top of page

Azərbaycanda heyvandar­lıq sahəsi üzrə ilk elmlər doktoru

  • setm63
  • 9 сент.
  • 3 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Firuz Əli oğlu Məlikov

ree

Firuz Əli oğlu Məlikov 1902-ci il yanvarın 7-də Salyan rayonunun Kürqaraqaşlı kəndində, müəllim ailəsində anadan olmuşdur. 7 yaşında ikən Salyandakı iki sinifli ibtidai məktəbə gedir. 1913-cü ildə oranı, 1921-ci ildə orta məktəbi bitirir. Atasını erkən itirən Firuz özlərinə məxsus torpaq sahəsində çalışmaqla anası Xeyransa xanıma kömək edir. Sonra Səlyan Qəza İnqilab Komitəsində, Səlyan Əmək Məktəbində dərs deməklə evlərinin dolanışığını təmin etməyə çalışır. O, anasının vəfatından sonra, 1921-ci ildə Bakıya gəlir. 1927-ci ilə qədər Bakı Ali Partiya Məktəbində Bakı şəhər fəhlə fakültəsinin Qaraşəhər şöbəsində, axşamlar isə Əli Bayramov adına klubda təşkil edilmiş kurslarda dərs deyir.


1921-ci ildə Azərbay­can Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tibb fakültəsinə daxil olmuş, lakin burada təhsilini yarım­çıq qoyub, sənədlərini Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakül­təsinə vermiş, 1927-ci ildə ali məktəbi bitirmişdir.


1930-31-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, Azərbaycan Zoobaytarlıq İnstitutunun elm və təhsil üzrə direktor müavini, həmin institut Kənd Təsərrrüfatı İnstitutu ilə birləşdirildikdən sonra dekan, 1941-44-cü illərdə həmin institutun elm, təhsil işləri üzrə rektor müavini, 1944-1949-cu illərdə Azərbaycan Respublikası Heyvandarlıq Təcrübə Stansiyasının direktoru, 1951-ci ildən də Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.


1935-ci ilin oktyabr ayında SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə ona pro­fessor adı verilmişdir. Firuz Məlikov 1945-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasına seçilən ilk həqiqi üzvlərdən, akademiklərdən biri olub. Əməkdar elm xadimi F.Məlikov Azərbaycanda heyvandar­lıq sahəsi üzrə ilk elmlər doktoru olmuşdur. O, 1948-ci ildə “Azərbaycanda Qara­gülçülük” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.


F.Ə.Məlikov 1948-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiya­sına Azərbaycandan ilk həqiqi üzv seçilmişdir.


1947-ci ildə akademik F.Məlikovun rəhbərliyi altında aparılan elmi tədqiqat işlərinin nəticəsi olaraq zərif yunlu “Azərbaycan dağ merinosu” cinsi yaradılmış, ona görə də 1947-ci ildə bütün yaradıcı qrupa SSRİ Dövlət mükafatı verilmişdir. Akademik F.Məlikovun elmi rəhbərliyi ilə iri buynuzlu heyvanların yeni cinsləri də yaradılmışdır. 1959-cu ildə təsdiq edilən həmin heyvan Qafqaz qonur malı adlan­dırılmışdır.


1958-ci ildə alim Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının pre­zidenti vəzifəsində işləmişdir. Bu nəhəng elm ocağını o, inkişaf etdirərək nəinki Zaqaf­qaziyada, bütövlükdə keçmiş İttifaqda tanıtdırır. Akademiyanın inkişafı Azər­bay­canda kənd təsərrüfatı elminin tərəqqisinə böyük təkan vermişdir. Belə ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan 6 elmi tədqiqat insti­tutu, 20-ə yaxın təcrübə stansiyaları və dayaq məntəqələri fəaliyyət göstərməyə başlamışdır.


Akademik F.Məlikov onlarla elmlər namizədi, elmlər doktoru yetişdirmişdir. O, Kənd Təsərrüfatı İnstitutunda prorektor, kafedra müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Dövlət Universitetində isə Genetika kafedrasında professor idi. Öm­rü­nün son dövründə, 1962-1965 illərdə Azərbaycan Dövlət Universite­tində Genetika və davrinizim kafedrasının professoru işləmişdir.


Rusiyada, Misirdə, İngiltərədə və başqa ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda, simpoziumlarda mühazirələrlə dünya elmi ictimaiyyətinin böyük hörmətini qazanmışdır. O, 250-dən çox fundamental elmi əsərin müəllifidir. Bun­ların arasında dərsliklər, dərs vəsaitləri, elmi-kütləvi əsərlər vardır. Firuz Məlikov ilk fundamental əsəri "Heyvandarlıq (Zootexnika)" kitabı ilə Azərbaycanda heyvandarlıq elminin bünövrəsini qoymuşdur.


Akademik F.Məlikov 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçil­miş­dir. Elmi-pedaqoji və ictimai fəaliyyətinə, dövləti, xalqı qarşısında göstərdiyi xidmətlərə görə Firuz Məlikov 1941-ci ildə "Əməkdar elm xadimi" fəxri adına, 1943-cü ildə "Qırmızı əmək bayrağı" ordeninə, 1944-cü ildə "Qafqazın müdafiəsinə görə", 1945-ci ildə "1941-1945-ci illərdəki Böyük Vətən müharibəsinə görə", 1946-cı ildə "Lenin ordeni"nə, 1949-cu ildə "Qırmızı Əmək Bayrağı ordeni"nə, eləcə də Ümumittifaq Kənd Təsərüffatı Sərgisinin qızıl və gümüş medallarına layiq görülüb.


Azərbaycan Elmi Tədqiqat Heyvan­darlıq İnstitutu 1979-cu ildən onun adını daşıyır. Gəncə şəhərində akademik Firuz Məlikovun yaşadı­ğı küçəyə onun adı verilmişdir.


Akademik Firuz Məlikov 1965-ci il noyabrın 12-də Bakıda vəfat etmişdir. 

 

 
 
Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page