioloqlar hazırlanırdı.
C.Abdullayev respublikadan xaricdə tanınan kardioloqlar məktəbinin yaranmasında xüsusi xidmətlərə malikdir. Onun rəhbərliyi altında 46 elmlər namizədi, 14 elmlər doktoru hazırlanmışdır.
1930-cu ildə Azərbaycan Tibb Cəmiyyəti (ATC) yaradılmışdır. 1964-cü ildə isə müstəqil olaraq respublikada Azərbaycan Terapevtlər Cəmiyyəti təşkil olunmuşdur. Cahangir Abdullayev əvvəl Tibbi Cəmiyyətinin, sonralar isə Terapevtlər Cəmiyyətinin ilk sədri seçilmişdir. O, “Azərbaycan Tibb Jurnalı”nın redaksiya şurasının, SSRİ Kardiologiya Cəmiyyətinin, Beynəlxalq Terapevtlər və Hematoloqları Assosiasiyasının üzvü, Böyük Tibb Ensiklopediyasının kardiologiya bölməsi üzrə redaktoru kimi çox məhsuldar elmi fəaliyyət göstərmişdir.
1959-cu ildə C.Abdullayev Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1969-cu ildə isə həqiqi üzvü seçilmişdir.
C.Abdullayev Əməkdar elm xadimi fəxri adına layiq görülmüş (1940), “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutuna onun adı verilmişdir. Azərbaycan Tibb Universitetində “Akademik C.Abdullayev” adına təsis edilən təqaüd təhsildə fərqlənən əlaçı tələbələrə təqdim olunmuşdur.
C.Abdullayev 4 yanvar 1973-cü ildə Bakıda vəfat etmişdir. Azərbaycanda kardiologiyanın banisi kimi onun əziz xatirəsi Elmi-Tədqiqat Kardiologiya İnstitutuna adının verilməsi ilə əbədiləşdirilmişdir.